Avrasiya teatr təmsilçilərinin görüşü

 

 

Ölkəmizi Gəncə teatrının aktyoru təmsil edib

 

 

 

Dünyanı cəngində saxlayan koronavirus pandemiyası, digər sahələrdə olduğu kimi, yaradıcılıq istiqamətlərinə də mənfi təsir göstərməkdə davam edir. O cümlədən teatr, onun gələcək inkişafı, pandemiyapostpandemiya dövründə səhnə sənətinin vəziyyəti dünya teatr təmsilçilərini düşündürməkdədir. Bu günlərdə işini başa vuran Avrasiya Teatrlar Birliyinin I qurultayının əsas müzakirə mövzularından biri də gələcəyin teatr mənzərəsi olub.

 

Xatırladaq ki, Avrasiya Teatrlar Birliyi 13 sentyabr 2019-cu ildə təsis olunub. İlk olaraq yeddi ölkəni (Azərbaycan, Türkiyə, Gürcüstan, Şimali Kipr, Özbəkistan, Ukrayna, Rumıniya) əhatə edən birlikdə hazırda 21 ölkə təmsil olunur. Hindistan, Fransa, İtaliya, İspaniya, Portuqaliya kimi ölkələr də quruma üzv olublar.

 

Birliyin 2020-ci ilin əvvəllərində (pandemiyadan öncə) reallaşan ilk toplantısında sədr olaraq (iki il müddətinə) Ukrayna təmsilçisi Aleksandr Kniqa, baş katib kimi Türkiyə təmsilçisi Kubilay Erdelikara, baş ofis olaraq isə İstanbul şəhəri seçilmişdi.

 

Pandemiya səbəbindən təxirə düşən, nəhayət, 5-8 avqust tarixində İstanbulda baş tutan qurultayda ölkəmizi  Gəncə Dövlət Dram Teatrının aktyoru Yusif  Cəfərov təmsil edib.

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan səfərinin təəssüratlarını bizimlə bölüşən aktyor ilk qurultayın ölkə nümayəndələri ilə tanışlıq məqsədi daşıdığını bildirdi. Bununla yanaşı bir sıra vacib mövzularda, xüsusən teatr ənənələrinin inkişaf mexanizmi ətrafında geniş fikir mübadiləsi aparıldığını dedi. Qurultay 12 maddədən ibarət qərarın qəbul edilməsi ilə yekunlaşıb: “Teatr həyatı üçün vacib, maraqlı məsələlər müzakirə olundu. Bu sıraya aktyor, rejissor mübadiləsi, fərqli ölkələrdə aktyor, rəssam ustad dərslərinin təşkil olunması kimi önəmli nüanslar da daxildir. İştirakçıların hər birinin  təklifi müzakirə olunur və səsverməyə qoyulurdu. Təbii ki, qəbul olunmayan, yaxud birliyin məramı ilə üst-üstə düşməyənlər də olurdu. Burada hər birimizin ən ümdə məqsədi müasir dünya teatrı və birliyə üzv ölkələrin teatr təmsilçilərinin bu prosesə inteqrasiyası idi. Sevinirəm ki, uzun illər üzərində işlədiyim layihəm qurultay iştirakçılarının yekdil rəyi ilə qəbul olundu. Bu,  hər ölkədən bir aktyor dəvət etməklə ortaq tamaşanın hazırlanması və üzv ölkələrin hər birində nümayişi layihəsidir”.

 

Həmsöhbətim bildirir ki, qəbul olunan qərarlar arasında birliyə üzv ölkələrdə ayrı-ayrı teatr istiqamətlərində ustad dərslərinin təşkili, birliyin saytelektron jurnalının hazırlanması da var: “Gələn il teatr rəssamları ilə bağlı ilk ustad dərsi Ukraynada olacaq. Çünki növbəti ildə ev sahibliyi Ukraynaya keçəcək. Birliyin festivalının keçirilməsi də nəzərdə tutulub. “Tələbə düşərgəsi” yaratmaqbu layihəyə fərqli ölkələrdən tələbələrin, müəllim qismində isə rejissorların, aktyorların cəlb edilməsi kimi təkliflər də səsləndirildi”.

 

Yusif Cəfərov pandemiyanın teatr sənətinə mənfi təsirinin də müzakirə predmeti olduğunu vurğuladı: “Hər bir ölkə təmsilçisi çıxışında pandemiyanın teatra ağır zərbələrindən danışırdı. Xüsusən inkişaf etmiş bir neçə ölkənin teatr nümayəndələri alternativ formalar, yaxud şəraitə uyğun yaradıcı təşəbbüslərə qoşulmadıqlarını və sadəcə, prosesin bitməsini gözlədiklərini dedilər.  Mən isə öz növbəmdə pandemiya dönəmində də teatr əməkdaşlarının əməkhaqlarının fasiləsiz verildiyini vurğuladım. Dövlətimizin bu ağır mərhələdə də teatrı diqqətdən kənarda qoymadığını qeyd etdim. Eləcə də teatrlarımızın onlayn tamaşalar göstərməyə, tamaşaçıları ilə əlaqəni bu formada davam etdirməyə çalışdığını bildirdim”.

 

Xatırladaq ki, qurultayda qaldırılan bir sıra məsələlər birliyin bu ilin oktyabr ayında Portuqaliyada keçiriləcək növbəti toplantısında müzakirə olunacaq.

 

HƏMİDƏ

 

Mədəniyyət.- 2021.- 18 avqust.- S.4.