Orta əsrlərin tanınmış musiqişünası

 

 

Orta əsrlərdə Azərbaycanın ensiklopedik bilik sahibi elm adamlarından birimusiqişünas alim Fətullah Şirvani olub. O, musiqi ilə bərabər riyaziyyat, həndəsə, astronomiya, coğrafiya, biologiya və ədəbiyyat sahəsində də böyük uğur qazanıb. Musiqidaxil olmaqla bir sıra elm sahələrinə dair risalə və şərhləri ilə tanınıb.

 

Fətullah Şirvani 1417-ci ildə Şamaxı şəhərində dünyaya göz açıb. İlk təhsilini atasından alıb. Ərəb və fars dillərini mükəmməl öyrənib. Sonra Şiraz, Səmərqənd və Tus şəhərlərində tanınmış elm ocaqlarında təhsilini davam etdirib, dövrünün görkəmli alimlərindən dərs alıb. 1435-ci ildə Səmərqəndə gedirorada Qadızadənin yanında astronomiya, dilçilikriyaziyyat haqqında biliklərə yiyələnir. 1440-cı ildə təhsilini başa vurub beş il Səmərqənd rəsədxanasında çalışır.

 

O, musiqi sahəsində də araşdırmalar aparıb, elmi əsərlər yazıb. Tədqiqatlarda göstərilir ki, alimin “Məcəllə fil-musiqa” (“Musiqi məcəlləsi” – musiqi məcmuəsi, toplusu) onun musiqi sahəsində məlum olan yeganə əsəridir. O, əsəri İstanbul fatehi II Sultan Mehmetə ithaf edib. Əsər müəllifin ensiklopedik biliyə sahib olduğunu göstərir. Əsərin günümüzə bir nüsxəsi gəlib çıxıb. İlk olaraq alman alimi Ekhard Noybauer (Eckhard Neubauer) əsəri aşkar edib. Fuad Sezgin isə 1986-cı ildə Almaniyanın Frankfurt-Mayn şəhərində əsərin faksimilesini alman şərqşünasın tədqiqatı ilə birlikdə nəşr edib. Əsərin 29 vərəqdən ibarət digər əlyazma nüsxəsi Hindistanın Rampur şəhər kitabxanasında qeydə alınıb. Şərqşünas E.Noybauer bu əsəri nöqsanlı hesab edib. O, nəşr edilən müqəddimədə F.Şirvaninin adının saxlanılması, Şamaxı şəhərində anadan olduğu göstərilməsinə baxmayaraq, alimin əslən iranlı olduğunu iddia edib.

 

Musiqi məcəlləsi” dövrünün çox qiymətli əsəri hesab edilib. Risalənin girişində müəllif əsərinin məqsəd və qayəsini orijinal bir şəkildə bildirib. İthaf etdiyi şəxsə (II Sultan Mehmet) müraciətini və mədhiyyəsini təqdim edib.

 

Sənətşünaslıq üzrə elmlər doktoru, akademik Zemfira Səfərova araşdırmasında yazır ki, əsər müqəddimə, iki hissə və yekundan ibarətdir. Hər hissə beş fəsildir. Birinci hissə – nəğmənin, yəni tonun tərifi və onun əhatə etdikləri haqqında, intervallar, intervalların toplanması, çıxılması, yarıya bölünməsi və ikiyə vurulması haqqında, cəmin – səslər sisteminin və kompozisiyanın uyumsuzluğunun (dissonanslığın) səbəbləri və nəhayət, ahəngdar kompozisiya haqqında fəsillərdən ibarətdir.

 

İkinci hissənin birinci fəsli dövrlər, ikinci fəsli dövrlərin, yəni muğamların təsirləri, doğurduqları ovqat və onların dinlənilmə vaxtları haqqında, üçüncü fəsli ritmin (“iqa”nın) tərifi və onun tərifindən irəli gələn məsələlər haqqında, dördüncü fəsil ritmin növləri, beşinci fəsil isə ritm dairələri haqqındadır.

 

F.Şirvani yazır: Onu da bil ki, onlar nəğmələrin (melodiyaların) kompozisiyasının qurulmasından (“təlif”indən) və ritmindən bəhs etdikləri kimi, alətlərdən, o cümlədən də ud və bərbət adlı alətdən də bəhs etmişlər... Bu alimlər adıçəkilən alətlərin vəziyyətlərini, dastanlarının (pərdələrinin) nisbətlərini dərindən araşdırmışlar... Mən isə (bu məsələləri) araşdırmaqdan yayındım, çünki əksər halda çalıb-oxumaq və onları bilərəkdən dinləmək haramdır. Əgər belə olmasaydı, mən də bu məsələdə onların adəti üzrə hərəkət edər və musiqi bəhslərinə bir yeni şey artırar, həmin bəhslərin araşdırmalarının nəticələrindən faydalı olanlarını yazardım. Beləliklə, mən bu məsələdə bildirmək istədiklərimin sonuna gəlib çatdım”.

 

F.Şirvani risaləsində ondan iki əsr əvvəl yaşamış Səfiəddin Urməvinin udun üzərində oktavaların və digər intervalların bölünmə cədvəlini təqdim edib. Məlumdur ki, F.Şirvaninin müasirləri XV əsrin böyük alimləri Əbdülqadir Marağayi, Əbdürrəhman Camiudun araşdırılması ilə məşğul olublar...

 

Araşdırmada o da qeyd edilir ki, “Məcəllə” risaləsinin müqəddiməsi də bir neçə hissədən ibarətdir. Müqəddimədə musiqinin yaranması haqqında Orta əsr musiqi ədəbiyyatında əsərdən əsərə keçən rəvayət burada da nəql edilir. Risalədə riyaziyyat elminin əsasları, təlif (bəstəkarlıq) elminin qolları və s. məsələlər haqqında məlumat verilir. Bildirilir ki, riyaziyyatın əsasında dörd elm: həndəsə, astronomiya, ədəd (hesab), təlif elmləri durur.

 

Müqəddimədə verilən hekayətlərin birində deyilir ki, biri o birinə çoxdan kin bəsləyən iki şəxs içki məclisində bir araya gəlir. Şərab onları tutduğundan hər ikisinin kini qaynayır. Düşmənçilik yada düşür. Onlar bir-birinin üstünə atılırlar. Çalğıçı məharətli bir şəxs olduğundan melodiyanı düşmənçiliyi yatıran nəğmə ilə əvəz edir. Musiqinin təsirindən hər ikisinin ürəyi yumşalır. Tutduqları işdən peşman kimi qucaqlaşır və bir-birindən üzr istəyirlər.

 

Müqəddimədə verilən başqa bir hədis isə Quranın tilavəti, onun avazla oxunmasından bəhs edir: “Hər şeyin bir bəzəyi var, Quranın da bəzəyi gözəl səsdir”; “Quranı ərəb səsləri ilə oxuyun”, “Quranı öz səslərinizlə bəzəyin, çünki gözəl səs Quranın gözəlliyini artırır” deyilir.

 

F.Şirvani “Məcəllə” əsərini ərsəyə gətirərkən İbn Sinanın yaradıcılığına, onun “Əş-şifa” əsərinə, Səfiəddin Urməvinin “Kitabül-ədvar” və “Şərəfiyyə” risalələrinə, Nəsrəddin Tusinin əsərlərinə və başqa görkəmli alimlərin irsinə müraciət edib. Onlardan yerli-yerində bəhrələnib, sitatlar gətirib.

 

F.Şirvani 1465-ci ildə Məkkəyə – həcc yolçuluğuna çıxıb. Səfər üstə iki il İraqda qalıb. 1467-ci ildə həcc ziyarətində olub. Sonra İstanbula gəlib və 1468-ci ildə oradan vətənə dönüb. 1486-cı ildə Şamaxı şəhərində vəfat edib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2021.- 20 avqust.- S.6.