Nəşri əlli il gecikən
toplu
Ələkbər Əsgərovun balaban aləti üçün köçürmələri
və işləmələri
Bu günlərdə “Azərbaycanın görkəmli
nəfəs-çalğı alətlərinin virtuoz-novator
ifaçısı Ələkbər
Əsgərovun balaban
aləti üçün
köçürmələri və işləmələri”
kitabı işıq üzü görüb. Nəşrin tərtibçisi və baş redaktoru mərhum balaban ifaçısının qızı,
Azərbaycan Milli Konservatoriyası (AMK) Musiqi
və tarixi nəzəriyyəsi kafedrasının
doktorantı, Ərdahan
Universitetinin (Türkiyə)
müəllimi Mahirə
Quliyevadır. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə
fəlsəfə doktoru
Sənubər Bağırova
kitaba ön söz yazıb.
S.Bağırova ön sözdə
vurğulayır ki, bu toplu, əslində,
əlli il
bundan qabaq çıxmalı idi. Bu məcmuənin nə üçün yarım əsr unudulub qalması ayrı bir hekayətdir.
Əgər musiqiçinin
böyük qızı
pianoçu Mahirə Quliyevanın iradəsi və əzmkarlığı
olmasaydı, bu məcmuə ola
bilər ki, heç vaxt işıq üzü görməzdi. Ələkbər Əsgərovun bu
əməyinin dəyəri
nədən ibarətdir?
Və nə üçün onu öz dövründə, yəni
çapa hazır olduğu yetmişinci illərdə nəşr etmək belə vacib idi?
2001-ci ildə UNESCO balabanı
“duduk” adıyla bəşəriyyətin qeyri-maddi
mədəni irsinin şah əsərləri siyahısına erməni musiqi aləti kimi daxil etmişdir. Bu alət Ermənistanda, həqiqətən də,
populyardır, lakin Azərbaycanda olduğundan
məşhur deyil.
UNESCO-nun standartlarına görə, müəyyən
bir mədəni hadisənin, abidənin və ya ənənənin
hansısa bir xalqa mənsubluğu yalnız onun mənşəyi ilə deyil, necə deyərlər, “onun daimi yaşadığı
ölkə” ilə, yəni onların həmin xalqın mədəni həyatında
oynadığı əhəmiyyətlə,
bu mədəni ənənənin xalq arasında varisliyi və onun inkişafının
davamlılığı ilə
müəyyən edilir.
Ələkbər Əsgərovun əlyazmaları
vaxtında nəşr
olunsaydı, hələ
yarım əsr bundan əvvəl balabanın Azərbaycan musiqisində oynadığı
rol, Azərbaycan xalqının onunla bağlı mədəni və musiqi ənənələrinin tarixi
varisliyindən xəbər
verə bilərdi.
Ön sözdə qeyd olunur ki, Ələkbər
Əsgərov Azərbaycan
xalq musiqisinin ümumi repertuarında bu gün “əriyən”
bir çox məşhur, tez-tez ifa olunan rəqs
melodiyalarının və
muğam rənglərinin
müəllifidir. O, həmçinin,
bu məcmuədə yerləşən bir çox əsərlərin
– Azərbaycan və xarici bəstəkarların
balaban üçün
köçürmələrinin müəllifidir. Bu köçürmələr
nəticəsində Ələkbər
Əsgərov xalq nəfəs alətləri
ifaçılarının ənənəvi repertuarının
çərçivəsini xeyli genişləndirib, ona peşəkar Azərbaycan bəstəkarlarının
(Üzeyir Hacıbəyli,
Süleyman Ələsgərov,
Cahangir Cahangirov, Ağabacı Rzayeva və b.) musiqisini, eləcə də rus, sovet və
hətta Avropa bəstəkarlarının bir
sıra əsərlərini
daxil edib. Balabanda ifa olunan musiqinin
repertuarının genişlənməsi,
təbii ki, bu milli musiqi
alətinin texniki və bədii imkanlarının daha da inkişaf etməsinə səbəb
olub.
S.Bağırova daha sonra yazır: “Ələkbər Əsgərovun balaban üçün köçürmələri, təəssüf ki, onun bəstəkarlıq yaradıcılığı ilə eyni taleyi yaşadı: o öz köçürmələrini tələbə və həmkarları arasında səxavətlə bölüşürdü. Onun notları əllərdə gəzir və bu repertuar ümumi sərvətə çevrilirdi. Təəccüblü deyil ki, 1995-ci ildə ölümündən sonra onun not köçürmələrinin çoxu bəzi tələbələri tərəfindən tərtib olunmuş toplulara daxil edilmişdir. Lakin musiqiçi sağlığında da ağır zərbələrlə üzləşməli oldu: ona məxsus not köçürmələrinin əksəriyyəti, habelə yazdığı “Xalq nəfəs çalğı alətlərində çalğı məktəbi”ndən fraqmentlər və fotolar həmkarı Enok Köçərovun 1977-ci ildə nəşr etdiyi məcmuədə göründü. Nəşrə tövsiyə almaq niyyəti ilə Ə.Əsgərovun metod kabinetə gətirdiyi bu əlyazma qəribə bir şəkildə yoxa çıxdı. Bu əlyazmadan yalnız köçürmələr toplusuna öz əlilə yazdığı başlıq səhifəsi, notların özləri, həmçinin köhnə, çap maşınında yığılmış mətnin pərakəndə səhifələri və balabanın applikaturasının təsviri olan vərəq qorunub saxlanmışdır. Bu materiallar, həmçinin yenidən köçürülən notlar, musiqiçinin böyük qızının arxivində saxlanılır və məhz onun fəal iştirakı ilə indi bu məcmuə işıq üzü görür”.
“Zərdabi nəşriyyat-poliqrafiya” MMC-də çap olunan kitabın elmi məsləhətçisi Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova, rəyçiləri professorlar Vamiq Məmmədəliyev, Arif Əsədullayev, Abbasqulu Nəcəfzadə, İlham Nəcəfov, Əməkdar artist Şirzad Fətəliyev, texniki redaktoru Ərdahan Universitetinin müəllimi Yusuf Altundur.
Lalə AZƏRİ
Mədəniyyət.- 2021.- 20
avqust.- S.7.