Gənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Qurbanəliyev vəfat edib

 

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, istedadlı səhnə ustası Ələsgər Novruzəli oğlu Qurbanəliyev aprelin 21-də, 73 yaşında vəfat edib.

 

23 mart 1948-ci ildə Bakının Qobu qəsəbəsində doğulan Ələsgər Qurbanəliyev uşaqlıqdan teatr sənətinə maraq göstərib, dərnəklərdə, xalq teatrlarında çıxış edib.

 

1971-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dramkino aktyorluğu fakültəsini bitirib. Peşəkar səhnədə ilk addımlarını Sumqayıt Dövlət Dram Teatrında atıb. 1979-cu ildən ömrünü Gənc Tamaşaçılar Teatrına bağlayan aktyor bu səhnədə bir-birindən maraqlı obrazlar yaradıb. Onun oynadığı müxtəlif səpkili rollar arasında Məşədi Yarməmməd  (“Danabaş kəndinin məktəbi”, Cəlil Məmmədquluzadə), Nəcəf  (“Sabah çoxdan başlanıb”, Rəhman Əlizadə), Komendant  (“Şəhidlər”, Bəxtiyar Vahabzadə), Polis (“Pul dəlisi”, Əhməd Orucoğlu), Şah (“Nəsrəddin”, Yusif Əzimzadə), Kələntər (“Ölüm hökmü”, Elçin), Şeyx Əbülləhyə (“Şeyx Sənan”) və s. qeyd etmək olar.

 

Aktyorun yaradıcılıq tərcümeyi-halında “Yaşa, qızıl balıq” (1988), “Nakəs” (1991) və “Dolu” (2012) filmləri, həmçinin son illərdə oynadığı bir sıra teleseriallar da var.

 

Allah rəhmət eləsin.

 

 

Mədəniyyət.- 2021.- 23 aprel.- S.6.