Musiqi ilə yaşanan ömür

 

Musiqinin gözəlliyini, ecazkarlığını dinləyiciyə çatdırmaq üçün peşəkar ifa əsas şərtdir. Hələ bu ifaçı peşəkar pedaqoq, müəllim olursa, işin məsuliyyəti daha da artır. Öyrətmək öyrənməkdən hər zaman çətin və məsuliyyətlidir. Adil Nəcməddin oğlu Şixəmmədov da məhz belə insanlardan idi. O, qırx ilə yaxın öz yetirmələrinə ifaçılıq sənətinin sirlərini sevə-sevə, həvəslə tədris edib...

 

Adil Şixəmmədov 1955-ci il martın 21-də Quba rayonunun Xucbala kəndində anadan olub. Onun klarnet ifaçılığı sənətinə marağı uşaq yaşlarından yaranıb, bu alətin sehrli səsi onu özünə çəkib. Odur ki, bir qədər gecolsa, bu sahədə mütləq peşəkar təhsil almaq qərarına gəlir.

 

Hərbi xidmətini başa vurduqdan sonra 1976-ci ildə Qusar rayon Uşaq musiqi məktəbinə daxil olur. Tədris proqramını tez zamanda mənimsədiyi üçün 1-ci sinifdən 3-cü sinfə, 3-cü sinifdən 5-ci sinfə keçirilir. 1979-cu ildə məktəbi müvəffəqiyyətlə bitirərək Sumqayıt şəhər Sultan Hacıbəyov adına Orta ixtisas musiqi məktəbinin klarnet üzrə qiyabi şöbəsinə daxil olur.

 

Müəllimlik peşəsindən duyduğu qürur, fəxarət hissi onu 1979-cu ildə Quba rayon Uşaq musiqi məktəbinə gətirir. Uzun illər fəaliyyəti dövründə neçə-neçə gəncin klarnet ifaçısı kimi yetişməsində, həm  sənətdə, həm də həyatda öz yerini tutmasında zəhmətini əsirgəmir. Həm pedaqoji kollektivdə, həm də yetirmələri arasında böyük hörmət sahibi idi. 1991-ci ildə o, Xudat şəhər Uşaq musiqi məktəbinə dəvət alır, ömrünün sonuna qədər bu kollektivdə çalışır.

 

Adil müəllim hər şagirdə fərdi qaydada yanaşırdı. Onlara bu sənətin bütün incəliklərini öyrətməklə bərabər, səhnə mədəniyyəti, ədəb-ərkan kimi xüsusiyyətləri də aşılayırdı. İstedadlı şagirdlərinə xüsusi diqqət yetirirdi.

 

Dərslərini çox səmimi atmosferdə aparan Adil müəllim şagirdlərə milli rəqslərimizi, el havalarımızı, dünya və Azərbaycanın tanınmış bəstəkarlarının əsərlərini şövqlə öyrədirdi. Onunla şagirdləri arasında dərin səmimiyyət hissləri vardı. Adil müəllimin öz şagirdlərinə baxdıqda keçirdiyi qürur, sevinc hisslərini görmək üçün onun dərs keçdiyi məkanda olmaq kifayət edərdi.

 

Adil müəllim 2016-cı  ildə, 60 illik yubileyi münasibətilə və uzunmüddətli, səmərəli pedaqoji fəaliyyətinə görə Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən, 2019-cu ildə isə 65 illik yubileyi münasibətilə YAP Xaçmaz rayon təşkilatı tərəfindən Fəxri fərmanla təltif olunub.

 

Adil Şixəmmədov 1 dekabr 2020-ci il tarixində, 66  yaşında dünyasını dəyişib.

 

O, yüksək mənəvi keyfiyyətlərə malik insan kimi kollektivdə, yaşadığı rayonda nüfuz sahibi idi. Bu gün də şagirdlərinin, sənətdəki yetirmələrinin və doğmalarının xatirəsində yaşayır.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2021.- 30 aprel.- S.4.