Seçim qarşısında polemika

 

Qabil Quliyev: “Aktyorun yuvası səhnədir. Heç kimə yuvasının uçmasını arzulamazdım”

 

 

 

Bu gün təkcə bizdə yox, ümumən dünyada teatr özünün məşhur sualı, seçimi qarşısındadır: Olum, yoxsa ölüm? Bu söhbət özünüOlum” deyənlər qütbünə şamil edənlər üçün olduğundan xeyli mətləblər adi həqiqətlərdə yenidən dilə gəldi. Özü də səhnə üçün ən çox darıxılan günlərdə, pandemiyalı ikinci teatr mövsümünün başa çatdığı dönəmdə.

 

Onunla ötən ay Lənkəran səfərimdə görüşüb, söhbət elədim. Azərbaycan teatrında bu günklassik aktyor məktəbi”nin barmaqla sayılacaq nümayəndələrindən biridir. Sərt və obyektiv adam, mükəmməl aktyordur. Üstəlik söhbətin nəbzini yaxşı tutan əsl nurani insandır. Beləliklə, həmsöhbətim Xalq artisti, Lənkəran Dövlət Dram Teatrının aktyoru Qabil Quliyevdir.

 

 

 

Qabil müəllim, necəsiz?

 

Belə, pis deyiləm. Bircə teatr, səhnə üçün darıxmaq olmaya. Adamın arada bağrı yarılır.

 

 

 

Ən çox üçün darıxırsız?

 

Səhnə üçün, tamaşaçı nəfəsi üçün. Səhnənin ab-havası mənə həyat verir, yaşamaq səbəbimi bir daha göstərir. Adam öz yerini bilir. Baxın, quşun yuvasını uçurdursan, o, yuva axtarır, tapa bilməyəndə ölür. Aktyorun da yuvası səhnədir orada olmasa ölər. Mən heç kimə yuvasının uçmasını arzulamazdım.

 

 

 

Tərəf-müqabillərinizlə səhnədə qəribə, mistik bir rabitəniz var. Mənə maraqlıdır, onlar sizdən çəkinirlər, yoxsa cəsarətlə müqavimət göstərirlər?

 

– Qorxanı da olur, cəsarətlisi də.

 

 

 

Siz daha çox hansını xoşlayırsız?

 

– Hər ikisini (gülür). Yox, mənim cəsarətli aktyordan xoşum gəlir. Amma gərək qabda da nə isə ola da. Quru cəsarət boş qəhrəmanlıq arzusu kimidir. Səhnədə kiminlə oynamağından asılı olmayaraq,  bütün gücünü səfərbər edib, ən adi, epizodik rolunda da aktyorluğunu göstərməlisən.

 

 

 

Uzun illərdir, teatr səhnəsindəsiniz. Özünüzü yetərincə realizə edib, milli teatr sənəti üçün sözünüzü dedinizmi?

 

– Həyat çox şirindir. 100 il yaşasan da, yenə yaşamaq istəyirsən. Sənətdə, səhnədə nə istəyirsən elə, neçə illər ömür sürürsən sür, sonda yenə yarımçıq qalırsan. Ümumən sənət ömrü heç vaxt tamamlanmır. Bu olarsa, sənət də, sənətkar da bitər. Birheç bir aktyor deyə bilməz ki, “Mən bəs qədər rollarımı oynamışam”. Bunu deyirsə, deməli, tükənib.

 

 

 

İki mövsümdür ki, Azərbaycan teatrı ilə tamaşaçı arasındakı birbaşa rabitə – yəni səhnədən ünsiyyət kəsilib. Məhz bu, zamanla bəzi qütblərdə “bizə teatr lazım deyilfikrini yaratdı...

 

– Yalandır. O sözü deyənlər sadəcə əsl sənət əsərinin təsirindən qorxurlar. Axı ən böyük güzgü teatr, sənətdir və orada hərə öz eybinigörür. O adamlar bundan qorxub elə fikirlər səsləndirirlər. Teatr böyük qüvvə, ideoloji tribunadır.

 

 

 

Teatr indi o mövqeyindədir?

 

Əlbəttə. Teatrı məhz o mövqedən çıxarmaq, sapdırmaq üçün bu sözləri deyirlər. Çünki onlara canlı tribuna lazım deyil.

 

 

 

Yaxşı, onda teatr tamaşaçısını itirib, yoxsa statusunu?

 

Teatr statusunu saxlayıb, tamaşaçı teatrdan təcriddir. Bu işi pandemiya bir az da dərinləşdirdi. Teatr tamaşaçı ilə daim vəhdətdədir tamaşaçı teatrı sevir, vallah, ona inanır. Teatr tamaşaçını həyata bağlayan, onda yaşamağa inam yaradan bir yerdir. O, tamaşaçını ümidsizlikdən çıxardır. Teatr cəmiyyəti narahat edən mövzuların kütləvi çözüm məkanıdır. Ona görə daim bu mövqedən çıxış eləməlidir. Teatr mədhiyyəçi yox, tənqidçidir. Bu cür teatr yaşayacaq. Hələ heç itməyib yaşamağa dəyər.

 

 

 

Belədirsə, biz onda daha teatral idik, yoxsa indi?

 

Burada köks ötürməyə məcburam. Deyim niyə. İllər əvvəl qonşumuz ruslara baxıb həsəd aparardıq. Onların gündəlik tələbat bölgüsündə teatr mütləq idi. Əslində, əsas etibarilə indi elədir. Amma o vaxt biz gənc idikdaha parlaq arzularımız vardı. Təbii ki, o arzuların arasında bizim də tamaşaçıların kütləvi olaraq teatra axışması, səhnəni, sənəti sevməsi dururdu. Amma, təəssüf ki, bu da arzu olaraq qaldı. Yəqin bunun da özünün səbəbləri var. Buna rəğmən teatrı sevən müəyyən kütləni də inkar etmək olmaz.

 

 

 

– Əslində, sizin təsvir etdiyiniz dövrü bu günlə müqayisə etmək də düzgün olmaz.

 

– İcazənizlə, bu barədə illərdir hasil olan qənaətimi bölüşüm. Mesenat Hacı Zeynalabdin Tağıyev teatr binası tikdirdi, təhsil üçün xaricə saysız gənclər göndərdi və onlar mütəxəssislər kimi qayıtdılar. Yəni o, hər şeyi dövlətdən, o dövrün idarəetməsindən gözləmədi, özü nə isə etdi. İndi də düşünürəm ki, bütün sahələrdə, xüsusən mədəniyyətə, sənətə, teatra münasibətdə, sevgidə, təəssübdə Tağıyev kimi insanlara ehtiyac var. Nəzərə alsaq ki, ölkəmizdə kifayət qədər geniş imkanlara malik adamlarımız var.

 

 

 

– İstəyiniz anlaşılandır. Bu gün dünyanın ən böyük teatrlarının bir çoxu məhz elə xeyriyyə təşkilatlarının, iri şirkətlərin ianələri ilə yaşayırlar.

 

– Təbii, çünki sənətə, peşəkar sənətə, xüsusən də teatra daim dəstək olmalıdır. Fikrim yanlış anlaşılmasın. Mən demirəm ki, kimlərsə teatrı öhdəsinə götürüb maliyyələşdirsin. Yox, teatr cəmiyyət üçün vacib və təsirli mexanizmdir, ondan bəhrələnmək lazımdır. Bu gün sağlam cəmiyyət, humanist toplum sənəti, teatrı sevir, yaşadır, onu gərəkli sayır. Yəni hər şeyi dövlətdən gözləmək olmaz.

 

 

 

Bu söhbətin bir ucu da teatrlarda peşəkar gənc kadrlara gedib çıxır. Ölkəmizdə aktyor, rejissor təhsili verən ali məktəb var, onun məzunları bir çox hallarda ya öz peşələrində qalmırlar, ya da bölgələrə getməkdənsə paytaxtda qalmağa üstünlük verirlər.

 

– Elə də ümidsiz yanaşmaq istəməzdin. 100-ün içərisindən, heç olmasa, bir peşəkar, teatrsevər tapmaq olar bəlkə də.

 

 

 

Sizin bu optimizminiz səhrada bitən bir güldən bağça umacağıdır.

 

Bizim dövrümüzdə aktyorluq fakültəsinə 20 nəfər tələbə daxil olurduonlardan, heç olmazsa, üçdən ikisi təhsilini aktyor kimi başa vururdu. Onlardan yarısı peşəkar teatra gəlir və sənətkar olurdular. İndi həmin universitet səhnə üçün hər il onlarla kadr buraxsa da, bölgə teatrları peşəkar aktyor axtarır. Sual edirəm: hanı o kadrlar? Nə üçün bu kadrlar Bakıda qalıb tində-bucaqda, az qala it döyüşdürməyə razı olurlar, amma gəlib peşəkar teatrda sənət addımlarını atmırlar? Soruşuram o gənclərdən ki, niyə peşəkar sənətdən, teatrdan, səhnədən qaçırsınız?

 

 

 

– Bəlkə bölgədə qalıb bir teatrın səhnə tozunu udmaqdansa böyük şəhəri, onun populyarlıq vədini, maddi təminatını düşünürlər...

 

– Məgər o saxta, süni, heç kimə lazım olmayan populyarlıq sənətdən üstündür? Düz deyirsiz, Mədəniyyət və İncəsənət Universitetini bitirən gənc aktyorların çoxu gedib o operatorluğun, rejissorluğun ən sadə qayda-qanunlarını bilməyən həvəskarların, özfəaliyyət səviyyəsindəki rejissorların çəkdiyi seriallarda, filmlərdə oynayırlar, amma peşəkar teatra gəlmirlər. Çünki zəhmət çəkmək istəmirlər. Ay gənc aktyor, axı sən 4 il universitet oxumusan, heç olmasa,  bunu  nəzərə al. İldə bir dəfə hansısa üzdəniraq rejissorun səviyyəsiz filmində oynayıb hamıya özünü aktyor kimi sırıyacaqsansa, biz nə edək?

 

 

 

– Teatrın, xüsusən bölgə teatrlarının hansı yolla olur-olsun, kadr təminatı olmalıdır. Gənclərin cəlbi üçün daha nə etmək olar?

 

Biz teatrda gənclər, həvəskarlar üçün studiya yaratdıq. Doğrudur, bölgədən xeyli istəkli teatr həvəskarları oldu. Amma burada təhsil, nəzəri biliklər də vacibdir və mən universitetin işini teatr-studiyasında qura, o gəncə nəzəri biliklər verə bilmərəm. Odur ki, bu gün region teatrlarının ən böyük problemi peşəkar aktyor sarıdandır. Universiteti qurtaranlar da gəlmirlər. Axı nəsil yenilənməli, truppa zəngin olmalıdır. Onlar isə gəlmirlər.

 

 

 

Mövzunu bir az da genişləndirək nümunələr gətirək. Məsələn, bəzi ölkələrdə, elə qonşularımızda təyinat məsələsi hələ qalır.

 

Bəli. Nəyi pisdir ki?  Universiteti bitirən məzun təyinatla bölgə teatrlarına göndərilməli heç olmasa, 4-5 il orada qalıb işləməlidir. Axı o tələbəni dövlət oxudub, ona dərs deyənlərə qədər məvacib verib. Deməli, elə təyinat da qüvvədə qalmalı müəyyən müddət bölgə teatrları bu sistemlə aktyor truppasını zənginləşdirməlidir. Doğrudur, mənim deməyimlə bu məsələ həll olunan deyil çox yəqin bizim bilmədiyimiz xeyli nüans var. Bütün hallarda bölgə teatrı aktyoru kimi mənim istəyim səhnəmizdə yeni, peşəkar, potensiallı gənc kadrları görmək, onlarla da işləməkdir. Doğrudur, konkret Lənkəran teatrının aktyor qıtlığı yoxdur. Bu problem peşəkar paralel olaraq istedadlı həvəskarlarla həll olunur.

 

 

 

Pandemiyanın hamını çaşdırdığı ilk vaxtlar teatrların sayının çoxluğundan repertuarına qədər ən müxtəlif məqamlar müzakirə edildi. Yəqin az-çox sizin xəbəriniz var qocaman sənət adamı kimi münasibətiniz mənim üçün maraqlıdır.

 

– Bu kimi fikirləri daha çox sənətə, teatra yad adamlar səsləndirirlər. Məhz o sözü deyən adamlara 50 aktyorun da maaşını versən, yenə ac olacaq. Çünki sənəti fikirləşmir. Teatr kütləvi sənətdir onun var olduğu cəmiyyət sağlam düşüncəli olur.

 

 

 

Burada bir az mübahisə yaranır. Məsələn, teatrın çağdaş həyatla səsləşmədiyini, günümüzü göstərmədiyini deyirlər.

 

Çünki günü özündə təmsil təsvir edən əsərlər yazılmır, cəsarətləri yoxdur. Əvəzində mədhiyyəçiliyə gedirlər. Bu isə cəmiyyətin evini yıxan yoldur. Tənqid islah üçündür, düzəliş vermək, yol üstünə qoymaq üçündür bundan qaçmaq özünə, xalqına xəyanətə bənzəyir.

 

 

 

– Bu yerdə istərdim sükanı teatr tənqidinə tənqidçilərinə tərəf döndərək.

 

Sözlərim onlara da aiddir. Dəfələrlə teatrşünaslarla söhbətlərim olub. Gəlirlər, baxırlar, yazırlar. Qeyd edirlər ki, bəs bu filan olmalı idi, amma olmadı. Soruşuram “Yaxşı, necə olmalıdır?” Deyir “Bilmirəm”. Əcəb işə düşdük. Yaxşı, necə olacağını bilmirsənsə, forman yoxdursa, nəyə əsasən düzgün olmadığını deyirsən? Əvvəl doğrunu tap, sonra mənim yanlışımı göstər.

 

 

 

– Deyəsən, tənqidə açıq adam deyilsiz...

 

– Niyə? Qətiyyən. Sadəcə mən düzgünlüyün tərəfdarıyam. İfa edən insana, şəxsiyyətinə yox, onun aktyor ifasına münasibət bildirməlisən. Belə olmaz axı. Yaxşı, məni sevmə, heç qəbul da eləmə. Amma aktyor kimi səhnədə baş verən proseslərə münasibətini sağlam, dürüst, peşəkar şəkildə bildir. Tənqid əsaslı olmalıdır və yol göstərməlidir. Əksini qəbul etmirəm. Bir yanlış başqa  yanlışa aparır. Teatr tənqidçiləri məhz bundan qaçmalı və teatrı sevməlidirlər, fərdləri yox. Bir-iki aktyorun, rejissorun, dramaturqun yox, ümumən teatrın təəssübünü çəkməlidirlər. Məhz o zaman düzgün, savadlı fikir yürüdə bilərlər. Teatrşünasbu dramaturq mənim dostumdur, tərifləməliyəm” deyirsə, bağışlayın, mən də “axı bunda tərifləməli heçyoxdur, insafın olsun” deməliyəm. Əgər dramaturji materialda ictimai fikir yoxdursa, o əsər heç kimə lazım deyil. Hər hansı əsər mütləq tamaşaçını düşündürməlidir. Ən acı komediyalar da gülərək düşündürməlidir. Amma, çox təəssüf ki, biz bunun əksini görürük.

 

 

 

Çünki lağlağıdan, xınayaxdı səviyyəsindəki oyun üslubundan peşəkar səhnə işi düzəltmək istəyirik...

 

– Bəla burasındadır ki, biz boş-boşuna gülürük. Gülüş xatirinə gülmək özünü ələ salmaqdır, sadəcə. Gülüş ən böyük, güclü silahdırsa və sənin bu silahından açılan atəş hədəfə dəymirsə, xahiş edirəm, teatrın daşını at...

 

Söhbətləşdi: Həmidə NİZAMİQIZI

 

Mədəniyyət.- 2021.- 20 avqust.- S.5.