“Sözsüz” bu dəfə
“Vahid ərazi”də uğur
qazanıb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyanın Vladimir şəhərində keçirilən “Teatr. Vahid ərazi” Beynəlxalq onlayn teatr festivalında iştirak edib.
Teatr festivalda irland yazıçısı Semuel Bekketin “Sözsüz” əsəri əsasında eyniadlı monotamaşa ilə təmsil olunub. Əməkdar artist Şövqi Hüseynovun çıxış etdiyi səhnə əsərinin quruluşçu rejissoru İsa Əsədovdur. Dinamika, mim və mürəkkəb fiziki elementlər əsasında qurulmuş səhnə əsəri, eləcə də Şövqi Hüseynovun peşəkar ifası festival iştirakçılarının böyük marağına səbəb olub. Aktyor festivalın laureatı adına layiq görülüb.
Əsər özünün şanslarını əldən verdikdən sonra bütün varlığı ilə ona çatmaq üçün çapalayan, min bir əziyyətə qatlaşan insanın maddi və mənəvi problemlərindən bəhs edir.
Beynəlxalq Teatr Festivalları İttifaqı və Vladimir Akademik Dram Teatrı tərəfindən təşkil edilən festivalda Rusiya, Polşa, Bolqarıstan, İsrail, Monqolustan, Ukrayna, Moldova, ABŞ, İspaniya, Qazaxıstan, Estoniya və Serbiyadan 20-dən artıq tamaşa təqdim edilib.
Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrının “Sözsüz” tamaşası indiyədək bir sıra beynəlxalq festivallarda qalib olub.
LALƏ
Mədəniyyət.- 2021.- 30
aprel.- S.5.