Xalq şairi Mirvarid Dilbazinin xatirəsi
anılıb
Avqustun 19-da Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin (1912–2001) anadan olmasının 109 illiyi münasibətilə “Azərkitab” kitab mərkəzində tədbir keçirilib.
Tədbiri giriş sözü ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı açaraq Mirvarid Dilbazi yaradıcılığının Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusunda xüsusi yer tutduğunu və gənc nəslə örnək olduğunu vurğulayıb.
Tədbirdə ictimai birliyin və “Mişov” mədəniyyət dərnəyinin birgə təşəbbüsü və dəstəyi ilə ərsəyə gələn nəşr – Aqşin Ağkəmərlinin “Təbrizdən Təbrizə” hekayələr kitabı təqdim olunub. Nəşrin ön söz müəllifi Xalq şairi Nəriman Həsənzadə kitabın oxucuların rəğbətini qazanacağını əminliklə vurğulayıb. O, Xalq şairi Mirvarid Dilbazini xatırlayaraq xatirələrini bölüşüb. Mirvarid Dilbazi adına yaradılmış ictimai birliyə uğurlar arzulayıb.
Tədbirdə
çıxış edən tarix elmləri
doktoru Əkrəm Rəhimli, tənqidçi,
şair Əsəd Cahangir,
tədqiqatçı-yazar Ramiz Göyüşov, şairlər İlham Qazaxlı, Südabə İrəvanlı,
Zeynəb Kazımova, Zərəngiz Dəmirçi Qayalı və
başqaları çıxış edərək Mirvarid Dilbazinin
yaradıcılığından danışıb, onunla bağlı xatirələrini
bölüşüblər.
Mədəniyyət.- 2021.- 20
avqust.- S.2.