ABŞ səfiri Əlincəqalaya
çıxıb
Naxçıvanla tanışlıq diplomatda zəngin təəssürat yaradıb
Gözəl bir diyar olan Naxçıvana mənim ilk səfərimdir və muxtar respublikaya gəlişimdən məmnunluq duyuram. Səfərin yüksək səviyyədə təşkilinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə öz minnətdarlığımı bildirirəm. İki gün ərzində burada müxtəlif rəsmi nümayəndələr, elm adamları, qadın sahibkarlar, eyni zamanda, Amerika Birləşmiş Ştatları proqramlarının məzunları ilə görüşmək imkanım oldu.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki səfiri Örl Litzenberqer bu sözləri avqustun 18-də Naxçıvanda, Möminə xatın türbəsinin önündə media nümayəndələrinə müsahibəsində deyib.
Diplomat bildirib ki, Azərbaycan kimi gözəl ölkəni gəzib görmək istəyir və uzun müddət idi ki, Naxçıvana gəlmək arzusunda idi: “Təəssüf ki, koronavirus infeksiyasının yayılması ilə əlaqədar olaraq Bakıdan kənara çıxmağım mümkün olmurdu. Lakin hazırda Azərbaycanda milyonlarla insan vaksinasiya olunduğuna görə səyahət etmək mümkündür”. Diplomat qeyd edib ki, bu ilin iyul ayında ABŞ-ın Oklahoma ştatının qubernatorunu Gəncə və Zəngilana səfərdə müşayiət edib: “Bir həftə sonra Şəki və Qaxda oldum. Bu dəfə isə gözəl Naxçıvandayam”.
Həyat yoldaşı ilə birlikdə Naxçıvanın məşhur turistik yerlərinə baş çəkdiyini qeyd edən Örl Litzenberqer Duzdağ Fizioterapiya Mərkəzi, Xan sarayı və Naxçıvanqalada olduğunu deyib: “Burada müşahidə etdiyimiz qonaqpərvərlik bir daha onu göstərir ki, Naxçıvan beynəlxalq turistləri qəbul etmək üçün ideal bir məkandır”.
ABŞ səfiri muxtar respublikaya səfərinin son günündə Azərbaycan xalqının yenilməzlik simvolu Əlincəqala ilə tanış olub. Diplomata tarixi abidə barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2014-cü ildə imzaladığı sərəncamına əsasən, “Əlincəqala” tarixi abidəsi bərpa olunub və muzey yaradılıb. Tarixi qaynaqlar əsas götürülərək dünya əhəmiyyətli abidə olan Əlincəqalanın bərpa edilməsi xalqımızın çoxəsrlik tarixi irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması baxımından böyük əhəmiyyətə malikdir. Qalada məskunlaşmış insanların yaşayışını və döyüş sənətini özündə əks etdirən maddi mədəniyyət nümunələrinin “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində nümayiş olunması isə bu tarix haqqında dolğun təsəvvür yaradır.
Diqqətə çatdırılıb ki, Əlincəqala muxtar respublikanın Culfa rayonunda, Əlincəçayın sağ sahilində yerləşir. Bəzi tarixi mənbələrə görə, qala 2 min il əvvəl, digər mənbələrə görə, III-IV əsrlərdə tikilib.
Əlinəcəqala ilə tanışlıq
ABŞ səfirində xoş təəssürat
yaradıb. Avqustun 18-də diplomatın
muxtar respublikaya səfəri başa çatıb.
Mədəniyyət.- 2021.- 20
avqust.- S.3.