Fotoqrafiyadan ekologiyaya
kömək
Latviya Respublikasının Azərbaycandakı Səfirliyi “The Landmark” biznes mərkəzi, f3.7 birliyi və “PlatformART” təşkilatı ilə birgə “Landmark Rotunda Teras”da xeyriyyə auksionu təşkil edib.
Xeyriyyə auksionunda bu yaxınlarda Bakı Fotoqrafiya Evində “Defocused” adlı sərgidə nümayiş edilən fotolar təqdim olunub. Satışa çıxarılan fotolar 10 istedadlı gənc tərəfindən çəkilib.
Tədbirdə çıxış edən Latviya səfirliyinin əməkdaşı Viya Buşa bildirib ki, Latviya hər zaman Azərbaycanın müvafiq qurumları ilə birgə “Yaşıl enerji” layihələrinə böyük əhəmiyyət verir. Qeyd edilib ki, səfirlik ekoloji problemlərin həlli ilə bağlı fəaliyyət göstərən təşkilatlara yardım etmək istəyir.
Layihənin kuratoru Əməkdar rəssam Səbinə Şıxlinskaya bildirib ki, nümayiş olunan işlər təbiətin gözəlliyini əks etdirir, eyni zamanda ekoloji problemləri də qabardır, ətraf mühitin çirkləndiyini ön plana çəkir.
Rəssam qeyd edib ki, auksion xeyriyyə məqsədi daşıyır. Satılacaq fotolardan əldə edilən gəlir “Ecofront” qeyri-hökumət təşkilatının hesabına köçürüləcək. Təşkilat bu vəsait hesabına istifadə olunmuş batareyaları toplayaraq ətraf mühitin təmizlənməsinə öz töhfəsini verəcək.
“Bu tədbirdə kurator və istedadlı gənclərin
gördükləri işləri dəstəkləyən bir şəxs kimi
çıxış edirəm. Yeni karyera quran gəncləri
lazımi təşkilatlarla tanış etmək və işlərinə
köməklik göstərmək istəyirəm”, – deyə
S.Şıxlinskaya bildirib.
Mədəniyyət.- 2021.- 20
avqust.- S.5.