Vətən elə sən özünsən...

 

 

Hər bir oğul bir qəhrəmandır, deyirlər. Şəhidlərimiz də bir evin övladı kimi dünyaya gəlirlər. Yaşadıqları qısa ömürdə tariximizdə elə şərəfli iz qoyurlar ki, bir elin övladı kimi dünyadan köçərək yaddaşlara əbədi həkk olunurlar. Şəhidimiz İlqar Əhmədov kimi.

 

Əhmədov İlqar Xəqani oğlu 1999-cu ildə Kürdəmir rayonunun İsmayıllı kəndində anadan olub. Böyük Kəngərli kənd şəhid Habil İsmayılov adına tam orta məktəbdə təhsil alıb. 2018-ci ildə hərbi xidmətə çağırılıb. Vətən qarşısında borcunu layiqincə yerinə yetirib.

 

İkinci Qarabağ müharibəsi zamanı oktyabrın 4-də döyüşlərə qatılır. Füzuli rayonu istiqamətində döyüşlərdə iştirak edir. Uzun müddət İlqardan xəbər tutmaq mümkün olmur. Noyabrın 20-də onun şəhid olması ilə bağlı xəbər verilir.

 

22 il ömür sürdü qəhrəman şəhidimiz. Amma bu qısa ömür elə şərəfli oldu ki... İlqarın ad günü idi. Bu ad günü ilk dəfə idi ki, İlqarsız keçirilirdi. Anası Validə xanım oğlunun ad gününə yenə də tort bişirtdirmişdi. Amma bu dəfə tortun üzərində üçrəngli bayrağımız əks olunmuşdu. Çox ağrılı bir mənzərə idi. Axı İlqarın arzusu idi bütöv Azərbaycanın üzərində bu möhtəşəm bayrağımız qürurla dalğalansın. Ana isə oğlunun arzuladığı, amma görə bilmədiyi bu gerçəkliyi sanki bu torta həkk etdirməklə təsəlli tapmağa çalışırdı. Bu mənzərəni tək görmək yox, yazmaq da insana ürəkağrısı verir.

 

Sonra qəhrəman şəhidimizin məzarı ziyarət olundu. Dövlət bayrağımız və gül-çiçəklə bəzədilmiş bu məzar gülüstanı xatırladırdı. Şəkildən boylanan İlqar isə gülümsəyərək hər kəsə sevinclə canını verdiyi Vətəninin Qələbə müjdəsində imzası olduğu üçün sanki qürurlandığını göstərirdi.

 

Şəhidlik müqəddəs mərtəbədir. Təsadüfi deyil ki, Vətən yolunda canını fəda edənlərə “şəhadətin mübarək” deyirlər, çox zaman.

 

Vətən elə sən özünsən, ölməz şəhidimiz.

 

Məryəm ƏLİYEVA

Kürdəmir rayon MKS-nin baş biblioqrafı

 

Mədəniyyət.- 2021.- 30 aprel.- S.6.