Həmin gün Şuşa başqa görkəmdə idi...

 

 

1989-cu ildə keçirilən “Xarı bülbül” festivalının iştirakçısı xatırlayır

 

Ötən əsrin 80-ci illərinin sonlarında, Qarabağın işğaldan əvvəlki xoş növraqlı dövründə əsası qoyulan “Xarı bülbülmusiqi festivalı mədəniyyət tariximizdə əlamətdar hadisə idi.

 

“Xarı bülbül” festivalı ilk dəfə 1989-cu ilin mayında keçmiş SSRİ miqyasında reallaşan III Ümumittifaq festivalı çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü, Həmkarlar İttifaqı Şurası və Bəstəkarlar İttifaqının iştirakı ilə keçirilib. Festival Ağdamın Abdal Gülablı kəndindən başlayıb, Şuşada davam etdirilibAğdamda yekun konsertlə başa çatıb.

 

Şuşada keçirilən tədbirdə meydan tamaşası estetikasının bütün elementləri ifadə olunmuşdu. Cıdır yarışı, pəhləvanlar və kəndirbazların iştirakı ilə səhnələr nümayiş etdirilirdi. Xalqımızın 7 əsas muğamının adı ilə çadırlar qurulmuş və həmin çadırlarda musiqiçilər əyləşmişdi. Üçmıx dağının sinəsindəki min bir dərdin dərmanı rəngbərəng çiçəklər, öz qeyri-adi görünüşü və gözəlliyi ilə insanı məftun edən xarı bülbül gülü əl-əl gəzərək ilk dəfə görənləri heyrətləndirirdi...

 

“Xarı bülbül” festivalının iştirakçılarından olmuş şair-publisist, Əməkdar müəllim Əyyub Şırlanlı həmin günləri belə xatırlayır: “1989-cu il mayın 21-də Şuşa başqa görkəmdə idi. Cıdır düzündə Şuşa və şuşalılar xoşbəxt günlərini yaşayırdılar. Qarabağın tacı hər ilməsində tarix çözələnən xalçalarla bəzədilmiş, şəhərin ən görkəmli yerlərinə xarı bülbülün emblemi çəkilmiş pannolar asılmışdı.

 

Festivala Qazaxıstan, Türkmənistan, Başqırdıstan, Moskva, Baltikyanı respublikalar, Ukrayna, habelə Dərbənd (Dağıstan) və Borçalıdan (Gürcüstan), ölkəmizin şəhər və rayonlarından – Bakı, Naxçıvan, Şamaxı, Şəki, Füzuli və Cəbrayıldan musiqiçi və xanəndələr, şairlər, sənətkarlar və pəhləvanlar gəlmişdi. Tədbirə təşrif gətirən qonaqlar Şuşadakı Şərq Musiqi Alətləri Fabrikinin ustalarının düzəltdikləri tar, kamança, saz, qaval, ud, nağara və digər musiqi alətləri ilə yanaşı, öz mahir sənətkarlığı ilə tanınan şəbəkə ustası Rafiq Allahverdiyevin düzəltdiyi şəbəkə nümunələrinə heyranlıqla tamaşa edirdilər.

 

Cıdır düzündə Azərbaycanın məşhur pəhləvanı mərhum Qaçay Hüseynov və oğlanları Təvəkkül, Allahverdi, qız nəvəsi 10 yaşlı Rəşadın çıxışları, xüsusilə pəhləvanın arxası üstə uzanaraq sinəsinin üstündən yük yerində 30-40 nəfər olan “Qaz-53” markalı maşını keçirməsi zamanı alqış səsləri ətrafı bürüdü.

 

Yeddi rəngdə düzəldilmiş çadırlar qədim oğuz-türk fatehlərinin çadırlarını xatırladırdı. Cıdır düzündə bir-birindən 30-40 metr aralı qurulmuş çadırların qapısının üstündə ifa ediləcək muğamın adı yazılmışdı. Qazax, türkmən və başqırd musiqiçiləri yerə döşənmiş xalı və gəbələrin üstündə bardaş qurmuşdular.

 

Festival dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranın səslənişi ilə başlandı. Əvvəlcə RusiyaUkraynadan gələn qonaqlar Şuşanın gözəlliyi qarşısında heyranlıqlarını dönə-dönə dilə gətirdilər. Xalq artisti, mərhum professor Vasif Adıgözəlovun çıxışı iştirakçılarda xoş təsir yaratdı. Xalq artisti Sara Qədimova “Qarabağ şikəstəsi” muğamını ifa etdi.

 

Segah” çadırında Naxçıvandan gələn musiqiçilər – tarda Elman Əliyev və kamançada Nazim Hüseynovun müşayiəti ilə xanəndə Hünər Əliyevin ifasında səslənən muğam tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.

 

Şur” çadırında Şəkidən gələn musiqiçilər milli geyimdə çıxış etdilər. Xanəndə Əbülfəz Nəcəfovun tarzən Əbdülrəşid Məmmədov və kaman ifaçısı Fərrux Məmmədovun müşayiəti ilə oxuduğu muğam alqışlara səbəb oldu.

 

Şamaxılılar “Rast”, füzulililər “Şüştər”, Cəbrayıldan gələnlər “Bayatı-Şiraz” çadırında idilər. Onları ifa etdikləri musiqi nömrələri ilə çox böyük marağa səbəb oldular. “Çahargah” çadırında qərar tutan Bakı Muğam Teatrının nümayəndələri – tarda Mirxalid Salayev, kamançada Zahid Rzayevin müşayiəti ilə xanəndə Mehman Səmədovun “Göstər ey gül üzünü, bülbüli-şeyda gülsün” misraları ilə başlanan qəzəllə oxuduğu muğam hamını ovsunlamışdı.

 

Şuşalıların ansamblına Əməkdar incəsənət xadimi Eldar Əliyev rəhbərlik edirdi, konsertmeyster Rəsul İsmayılov idi. Muğam və mahnı ifaçısı Mehdi Mehdiyev, qarmontar ifaçısı mərhum Tapdıq Zeynalov, tarzənlər mərhum Nadir Abbasov, Gülağa Zeynalovİntiqam Abbasov, nağarada Natiq İbrahimov, kamançada Mərkəz Əliyev, sazda Əli Baxşəliyev öz məharətlərini göstərdilər. Xanəndələrdən İsa Rəhimov “Qarabağ şikəstəsi” və “Heyratı”, Gülnar Tağıyeva “Qatar”, Hafiz Sədirzadə “Şur”, Hüseyn Məşədiyev “Mənsuriyyə” muğamlarını məharətlə ifa etdilər.

 

Bu möhtəşəm tədbirdə mən mərhum tarzən Gülağa Zeynalovun ifa etdiyiZabul” segahın sədaları altında Şuşa haqqında yazdığım iki şeiri oxudum”.

 

Mədəniyyət.- 2021.- 23 aprel.- S.4.