Milli Xalça Muzeyinin Şuşa
filialı ən müasir texnologiyalarla təchiz olunacaq
Şirin Məlikova: “Dövlət
Proqramına əsasən bir sıra layihələr həyata
keçirmişik, qarşıda görüləcək
çox işlərimiz var”
Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə xalça sənətimiz UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına salınıb. Dünyada bu sahə üzrə ilk ixtisaslaşmış muzey müəssisəsi də ölkəmizdə təşkil edilib.
Müsahibimiz Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Şirin Məlikovadır.
– Şirin xanım, istərdim əvvəlcə dövlət başçısının sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı görülən işlərə nəzər salaq.
– Dövlət Proqramı təsdiq edildikdən sonra muzey olaraq bir sıra mühüm layihələr gerçəkləşdirdik. Proqramda da bildirildiyi kimi, muzeyimiz dünya muzeyləri ilə əlaqələr qurmalı və orada qorunan Azərbaycan xalçalarının siyahısını tərtib etməli, atribusiya məsələsini qaldırmalı, sərgilər təşkil etməli və kataloqlar çap etməlidir. Bu, bir istiqamətdir. İkinci istiqamət isə Milli Xalça Muzeyinə Azərbaycana məxsus olan qədim xalçaları gətirməkdir. Hər iki istiqamətdə işlərimiz davam edir.
Hazırda qarşımda iki çox gözəl tərtibatlı kataloq görürsünüz. Bu kataloqlardan biri Türkiyədə çap olunub. Türk və İslam Əsərləri Muzeyində Azərbaycana aid 130-dan artıq xalça qorunub saxlanılır. Onların sırasında XVII əsrə aid Qarabağda toxunmuş “Əjdahalı” xalçaları da var. Bu xalçalar 40 ilə yaxındır muzeyin fondundan çıxarılmayıb. Hətta çoxunun fotoları belə yox idi. Ərazisi böyük olmayan bu muzeydə əsasən asma xalçalar nümayiş olunur. Ümumilikdə “Qafqaz xalçası” adı altında muzeydə saxlanılan və əslində bizə aid olan xalçalar isə, demək olar ki, nümayiş etdirilməyib. Biz muzeylə əlaqə saxladıq, yüksək keyfiyyətdə fotolar çəkildi, ciddi bərpaya ehtiyacı olan 12 xalça konservasiya edildi və ilk dəfə muzeyin ekspozisiyasında nümayiş olundu.
Ötən il martın 13-də İstanbulda sərgi açıldı və kataloqun təqdimatı keçirildi. Kataloqa həmin muzeydə qorunan 100-ə yaxın xalça atribusiyası da daxil edilmişdi. Xalçaların texniki göstəriciləri, bədii xüsusiyyətləri əks olundu. Bu, böyük zəhmət tələb edən iş idi və muzeyimizin mütəxəssisləri iki il türkiyəli həmkarları ilə birgə çalışdılar. Hazırda davam edən sərgi beynəlxalq xalça dünyasında 2020-ci ilin ən önəmli hadisəsi kimi diqqət çəkdi. Dünyanın aparıcı xalça dərgiləri bu haqda geniş məqalələr yayımladılar. Xalça üzrə ekspertlər Azərbaycan dövlətinin bu layihəni həyata keçirmək üçün ayırdığı vəsaitə görə bizə təşəkkür edirdilər. Çünki məhz bu layihə sayəsində beynəlxalq ekspertlər xalçalarımızla tanış ola bildilər. Gələcəkdə sərginin bir qismini bizim muzeydə də nümayiş etdirməyi və kataloqun Azərbaycan və ingilis dillərində versiyasını təqdim etməyi düşünürük.
Dövlət Proqramı çərçivəsində həyata keçirdiyimiz daha bir layihə Rusiya Etnoqrafiya Muzeyi ilə əməkdaşlıqdır. Muzeydə Azərbaycana aid 3000-ə yaxın eksponat var. Maraqlıdır ki, onların daimi ekspozisiyasında bəzi eksponatlar nümayiş olunsa da, bu kolleksiya heç vaxt öyrənilməyib. Biz bu məsələni qaldırdıq. Onların bütün fondlarında işlədik və ən maraqlı nümunələri seçdik. Burada qorunan Azərbaycana aid xovlu və xovsuz xalça, həmçinin parça, tikmə, geyim, zərgərlik və metal nümunələrinə düzgün atribusiyanın verilməsi üçün bu nümunələrdən ibarət sərgi və kataloq hazırladıq. Bu ilin fevralında açılan sərgidə ümumilikdə 120 əşya nümayiş olundu. May ayına qədər davam edən sərgi müxtəlif tədbirlərlə yadda qaldı. Rusiyalı həmkarlarımız bu layihədə bizə yalnız xalça kolleksiyasını tədqiq etməyi məsləhət bilsələr də, düşündük ki, bu imkan və fürsət bir də nə zaman ələ düşəcək. Fondun, demək olar ki, bütün kolleksiyasını tədqiq etməyə başladıq. Keçmiş sovet respublikalarından ilk Azərbaycan bu işi həyata keçirdi. Ümumiyyətlə, Dövlət Proqramı üzrə qarşıda görüləcək çox işlərimiz var.
– Rusiya Dövlət Ermitaj Muzeyi ilə də əlaqələriniz genişlənir...
– Bu, bizim üçün böyük nailiyyətdir. İlk dəfə olaraq Azərbaycan muzeyində tətbiq edilən bir layihə Ermitaj tərəfindən qəbul olunaraq tətbiq edilir. Bu, inklüziv layihədir. Xüsusi qayğıya ehtiyacı olan insanlar üçün mədəni sərvətlərin əlçatan olması işinin yaxşılaşdırılması şərtləri önəmli yer tutur. İki muzeyin bu sahədə təcrübəsini birləşdirən “Pazırık xalçası” inklüziv layihəsidir. Bundan əlavə, ölkəmizin ilk inklüziv muzeyi olan Milli Xalça Muzeyində artıq görmə qabiliyyəti məhdud insanlar üçün eksponatlar barədə mətnlər ikinci mərtəbədə də Brayl əlifbası ilə təqdim edilir. Burada xovlu və xovsuz texnologiyanın birlikdə tətbiqi ilə üzərində həndəsi və nəbati elementlər, zoomorf və antropomorf təsvirlər olan kiçikölçülü xalça nümunələri nümayiş etdirilir. Görmə qabiliyyəti məhdud insanlar həmin xalça növlərinin toxunuş müxtəlifliyini taktil (toxunma) üsulla duya bilirlər.
– Təkcə xalça nümunələri araşdırılır, yoxsa digər toxuculuq məhsullarına da diqqət ayıra bilirsiniz?
– Xalçaların konservasiyası ilə bərabər, muzeyin xüsusi ənənəvi texnologiyalar şöbəsində peşəkar toxucular işləyir. Çalışırıq muzeyimizdə xovsuz texnologiyaları da bərpa edək. Çünki xovsuz texnologiyaların əksəriyyəti unudulub: çiy palaz, şəddə, zili və s. Hazırda muzeydə bu texnologiyanı bərpa etmişik və toxucularımız bu xalçaları toxumaqla yanaşı, kurslarda gənclərə də öyrədilir.
– Hazırda Tatarıstanda “Xalça sənəti – mənaların təkamülü”adı altında Azərbaycan xalçalarının sərgisi nümayiş etdirilir. Sərginin adı maraqlıdır...
– Bu sərgi ötən il planlaşdırılırdı, lakin pandemiya səbəbindən təxirə salındı. Tatarıstan Respublikasının (Rusiya Federasiyası) “Kazan Kremli” Muzey-Qoruğunda sərgimiz davam edir və sentyabrın 5-də başa çatacaq. Mənaların təkamülü anlayışı özündə xüsusi bir baxışı simvolizə edir. Klassik Azərbaycan xalçaları ilə yanaşı, müasir rəssam Çingiz Babayevin qədim sənətkarlığı yeni yollarla inkişaf etdirən xalça nümunələri bu sərgidə bir-birini tamamlayır. O, xalçanın harmoniyasını pozmadan yeni ornamentlər kəşf edir. Xalça sənəti sənətkarlıq işi olmaqla bərabər, həm də bir incəsənətdir, elmdir. Biz daim rəssamlarla işləyirik. Xalq rəssamı Eldar Mikayılzadə, Əməkdar rəssam Aydın Rəcəbov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, xalçaçı-rəssam Məmmədhüseyn Hüseynovla sıx əlaqədəyik. Kazandakı mühazirəmdə çoxsaylı insanlar iştirak edirdi və mühazirədən sonra bizə çoxlu suallar ünvanlandı. Sərgilər milli sənət nümunələrimizin təbliği və Azərbaycan haqqında təsəvvür yaratmaq baxımından çox önəmlidir.
– Mədəniyyət paytaxtımız Şuşada muzeyin filialı ilə bağlı fikirlərinizi öyrənmək istərdik...
– Filial bərpa olunacaq. Bilirsiniz ki, hazırda Şuşada bərpa-quruculuq işləri gedir. Ermənilər tərəfindən, demək olar ki, bütün tarixi binalarımız dağıdılıb. Onların bərpası vaxt aparacaq. Heydər Əliyev Fondu bu işlərə mütəxəssisləri cəlb edib. Muzeyimizin Şuşa filialı öz işini orada davam etdirəcək, ancaq daha böyük məkanda, müasir ekspozisiya ilə. Bizdə olduğu kimi, bütün yeni texnologiyalar Şuşa muzeyində də tətbiq olunacaq. Bizim tekstil kolleksiyamız möhtəşəm şəkildə nümayiş etdiriləcək. Qarabağın və Şuşanın ən gözəl muzeylərindən biri də Xalça Muzeyi olacaq. Bu tarixən də belə olub. Şuşada vaxtilə Mehmandarovların imarətində yerləşən muzeyin ziyarətçiləri bol olub.
Yeri gəlmişkən, 44 günlük Vətən müharibəsi zamanı bir xeyriyyəçi tərəfindən bizə hədiyyə edilən XVIII əsrə aid Qarabağ xalçası haqqında da söz açmaq istərdim. Bu xalça zənginliyi və müxtəlifliyi ilə seçilən “Əjdahali” nümunəsinə aiddir. Uzun erməni kolleksiyaçının əlində olub. Sonra bu xalça italyan kolleksiyaçı tərəfindən alınıb. Müxtəlif kataloqlara daxil edilmiş bu şah əsəri ölkəmizə qaytara bildik və hazırda muzeyimizdə sərgilənir. Onu da qeyd edim ki, son illər bir neçə xalçamız ölkəmizə qaytarılıb. Bunlardan bir neçəsi Heydər Əliyev Fondu tərəfindən, bir qismini italyan kolleksiyaçı, bir neçəsi isə Mədəniyyət Nazirliyinin dəstəyi ilə alınıb muzeyə təhvil verilib. Dövlətimiz tərəfindən bizə verilən dəstəyə görə öz təşəkkürümü bildirirəm. Xeyriyyəçilərə də minnətdaram ki, bizə dəstək olurlar.
– Bu yaxınlarda Latviyaya səfəriniz olmuşdu...
– Latviyanın Gulbene şəhərində “Divi Juliji” (İki Yulius) IV Beynəlxalq İncəsənət Festivalı keçirilirdi. Vaxtilə Qafqaz Kustar Komitəsinin rəhbəri olmuş latviyalı Yulius Straumenin Qafqazdakı fəaliyyəti bizim üçün maraqlıdır. O, Şuşada dərs deyib, Azərbaycanı qarış-qarış gəzib, qədim xalçaları toplayıb ornament və çeşnilərini hazırlayıb. Riqaya dönəndən sonra Azərbaycana məxsus texnologiyanı orada öyrətməyə başlayıb. Onun bir neçə maraqlı xalçası var ki, Latviyada toxunub. Bu xalçalara baxanda tam Azərbaycan xalçasını görə bilməsək də, bizim xalçaların izləri hiss olunur. Onları Azərbaycan xalçalarından ilhamlanmış əsərlər adlandırmaq olar. Xalçanın, kompozisiyanın strukturu, göllərin yerləşməsi, haşiyələr, harmoniya Azərbaycan xalçasını xatırladır. Qafqaz Kustar Komitəsinin arxivi Tbilisidə saxlanılır. Latviyada görüşlərimdə üçtərəfli elmi araşdırmaların vacibliyinə də diqqət çəkdim.
– Qarşıda hansı layihələr gözlənilir?
– Çox layihələr nəzərdə tutmuşuq. Amma pandemiya səbəbindən hansının keçiriləcəyini dəqiq bilmirik. Qarşıdakı əsas layihəmiz haqqında söz açmaq istərdim. Oktyabr ayında Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyini qeyd etməyə hazırlaşırıq. Otaqda onun eskiz və portret xalçalarının nümunələrini görürsünüz. Siz gəlməzdən əvvəl onun yaradıcılıq irsi ilə bağlı məqalə üzərində işləyirdim. Həmçinin bizim kolleksiyada olan xalçaları ilə bağlı kitab nəşr olunacaq. Bundan əlavə, yubiley tədbiri çərçivəsində təşkil ediləcək sərgidə həm bizim muzeydə, həm də digər muzeylərimizdə qorunan xalçaları sərgilənəcək. Bu il ölkəmizdə “Nizami ili”dir və biz ekspozisiyaya Kamil Əliyevin “Nizami” xalçasını da əlavə etdik. O, əsasən, yeni üslubda portret xalçaları yaradırdı. Görüləcək işlərdən biri də yubiley çərçivəsində təşkil ediləcək beynəlxalq konfransdır. Latviya, Avstriya və digər ölkələrdən iştirakçılar olacaq. Pandemiya qaydalarına əsasən konfransın bir hissəsi onlayn, bir hissəsi isə adi qaydada keçiriləcək. Oktyabrda Kamil Əliyevin yubileyi ilə bağlı sərgi və konfrans keçirməyi nəzərdə tutmuşuq.
– Şirin xanım, İCOM-un Bakıda nəzərdə tutulan konfransı bu il keçiriləcəkmi?
– Konfrans ötən il pandemiya üzündən
təxirə salınmışdı. Çox istərdim ki, bu konfrans
keçirilsin. Çünki Vətən müharibəsində
Qələbəmizdən sonra Beynəlxalq Muzeylər
Şurası kimi nüfuzlu qurumun nümayəndələrinin
ölkəmizə səfəri əhəmiyyətli olar.
Qarabağımız bərpa olunur, muzeylərimiz də bərpa
ediləcək. Biz dəfələrlə İCOM-da talan
olunmuş kolleksiyalarımızla bağlı məsələlər
qaldırmışıq. Danışıqların nəticəsinin
bir hissəsi ondan ibarətdir ki, İCOM Katibliyi ilə
razılaşıb sentyabr ayında hərbi münaqişələr
zamanı kolleksiyaların evakuasiya məsələsi üzrə
treninqlərin keçirilməsini nəzərdə
tutmuşuq. Bura sənədləşmə, praktiki sahələr
üzrə treninq və s. daxildir. Bu treninqin vəsaitini
İCOM Katibliyi ödəyəcək. İCOM Etnoqrafiya Muzeyləri
və Kolleksiyaları üçün Beynəlxalq Komitəsinin
(İCME), Muzey İdarəçiliyi üzrə Beynəlxalq
Komitənin (İNTERCOM) konfransı oktyabr ayına
planlaşdırılır. Yenə də deyirəm, layihələrimiz
pandemiya şərtlərinə bağlıdır.
– “Nizami
ili” çərçivəsində nə kimi layihələr
nəzərdə tutulub?
– Dövlət başçısı tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə xalça eskizi müsabiqəsi keçirildi. Həmçinin filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Rzasoyun təqdimatında “Nizami Gəncəvi yaradıcılığında folklor-mifoloji ənənələr” mövzusunda mühazirə təşkil olundu. Bu silsilədən layihələrimiz ilin sonunadək davam edəcək.
Lalə AZƏRİ
Mədəniyyət.- 2021.- 20
avqust.- S.1;4.