“Mirzə Kazım bəy” sənədli filmi bərpa olunub
Azərbaycan Dövlət Film Fondu tərəfindən “Mirzə Kazım bəy” sənədli filmi bərpa olunub.
1983-cü ildə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında istehsal edilmiş ekran əsəri görkəmli Azərbaycan şərqşünası, maarifçi Mirzə Kazım bəyin (Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu; 1802–1870) həyat və fəaliyyətinə, zəngin elmi irsinə həsr olunub.
Sənədli filmdə şərqşünas alimin Kazan və Sankt-Peterburq universitetlərində fəaliyyətindən ətraflı söz açılır.
Mirzə Kazım bəy Peterburq Universitetini bitirib, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü (1835) olub. 1828-ci ildə Kazan Universitetində yenicə yaranmış Türk dilləri fakültəsinə rəhbər təyin olunan dilçi alim 1839-cu ildə “Türk-tatar dilinin qrammatikası” dərsliyini çap etdirib. 1853-cü ildə Peterburq Universitetində açılan Şərqşünaslıq fakültəsinin dekanı təyin edilib.
Sənədli filmin ssenari müəllifi Ağabala
Rzayev, rejissoru və operatoru Zaur Məhərrəmov,
bəstəkarı Cavanşir Quliyevdir. Diktor mətnini Hamlet Xanızadə oxuyub.
Mədəniyyət.- 2021.- 25
avqust.- S.7.