Mədəniyyət Nazirliyi
yanında İctimai Şuranın ilk iclası keçirilib
Xəbər verdiyimiz kimi, 13 və 16 iyul tarixlərində keçirilən seçkilərin nəticəsi olaraq Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın tərkibi formalaşıb. İyulun 30-da Azərbaycan Milli Xalça Muzeyində Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib.
İclasda İctimai Şuranın əhəmiyyətindən danışılıb, görüləcək işlər barədə təkliflər dinlənilib.
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə iclası açaraq İctimai Şuraya seçkilərin nəticələri barədə məlumat verib. Bildirib ki, seçkilərin ötən ilin sentyabrında keçirilməsi nəzərdə tutulsa da, Vətən müharibəsinin başlaması səbəbindən bu iş təxirə salınıb. Bu ilin iyul ayında seçkilərin birinci və ikinci turu keçirilib, İctimai Şuranın 9 nəfərdən ibarət tərkibi seçilib.
Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət sayəsində Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti genişlənib, QHT-lər dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevriliblər. Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıran Anar Kərimov yaradılan İctimai Şuranın bu sahədə görəcəyi işlərin əhəmiyyətindən danışıb. O, nazirliklə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, onun fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması kimi məqsədlərin həyata keçirilməsi istiqamətindəki fəaliyyətlərdə İctimai Şura üzvlərinə uğurlar arzulayıb.
Mədəniyyət Nazirliyi sistemində islahatlardan söz açan Anar Kərimov bildirib ki, nazirlik, keçmiş sovetlər birliyində olduğu kimi, müəssisələrin idarə edilməsilə məşğul olmamalı, ümumilikdə bütün sahələrlə işləməlidir: “Biz beynəlxalq standartlara cavab verən bir idarəçilik qurmalıyıq. Burada şəffaflıq təmin olunmalı, dayanıqlı maliyyələşdirmə və iqtisadi modellər tətbiq edilməli, özəl sektor mədəniyyət sahəsinə cəlb olunmalıdır. Müəssisələr rəqabətli bir sistemə keçsələr, dövlətin mədəniyyət strategiyasına töhfə vermiş olarlar”.
Sonra İctimai
Şura üzvlərinin təklifləri
dinlənilib.
Mədəniyyət.- 2021.- 4
avqust.- S.4.