Misir qəzetində Natəvana həsr
olunmuş məqalə
Misirin “Əl Əhram” qəzetində jurnalist Mahmud Diabın “Qafqazda zülməti aydınladan xanım” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə adının mənasının “Günəş şüası” olduğu Xurşudbanu Natəvanın (1832–1897) ədəbiyyata və elmə verdiyi töhfələrin Qafqazda bir nur kimi qaranlıqları aydınlatdığı vurğulanır. Müəllif qeyd edir ki, şairə Natəvan Azərbaycanın Qarabağ torpağının dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biridir.
Diqqətə çatdırılır ki, Qarabağın hökmdarı İbrahimxəlil xanın nəvəsi Xurşudbanu Natəvan hələ uşaqlıq illərində dünyəvi elmləri, ərəb və fars dillərini öyrənib, klassik poeziyanın incəliklərinə yiyələnib. O, Şuşada ədəbi məclislər təşkil edib, həmçinin xeyriyyəçiliklə məşğul olub. O dövrdə rusca nəşr olunan “Kavkaz” qəzetində bu nəcib xanımın kasıblara əl tutması, Şuşaya su çəkdirməsi barədə yazılar dərc edilmişdi. “Xan qızı Natəvan sarayı” və “Xan qızı Natəvan bulağı” qədim Şuşanın bəzəyi olub. Poeziya ilə yanaşı, Natəvan təsviri sənət və musiqi istedadına da malik olub.
Müəllif Natəvanın həyatının Tiflis, Dağıstan dövrlərindən də bəhs edib. Xan qızının dəfn edildiyi Ağdama səfər etmiş M.Diab diqqətə çatdırıb ki, onun qəbrinin olduğu İmarət qəbiristanlığı, buradakı türbənin önündəki büstü erməni işğalçıları tərəfindən dağıdılıb. O əlavə edib ki, Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra qəsbkarların dağıtdığı “Xan qızı” bulağı qısa müddətdə bərpa olunub. Jurnalist məqalədə Şuşa azad olunandan sonra doğma şəhərə qaytarılan məşhur “güllələnmiş abidələr”dən biri – Natəvanın büstü haqqında da bəhs edib.
Mədəniyyət.- 2021.- 25
avqust.- S.6.