Şəhid manqa komandiri
Vətənə məhəbbət, torpağa bağlılıq lap uşaq yaşlarında Kamran Ceyhun oğlu Səmədovun qəlbində özünə yer etmişdi. Elə bu saf və ülvi dəyərlərlə müstəqil həyata qədəm qoyan Kamran yalnız nəcib, xeyirxah əməllərə can atır və nə edirsə, onu insanların xoşbəxt yaşayışına yönəldir. Məhz buna görə də 1997-ci ilin 28 fevralında dünyaya göz açdığı Lənkəran rayonunun Liman şəhərində kiçik də, böyük də ona hörmətlə yanaşardı.
Kamranın 2015-ci ildə başlanan həqiqi hərbi xidməti onun gənc ömrünə yeni dəyərlər qatır. O, doğma Azərbaycanın müqəddəsliyini hər şeydən əziz tutur, ona layiqli, etibarlı, sədaqətli övlad olduğunu vicdanlı xidməti ilə sübut edir. Onun mərdliyini, Vətənə sonsuz məhəbbətini görən əsgər yoldaşları Kamranı özlərinə iftixar mənbəyi, örnək bilirlər.
Əsgərlikdən sonra da nəcib, ülvi arzularla yaşayan bu gənc Vətən torpağını bir parçasını işğal altında saxlayan düşməndən qisas almaq hissi ilə yaşayırdı. Odur ki, 27 sentyabrda İkinci Qarabağ müharibəsi başlanan gündən könüllü olaraq xalqın mərd oğullarına qoşulub əlinə silah alır, döyüş meydanında düşmənə qarşı vuruşur. Ağır döyüşlərdə iştirak edir, bir qarış belə Vətən torpağının düşmən tapdağına çevrilməməsindən ötrü canından keçməyə hər an hazır olur. Ulu yurd yerləri qarşı-qarış azad olunduqca bu sanki Kamrana yeni güc-qüvvə verir, odun-alovun içində düşməndən ürəyincə qisas ala bilir. Oktyabrın 31-də Qubadlı rayonu uğrunda döyüşlərdə minomyot mərmisi 23 yaşlı Kamranın Vətən məhəbbətli ürəyini susdurur. Bununla da Vətən daha bir igid və ləyaqətli övladını itirir.
Kamran döyüşlərə manqa komandiri kimi qatılmışdı. Tabeliyində olan əsgərlərə qardaş münasibəti bəsləyir, həmişə də onlara deyirdi ki, Vətən müqəddəsdir, onun uğrunda həlak olanlar ölmürlər. Milyonların ürəyinə köçən şəhid Kamran da Azərbaycan var olduqca, minlərlə şəhid Vətən övladı kimi, onun da adı dillərdə dastana dönəcək.
Qalib şəhidimiz ölümündən sonra dövlət başçısının sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalına layiq görülüb.
Ruhu şad olsun.
Zəfər
ORUCOĞLU,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü
Mədəniyyət.- 2021.- 18
avqust.- S.6.