Qəmbər Hüseynlinin vəfatının ildönümündə anım tədbiri

 

Gəncədə görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin (1916–1961) vəfatının 60-cı ildönümü münasibətilə anım tədbiri keçirilib.

 

İyulun 31-də keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, bəstəkarın ailə üzvləri və şəhər rəsmiləri iştirak ediblər.

 

Sənətkarın abidəsi önündə təşkil olunan anım mərasimində icra başçısı Niyazi Bayramov çıxış edərək Gəncənin milli mədəniyyət, elm, incəsənət mərkəzi olduğunu deyib, bəstəkarın əldə etdiyi nailiyyətlərdən danışıb, onun xatirəsinin yaşadıldığını vurğulayıb. Şəhər rəhbəri Qəmbər Hüseynlinin məzarının yerləşdiyi ərazinin əsaslı şəkildə təmir olunacağını da diqqətə çatdırıb.

 

Bəstəkarın ailə üzvləri Qəmbər Hüseynlinin yaradıcılığına göstərilən diqqətə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və şəhər rəhbərliyinə təşəkkürlərini bildirib, sənətkar haqqında xatirələrini bölüşüblər.

 

Tədbirin bədii hissəsində Gəncə Dövlət Filarmoniyası Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova bəstəkarın sevilən əsərlərindən “Ay işığında” və “İlk məhəbbətim” mahnılarını səsləndiriblər.

 

Mədəniyyət.- 2021.- 4 avqust.- S.5.