Mənim atam qəhrəmandır...
İkinci Qarabağ müharibəsi – 44 gün davam edən savaş və böyük Zəfəri bizə daddıran qəhrəman Vətən oğulları, qanı ilə tarix yazan şəhidlərimiz hər birimizin qürur mənbəyidir. Şanlı Qələbəmizi onların sonsuz Vətən sevgisinə, bu yolda şəhadətə yüksəlişinə borcluyuq.
Bu dərin ehtiramı xalq olaraq həm də onların yadigarlarına bəsləyirik. Onların gülüzlü övladlarına qucaq açdıqca hər birimizin könlü xoş olur, gözlərimizdə sevinc, qürur yaşları gilələnir. Bu kövrək hissi şəhid övladları ilə bağlı qatıldığım bütün tədbirlərdə yaşayıram. Belə kövrək notlu tədbirlərdən biri avqustun 13-də baş tutdu. Onu fərqli qılan bir məqam da şəhidlərin övladları ilə yanaşı valideynlərinin də bir araya gəlməsi, birlikdə yürüməsi, şəhadət dadan oğullarını, atalarını birlikdə yad etməsi idi...
Söhbət Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, eləcə də “Fire Land Production”ın Vətən müharibəsi şəhidlərinin övladları üçün həyata keçirdiyi “Mənim atam qəhrəmandır” adlı silsilə layihənin növbəti tədbirindən gedir.
Torpaqlarımız uğrunda canından keçən qəhrəmanları anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını bir daha hiss etdirmək kimi nəcib məramları ehtiva edən bu tədbir sanki fəxarətlə həsrətin təmas xətti, görüş yeri idi. Bir yanda saçları bəyaza bürünən, gözləri kədər qarışıq qürura yuva olan şəhid anaları, digər yanda isə üzlərindəki xəfif təbəssümlə gözlərimizi qamaşdıran uşaqlar sıralanmışdı.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzindən yola çıxan ekskursiya avtobuslarında şəhid övladları şəhəri dolaşaraq “Zəfər marşı”nı səsləndiriblər. Beləcə onları və hamımızı qalib edən igidlərimizi məğrur duruşları, əzmkarlıqları ilə yad etdilər.
Kənardan boylandıqca mələk üzlü balaların qürurdan qabaran sinələrini bəzəyən şəhid təsvirləri adamı ilğım kimi qarsır, duyğularını alt-üst edirdi. Şəhid övladları öz atalarının, digər uşaqlar subay şəhidlərimizin, şəhid anaları isə öz övladlarının rəsmi həkk olunmuş və “Mənim qəhrəmanım” yazılı geyimlərdə tədbirə qatılan onlarla insana səssiz-səmirsiz öz həqiqətlərini danışırdılar. Xoşbəxt anların yadigarı olan bu təsvirlərin aydın görünməsi üçün var gücləri ilə dik dayanır, şəhid şəkilləri fonunda görünməz olmağa çalışırdılar. Nə isti avqust günəşinə, nə izdihama məhəl qoymur, elə hey ən ön sırada səf tutmağa can atırdılar.
Həmin gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisi, Qız qalasından içəriyə doğru uzanan meydan da bir ayrı əzəmətli, bir ayrı möhtəşəm idi. Əvvəldən qurulmuş səhnə, meydan boyunca döşənmiş xalçalar, mizana uyğun olaraq sağ və sol evlərin eyvanlarında həvəskar balaca aktyorların duruşu da günü unudulmaz etməyə hesablanmışdı.
Günəşin al şəfəqlərində bərq vuran balacalar tədbirin rəsmi hissəsinin bitməsini, deyəsən, hamıdan çox istəyirdilər. Odur ki, gah hər şeyi unudub meydan boyu uşaqları əyləndirmək üçün dayanmış “maskot” kuklalara tərəf qaçır, gah da səhnəciklər ifa edəcək həmyaşıdları olan aktyorların əlindən tutur, onları yaxından seyr edirdilər.
Tədbirin rəsmi hissəsi isə öz axarında davam edirdi. Aparıcı Lalə Azərtaş tədbirə qatılan şəhid ailələrini və digər qonaqları salamladı, şəhidlərimizin daim sevgi və ehtiramla yad olunacağını vurğuladı.
Sonra tədbir təşkilatçılarının təmsilçiləri növbə ilə mikrofon önünə keçib təəssüratlarını bölüşdülər, belə layihələrin davamlı olacağının sorağını verdilər. “Mənim atam qəhrəmandır” silsilə layihəsinin nəinki Bakıda, eləcə də ölkəmizin bütün regionlarında təqdim ediləcəyini dedilər.
Daha sonra söz həmyaşıdlarını əyləndirməyə gələn balaca istedadlara verildi. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının yetirmələri səhnəcikləri – müxtəlif mövzularda şeirləri, qəhrəmanlıq motivli pyeslərdən hissləri kompozisiya şəklində təqdim etdilər.
Onlarla eyni yaşlarda olan balaca aktyorlara qarışan şəhid övladları, bir neçə dəqiqəlik də olsa, nağıllar aləminə yol aldılar, çəhrayı buludların üzərində aydın Vətən səmasında pərvazlandılar. Milli nağıl personajlarımız olan Cırtdan, Tıq-tıq xanım, Göyçək Fatma, Məlikməmməd və Qoçaq Əhmədlə sehrli aləmə qədəm qoyub şaqraq qəhqəhələri ilə nisgilli ürəklərə su səpdilər.
Həmyaşıdlarını əyləndirmək, onları teatr adlı gözəl bir aləmə aparmaq istəyən balaca aktyorlar da öz missiyalarını layiqincə yerinə yetirdilər. Ümumi ovqatın kövrək təsirində gah böyük adamlar kimi balacaları bağırlarına basıb saçlarını tumarladılar, gah da onlarla əl-ələ tutub uşaqlığın qayğısızlığında xoşbəxt oldular. Ən əsası, həmin gün orada olan hər kəsi uzaq-yaxın uşaqlıqlarına aparmağa çalışdılar.
İstəklərinə də çatmışdılar. Çünki onların müşayiətində uşaqlı-böyüklü hər kəs gah səhnəciklərə heyranlıqla tamaşa edir, gah da alqışlarla ətrafa səs salırdılar.
Tədbiri rəngarəng edən bir məqam da musiqili qonağın gəlişi oldu. Fəxri qonaq qismində tədbirə qatılan Xalq artisti Brilliant Dadaşova qəhrəmanlarımızın övladları və onların ailə üzvləri ilə öz hisslərini bölüşdü.
Sonda qəhrəmanlarımızın yaxınları müğənni ilə birlikdə səmaya ağ göyərçinlər uçurdular. Beləcə, titrək əllərindən çıxıb azadə qanad çırpan göyərçinlərin arxasından dünyaya “Müharibə olmasın! Uşaqlar atasız qalmasın!” mesajını göndərdilər.
Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2021.- 18
avqust.- S.5.