Lələtəpə Neolit dövrü yaşayış yerində yeni tapıntılar

 

AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun Eneolitİlk Tunc dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədovun rəhbəri olduğu ekspedisiyanın Füzuli rayonunun Horadiz kəndinin inzibati ərazisinə daxil olan Lələtəpə Neolit dövrü yaşayış yerində apardığı tədqiqatların ilkin nəticələri açıqlanıb.

 

İnstitutdan bildirilib ki, arxeoloji abidə 2016-cı ilin aprelində Azərbaycan Ordusunun düşmən işğalından azad etdiyi Lələtəpə yüksəkliyinin daxil olduğu ərazidə yerləşir. Hündürlüyü 6,4 metr, sahəsi 0,9 hektar olan təpə formalı qədim yaşayış yerinin səthi 2019-cu ildə “Qarabağ Neolit-Eneolit ekspedisiyası” tərəfindən qeydiyyata alınıb. 2020-ci ildə başlanan arxeoloji qazıntılar bu ildavam etdirilib.

 

Hər biri 16 kvadratmetr olan dörd sahədə aparılan qazıntı zamanı e.ə. əvvəl VI minilliyin I yarısına aid oval, dairəvi və düzbucaqlı quruluşda çiy kərpicdən 3 tikinti qalığı və həyətin divarının bir hissəsi aşkar edilib. Yaşayış üçün istifadə edilmiş tikili qalığının müxtəlif səviyyələrdə üç döşəməsi müəyyənləşdirilib ki, bu döşəmələr də oxra (təbii mineral qırmızı boya) əlavə edilmiş palçıqla suvanıb. Buradan iki təsərrüfat küpü, daşdan və sümükdən müxtəlif təyinatlı alətlər, ocaq qalıqları aşkarlanıb. Tikili qalığının üçüncü döşəməsinin altında bükülü halda dəfn edilmiş uşaq skeletinə təsadüf edilib.

 

Abidənin ən maraqlı cəhəti məzarlıqla bağlıdır. Cənubi Qafqazın tədqiqata cəlb edilmiş bir çox Neolit dövrü abidəsində ayrı-ayrılıqda insan qəbirləri və bir qəbirdə kütləvi dəfn (Menteştəpə, Tovuz rayonu) aşkar olunsa da, insanların müəyyən oturuşmuş ayinlərin icra edildiyi məkanda – məzarlıqda dəfn edilməsi adətinə ilk dəfə təsadüf olunur. Təmizlənmiş qəbirlərdən 14 skelet aşkar edilib. Skeletlər oval quruluşlu xüsusi dəfn kamerasında-çalada aşkarlanıb. Qəbirlərdə insanlar tək və qoşa olmaqla sıx bükülü vəziyyətdə, müxtəlif istiqamətdə dəfn edilib. Dəfn olunan insanların yanında pasta, malaxitdaş muncuqlar, sümükdən hazırlanmış bəzək əşyaları və əsabaşı (skipetr) aşkarlanıb.

 

Xəqani Alməmmədov bildirib ki, məzarlıqdan aşkar edilmiş skeletlərdən götürülmüş nümunələrin Hacettepe Universitetinin (Türkiyə) “Antik DNT laboratoriyası”nda analizləri aparılaraq bu insanların genetik bağlılıqları, irsibakterioloji xəstəlikləri və qida rasionları öyrəniləcək. Aparılacaq DNT çalışmaları ümumilikdə Neolit dövründə Qarabağ ərazisində baş vermiş etnik-mədəni dəyişikliklər və xüsusən də Cənubi Qafqazda erkən istehsal münasibətlərinin təşəkkülündə etnikya mədəni miqrasiyanın rolunun öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda bu nümunələr əsasında abidənin radiokarbon tarixlənməsi də veriləcək.

 

Qeyd edək ki, Neolit dövründə Azərbaycan ərazisində Şomutəpə arxeoloji mədəniyyəti ilə yanaşı mövcud olan Qarabağ arxeoloji Neolit mədəniyyəti dünya elmi dairələrinin diqqətindədir. Bu baxımdan Lələtəpə qədim yaşayış yeri arxeologiya üçün böyük maraq kəsb edir.

 

 

Mədəniyyət.- 2021.- 25 avqust.- S.6.