Tarixi abidələr sərvətimizdir

 

Dövlətimiz tarixi mədəni irsin qorunması və təbliğini diqqətdə saxlayır. Bu istiqamətdə müvafiq fərman və sərəncamlar imzalanıb, son illərdə bir neçə qoruq yaradılıb. 2019-cu ilin yanvarında dövlət başçısının sərəncamı ilə Şabran şəhərində yerləşən “Çıraqqala” abidəsinin bərpa-konservasiyası üçün vəsait ayrılıb. Hazırda bərpa-konservasiya işləri davam etdirilir.

 

Abidələr təkcə dövlətə deyil, həm də xalqa məxsusdur. Onların qorunmasında hər kəs səy göstərməlidir. Əgər hansısa bir kənddə, qəsəbədə abidə varsa, ona, sadəcə, qədim tikili kimi yox, milli sərvətimiz kimi yanaşmalıyıq.

 

Bu işdə biz qoruq işçilərinin üzərinə böyük məsuliyyət düşür. Biz daim insanlarla ünsiyyətdə olmalı, məktəblərdə şagirdlərə təbliğat aparmalıyıq. Bununla mədəni sərvətlərin qorunmasına öz töhfəmizi verməliyik. “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu olaraq bu sahədə təbliğat məqsədilə müxtəlif tədbirlər təşkil edirik. Belə tədbirlərdən biri 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə keçirildi. “Zoom” platforması üzərindən gerçəkləşən tədbirdə qoruq əməkdaşları ilə yanaşı, Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev də çıxış edərək  abidələrimiz və tarixi yerlərimiz barədə öz fikirlərini bildirdilər.

 

Hər il olduğu kimi, bu il də ənənəmizə sadiq qalaraq “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğuna aid olan Şabran tarixi abidəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “açıq qapı” elan etdik. Şabran Rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi Musa Hüseynov, Xaçmaz Regional Turizmİnformasiya Mərkəzinin direktoru Vasif Əhmədov və əməkdaşları “açıq qapı” tədbirinə qatıldılar.

 

“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Rüfət Nuriyev çıxış edərək əlamətdar günlə bağlı məlumat verdi. Daha sonra müəssisə və təşkilatlardan gələn qonaqlar qoruğun fondunda saxlanılan eksponatlarla yaxından tanış oldular.

 

Günel PİRQULİYEVA

“Çıraqqala-Şabran” qoruğunun əməkdaşı

 

Mədəniyyət.- 2021.- 30 aprel.- S.5.