“İslam irsimizi tanıyaq”
Mədəniyyət Nazirliyi müqəddəs Ramazan ayında “İslam irsimizi tanıyaq” layihəsinə start verib. Layihə çərçivəsində İslam mədəniyyəti abidələri (İslam memarlığının nümunələri olan məscidlər, türbələr, xanəgahlar, karvansaralar və s.) barədə qısa videoçarxların hazırlanması, nazirliyin rəsmi saytı, sosial media hesabları və kütləvi informasiya vasitələrində yayımlanması nəzərdə tutulur.
Layihə çərçivəsində hazırlanan ilk videoçarx Gəncə şəhərindəki İmamzadə ziyarətgah kompleksinə həsr olunub.
İmamzadə ziyarətgahı Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşir. Kompleksin içərisində xalq arasında “Göy günbəz”, “Göy məscid”, yaxud “Göy İmam” kimi tanınan türbə yerləşir. Türbədə İslamın şiə məzhəbinin beşinci imamı Məhəmməd Bağırın oğlu İbrahim dəfn olunub.
Müxtəlif vaxtlarda dağıntılara məruz qalan İmamzadə ziyarətgahı 1946-cı ildən İmamzadə piri kimi fəaliyyət göstərib. Sonrakı vaxtlarda, xüsusilə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə tarixi abidə kimi burada təmir-bərpa işləri aparılıb. Eyni zamanda bu, sovet dövründə rəsmi dövlət qeydiyyatından keçmiş yeganə ziyarətgah olub. Dini abidə həm də Gəncə şəhərinin İslam aləmindəki yerini və nüfuzunun bir göstəricisidir.
Ölkənin dini-tarixi abidələrinin yenidən qurulması və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyev bu kompleksə də xüsusi diqqət göstərib. Dövlət başçısının müvafiq sərəncamları ilə 2010-2015-ci illərdə burada təmir-bərpa işləri aparılıb, insanların inam və inanc yeri kimi üz tutduğu məbəd gözəl görkəm alıb.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən ötən ilin noyabr ayında “Xristian irsimizi tanıyaq” layihəsi təqdim edilib və layihənin birinci mərhələsi artıq başa çatıb. Layihə çərçivəsində Azərbaycan ərazisində xristian dininə aid olan və dövlət tərəfindən qorunan məbədlər, kilsələr və ibadətgahlara dair qısa videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunub.
Mədəniyyət.- 2021.- 30
aprel.- S.1;5.