Musiqi ilə dolu beş gün...
XII Qəbələ
Musiqi Festivalı sənətçi və sənətsevərlər
üçün bayram oldu
Azərbaycanın dilbər guşələrindən olan
Qəbələ şəhəri yenidən öz
qapılarını musiqiçilərin və sənətsevərlərin
üzünə açdı. Heydər Əliyev Fondunun dəstəyi
və təşkilatçılığı, Mədəniyyət
Nazirliyi, Təhsil Nazirliyi və Bakı Musiqi
Akademiyasının dəstəyi ilə iyulun 31-də
başlayan XII Qəbələ Musiqi Festivalı avqustun 4-də
başa çatır.
Builki
festival əlamətdar hadisəyə – Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının
(BMA) 100 illik yubileyinə həsr olunub. Ölkə
başçısı İlham Əliyev yubileylə
bağlı 2021-ci il mayın 26-da sərəncam
imzalayıb. Sərəncama uyğun olaraq
müxtəlif tədbirlərin keçirilməsi nəzərdə
tutulub. XII Qəbələ Musiqi
Festivalı da əlamətdar yubileyə həsr olunmuş tədbirlərdən
biridir.
Musiqi
ictimaiyyəti arasında böyük rəğbətlə
qarşılanan Qəbələ Musiqi Festivalının
proqramı bu il də çox zəngindir
və klassik musiqi ilə yanaşı, muğam və xalq
musiqisini də əhatə edir.
İyulun
31-də festivalın rəsmi açılışından
öncə Qəbələ şəhərindəki Heydər
Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə
Ü.Hacıbəyli adına BMA-nın tələbələrinin
iştirakı ilə ilk konsert təqdim olunub. Konsertdə
respublika və beynəlxalq müsabiqələr laureatları
çıxış ediblər. Pianoçular Leyla
Zeynalova, Atabala Manafzadə, Cəmil Sədizadə, Rəşid
Behbudov, Jalə Mayılova, Səbinə Muradova, Gülər
Ağayeva və Fəqan Həsənlinin, violin
ifaçıları Osman Mustafazadə, Zərrin Əliyeva və
Aysel Abdullayevanın, violonçel ifaçısı Orxan
Hüseynovun, həmçinin viola, fleyta, klarnet və truba
ifaçılarının, vokalçılar Nigar Əsgərova
və Sübhan Rüstəmovun ifaları
tamaşaçılar tərəfindən alqışlarla
qarşılanıb.
Konsertdə
S.Raxmaninov, H.Venyavski, A.Messager, A.Skryabin, A.Piazzolla, F.Şopen,
D.Şostakoviç, həmçinin Azərbaycan bəstəkarlarından
Tofiq Quliyev, Fikrət Əmirov və Müslüm Maqomayevin əsərləri
səsləndirilib.
***
Həmin gün axşam “Qafqaz Resort” hotelində
açıq səhnədə XII Qəbələ Musiqi
Festivalının təntənəli açılış mərasimi
olub.
Mərasimdə əvvəlcə ölkəmizdə
musiqi mədəniyyətinin inkişafında və təbliğində
müstəsna xidmətləri olan Birinci vitse-prezident, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival
iştirakçılarına təbrik məktubu oxunub. Məktubda diqqətə
çatdırılır ki, 2009-cu ildən etibarən ənənəvi
olaraq təşkil olunan Qəbələ Beynəlxalq Musiqi
Festivalı mədəni irsimizin zəngin ənənələrinin
qorunub saxlanılması ilə yanaşı, mədəniyyətlərarası
dialoqun möhkəmləndirilməsinə böyük
töhfəsini verən musiqi bayramı kimi ölkəmizin
hüdudlarından kənarda da şöhrət qazanıb.
Təbrik
məktubunda o da vurğulanır ki, koronavirus pandemiyası səbəbi
ilə Qəbələ festivalının keçirilmədiyi
2020-ci il xalqımızın
yaddaşına və tarixinə 44 günlük Vətən
müharibəsi və müzəffər Azərbaycan Ordusunun
şanlı Zəfəri ilə əbədi həkk olundu. 30 ilə yaxın işğal altında olan əzəli
Azərbaycan torpaqları azad olundu və ölkəmizin ərazi
bütövlüyü bərpa edildi. Qarabağın
tacı olan Şuşa şəhərini
ölkəmizin mədəniyyət paytaxtı elan edən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığı əsasında Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə bu ilin may
ayında “Xarıbülbül” musiqi festivalı bərpa
olundu. Əfsanəvi Cıdır düzündə
Azərbaycan musiqisini dinləmək arzusunda olan sənətsevərlərin
uzunillik həsrətinə son qoyuldu.
“Qloballaşan dünyada müxtəlif sivilizasiyalar və
xalqlar arasında mədəniyyətlərarası dialoqun
qurulması və inkişafı dövrümüzün ən
vacib tələblərindən biridir. Beynəlxalq aləmdə
mövcud olan problemlərin, münaqişələrin həll
edilməsində, ayrı-ayrı xalqlar arasında
qarşılıqlı hörmətin təşviqində
dialoq ən gözəl vasitədir. Əsrlər
boyu mədəniyyətlərarası dialoqun inkişafına
öz töhfəsini verən Azərbaycan da tarixən
müxtəlif millətlərin mədəniyyət və incəsənətinin
qarşılıqlı zənginləşməsinə,
xalqlar arasında olan birliyin daha da gücləndirilməsinə
səy göstərib. Bu baxımdan,
artıq illərdir ki, təşkil olunan Qəbələ
Musiqi Festivalının rolunu yüksək qiymətləndirirəm”,
– deyə məktubda bildirilir.
Birinci
vitse-prezidentin təbrik məktubunda builki Qəbələ
festivalının müsəlman Şərqinin yeni tipli ali musiqi təhsili ocağı olan Bakı
Musiqi Akademiyasının 100 illik yubileyinə təsadüf etməsinin
əlamətdar hadisə olduğu da vurğulanır: “Milli
musiqi sənətimizi bütün dünyada uğurla təmsil
edən və yaradıcılığı Azərbaycan
musiqisinin qızıl fonduna daxil olan görkəmli sənətkarların,
tanınmış ifaçıların bir neçə nəsli
məhz Bakı Musiqi Akademiyasının yetirmələridir. Təsadüfi deyil ki, XII Qəbələ Musiqi
Festivalının iştirakçıları da, əsasən,
peşəkar musiqiçi kadrların hazırlanmasına və
klassik musiqi irsimizin öyrənilməsinə xidmət edən
Bakı Musiqi Akademiyasının müəllim və tələbə
heyəti və onun məzunlarıdır”.
Təbrik
məktubu bu sözlərlə bitir: “Əminəm ki,
tamaşaçılara maraqlı və rəngarəng musiqi
proqramı təqdim olunacaq, XII Qəbələ Musiqi
Festivalı hər zaman olduğu kimi qonaqlarımızın
yaddaşında, Azərbaycan musiqi mədəniyyəti
tarixində mənalı səhifələrdən biri kimi
qalacaqdır”.
Qeyd edək
ki, festivalın açılış mərasimində
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor,
multikulturalizm və dini məsələlər şöbəsinin
müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar
Kərimov, təhsil naziri Emin Əmrullayev, Qəbələ
rayonunun icra başçısı Səbuhi Abdullayev, digər
rəsmilər iştirak ediblər.
Mərasimdə çıxış edən təhsil
naziri Emin Əmrullayev festivalın Bakı Musiqi
Akademiyasının yubileyinə həsr olunmasının əhəmiyyətini
diqqətə çatdırıb. Bildirib ki,
Bakı Musiqi Akademiyası 100 illik fəaliyyəti
dövründə Azərbaycanın və dünyanın bir
sıra aparıcı musiqiçilərini, sənət
adamlarını yetişdirib, Azərbaycan musiqi sənətinin
dünya musiqisinə və dünya mədəniyyətinə
inteqrasiyasında mühüm rolu olub.
Üzeyir
Hacıbəyli adına BMA-nın rektoru, Xalq artisti, professor, Qəbələ
Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli
də çıxışında bu yubileyin Azərbaycanın
mədəni həyatında çox böyük hadisə
olduğunu bildirib, festivala uğurlar arzulayıb.
Açılış mərasimindən sonra Müdafiə
Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri konsert
proqramı ilə çıxış edib. Orkestrin bədii
rəhbəri və baş dirijoru Müdafiə Nazirliyinin
Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr Xidmətinin
rəisi, Xalq artisti, general-mayor Yusif Axundzadədir.
Əvvəlcə Azərbaycan Respublikasının
Dövlət Himni və Ü.Hacıbəylinin “Koroğlu”
operasından “üvertüra” səsləndirilib.
Orkestrin rəisi
– Əməkdar incəsənət xadimi, polkovnik-leytenant
Rüfət Axundzadənin və hərbi dirijor baş leytenant
Elnur Qurbanovun dirijorluğu ilə keçən konsertdə
Aynur İsgəndərli (vokal), Arslan Növrəsli (tar), Kənan
Qədimov (vokal), Gülnar Qüdrətli (xanəndə), Namiq
Qurbanov (zurna, balaban) və Anar Hüseynovun (nağara)
ifaları tamaşaçılar tərəfindən
alqışlarla qarşılanıb.
BMA tələbələrinin
festivala töhfəsi
XII Qəbələ
Musiqi Festivalının ikinci günü, avqustun 1-də Heydər
Əliyev Konqres Mərkəzində Üzeyir Hacıbəyli adına BMA-nın tələbələrinin
konserti təqdim olunub. Konsertdə respublika və
beynəlxalq müsabiqələr laureatları
çıxış ediblər.
Prezident təqaüdçüləri
Vüsalə Babayeva (piano), Zərrin Əliyeva (violin), Lalə
İbrahimova (vokal), Kamran Talıblı (fleyta), Leyla Zeynalova
(piano), Emil Əhmədzadə (piano), həmçinin Elxan
Niftiyev, Fuad Əlizadə, Ləman Seyidova, Ceyran İsayeva, Fəqan
Həsənli və digər pianoçuların, klarnet
ifaçısı Məhəmmədəli Paşazadə,
violin ifaçısı Nigar Əsgərova, qoboy
ifaçısı Əziz Pənah, violonçel
ifaçısı Ərol Rzayev, vokalçılar Rza Xosrovzadə
və Mahir Tağızadənin çıxışları
tamaşaçılar tərəfindən alqışlarla
qarşılanıb.
Konsertdə M.Arnold, F.Şopen, M.Moşkovski, R.Şuman,
A.Qrunfeld, N.Rimski-Korsakov, həmçinin Tofiq Quliyev, Niyazi və
digər bəstəkarların əsərləri səsləndirilib.
Bakı
Kamera Orkestrinin konserti
Festivalın ikinci günü axşam saatlarında Heydər
Əliyev Konqres Mərkəzində tamaşaçılara
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin
Bakı Kamera Orkestrinin konserti təqdim olunub.
Orkestrin bədii rəhbəri Xalq artisti Fərhad Bədəlbəyli,
baş dirijoru Əməkdar artist Fuad İbrahimov, dirijoru Cavad
Tağızadədir.
Konsert Vətən müharibəsinin qazisi, respublika və
beynəlxalq müsabiqələr laureatı Vüqar Məmmədzadənin
“Şəhidlərə ithaf” əsərinin ifası ilə
(solist respublika və beynəlxalq müsabiqələr
laureatı, qoboy ifaçısı Əziz Pənah)
başlayıb.
Proqramda
daha sonra Xalq artisti, pianoçu Murad Hüseynovun ifasında
İ.S.Baxın “Konsert re minor (III hissə), tanınmış
vokalçı, kontratenor, Əməkdar artist İlham Nəzərovun
ifasında F.Hendelin “Lasicia chio pianga” və Vasif Adıgözəlovun
“Qərənfil”, Xalq artisti, pianoçu Yeganə Axundovanın
ifasında D.Şostakoviçin “2 saylı Konsert”, həmçinin
orkestrin ifasında Fikrət Əmirovun “Nizami xatirəsinə”,
Fərhad Bədəlbəylinin “Bahar valsı” və başqa əsərlər
səsləndirilib.
Səhnədə
müəllimlərdir
Avqustun
2-də Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə
Ü.Hacıbəyli adına BMA-nın
müəllimlərinin iştirakı ilə konsert proqramı
təqdim olunub.
Konsert Üzeyir Hacıbəylinin “Cəngi” əsərinin
ifası ilə (solist respublika və beynəlxalq müsabiqələr
laureatı, pianoçu Fəqan Həsənli) başlayıb.
Sonra Vətən müharibəsinin qazisi, respublika və
beynəlxalq müsabiqələr laureatı, bəstəkar
Vüqar Məmmədzadənin Nizaminin sözlərinə bəstələdiyi
“Ayüzlü nigarım” mahnısı təqdim olunub. Solist Atəş Qarayevin
ifasını Əməkdar artist İlham Nəcəfzadə
(ney), respublika və beynəlxalq müsabiqələr
laureatları Fəridə Ələkbərli (arfa), Əkbər
Məmmədov (darbuka) və Orxan Hüseynov (violençel)
müşayiət ediblər.
Konsertdə
həmçinin M.Falyanın “İspan rəqsi”,
İ.Bramsın “Laylay”, J.Ramonun “Quşların cəh-cəhi”,
Cövdət Hacıyevin “Ballada” və digər bəstəkarların
əsərləri səsləndirilib. BMA-nın
“Lumineux” vokal ansamblının təqdim etdiyi “Güləbatın”
Azərbaycan xalq mahnısı da tamaşaçıların
ürəyincə olub.
Proqramda
“Clarte” klarnet kvartetinin üzvləri Anar Məmmədov, Emil
Bağırov, Məhəmmədəli Paşazadə və Məmməd
Rəcəblinin ifasında Tofiq Quliyevin “Sən mənimsən,
mən sənin”, Vaqif Mustafazadənin “Yollar” və
İ.Volantenin “American feelinq” əsərləri də yer
alıb.
“Zəfər”
muğam kompozisiyası...
Festivalın üçüncü gününün daha
bir konserti “Zəfər” muğam kompozisiyası” adlı
muğam axşamı olub. Açıq səhnədə
(“Qafqaz Resort” hoteli) tanınmış muğam
ifaçıları tamaşaçılara unudulmaz musiqi
bayramı bəxş ediblər.
Konsertin əvvəlində Nazim Əliverdibəyovun “Muğam”
xoreoqrafik miniatürü təqdim olunub. Xalq artistləri
Rəfiqə Axundova və Maqsud Məmmədovun quruluş
verdiyi xoreoqrafik miniatürü Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının solisti Fatimə Xələfova
və Əməkdar artist Samir Səmədov ifa ediblər.
İfa məşhur balet artisti Rəfiqə
Axundovanın 90 illiyinə həsr olunub.
Sonra Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə
“Qarabağ” muğam ansamblının ifasında “Zəfər”
muğam kompozisiyası” təqdim olunub. Mənsum İbrahimovun,
Əməkdar artist Təyyar Bayramovun, xanəndələr
Gülzar Fərəcova, Günay İmamverdiyeva və gənc
xanəndə Kənan Bayramlının ifaları
alqışlarla qarşılanıb. Onları tarda Xalq artisti
Elçin Həşimov, kamançada Əməkdar artist Elnur
Əhmədov, sintezatorda Ceyhun Qurbanov, nağarada Siyavuş Kərimov
müşayiət ediblər.
Festivalın
proqramına uyğun olaraq, avqustun 3-də
tamaşaçılara Bakı Musiqi Akademiyası müəllimlərinin
və Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestrinin konsertləri təqdim olunub...
BMA müəllimlərinin növbəti konserti
Avqustun 3-də Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə Üzeyir Hacıbəyli adına BMA-nın müəllimlərinin iştirakı ilə növbəti konsert təqdim olunub. Konsertdə Xalq artistləri Murad Adıgözəlzadə (piano), Ülviyyə Hacıbəyova (piano), Elnarə Dadaşova (piano), Gülnaz İsmayılova (vokal), Əvəz Abdulla (vokal), Əməkdar artist Fəridə Məmmədova (vokal), Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyev (piano), beynəlxalq müsabiqələr laureatı Nərmin Nəcəfli (piano) Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.
Proqramda Qara Qarayevin “Yeddi gözəl” baletindən vals, C.Puççininin “Edqar” operasından Frankonun ariyası, Soltan Hacıbəyovun “Adajio”, Əfrasiyab Bədəlbəylinin “Vals”, Ceyhun Allahverdiyevin “Nədəndir?”, İsmayıl Hacıbəyovun “Paqanini mövzusunda variasiyalar”, Fərhad Bədəlbəylinin “Şuşa xatirələri”, Elnarə Dadaşovanın “Laylay” və digər əsərlər səsləndirilib.
XII Qəbələ Musiqi Festivalının son konsert proqramları avqustun 4-də təqdim olunacaq.
Mədəniyyət.- 2021.- 4
avqust.- S.1;3.