Teatrların açılması

 

 

Epidemioloji vəziyyətdən asılıdır

 

 

 

“Azərbaycanda xüsusi karantin rejimi müddətində teatr-konsert müəssisələrinin fəaliyyətinin davam etdirilməsi barədə qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilə bilər”.

 

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə bu barədə teatrların nə vaxt açılacağı ilə bağlı suallara cavabında bildirib. O qeyd edib ki, nazirlik tərəfindən məsələ ilə bağlı Operativ Qərargaha müraciət ünvanlanıb. Teatrların fəaliyyəti ilə bağlı hər hansı qərar verilərsə, ictimaiyyətə bu barədə məlumat veriləcək: “Ümid edirik ki, epidemioloji vəziyyət tezliklə stabilləşər və ölkəmizin mədəni həyatı öz axarına qayıdar”.

 

***

 

Xatırladaq ki, 2020-ci ilin mart ayında COVİD-19 pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq olunandan sonra teatrkonsert müəssisələrinin, eləcə də kinoteatrların fəaliyyəti dayandırılıb. Ötən müddətdə karantin rejimində hər dəfə yumşalma olarkən teatrların da açılması məsələsi gündəmə gəlib, bununla bağlı müəyyən fikirlər səslənib.

 

“Növbəti mərhələdə teatrların və kinoteatrların açılması da müzakirə olunur” – bu fikri iyulun 26-da jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov demişdi (APA). Prezidentin köməkçisi qeyd etmişdi ki, amma gələcəkdə bu sahənin fəaliyyətinə icazə veriləcəyi təqdirdə giriş üçün COVİD-19 pasportu tələb ediləcək.

 

Lakin həmin açıqlamadan sonrakı həftələrdə epidemioloji vəziyyətin yenidən ağırlaşması və COVİD-19-a yoluxma sayının kəskin artması, görünür, bu məsələni yenidən rəfə qaldırıb. Avqustun 20-də Operativ Qərargahın brifinqində indiki mərhələdə teatr və kinoteatrların açılması məsələsinə baxılmadığı bildirildi.

 

Eyni zamanda Operativ Qərargahın daha öncə qəbul etdiyi qərarlar diqqətə çatdırılaraq qeyd olundu ki, sentyabrın 1-dən iri ticarət mərkəzlərinə, restoranmehmanxanalara giriş (18 yaşdan yuxarı vətəndaşlar üçün) yalnız COVİD pasportu ilə olacaq. Eyni zamanda 18 yaşdan yuxarı tələbələrin də ənənəvi təhsilə başlaması üçün vaksin olunması və COVİD pasportu əldə etməsi şərtdir.

 

“Hər bir vətəndaş öz addımlarına məsuliyyətlə yanaşsa, biz vaksinasiyada uğur əldə edəcəyik. Bu gün bizdə xəstəxanalarda ciddi təzyiq olmamasına səbəb peyvəndləmədir. Bizdə bu gün 24 % peyvəndləmə edilib. Biz bunu 60 %-ə qaldıra bilsək, Azərbaycanda pandemiya bitəcək. Bu, birgə məsuliyyətdir”, – deyə Prezidentin köməkçisi Şahmar Mövsümov brifinqdə bildirib.

 

Operativ Qərargahın brifinqində indiki şəraitdə teatr və kinoteatrların fəaliyyətinin bərpa olunmayacağı barədə səslənən fikirlər incəsənət nümayəndələri tərəfindən narazılıqla qarşılanıb. Onlar COVİD pasportu ilə bir çox müəssisələrə girişin mümkün olduğu halda, teatrlara belə imkanın yaradılmadığını bildirirlər. “Əgər COVİD-19 pasportu ilə hər yerə getmək mümkündürsə, niyə teatrlara, kinoteatrlara həmin pasportla getmək olmaz”, – deyə Əməkdar artist Sənubər İsgəndərli sosial şəbəkədə sual edir.

 

Xalq artisti Nurəddin Mehdixanlı da eyni fikirdədir: “Kinoteatrlar, teatrlar işləmir, uşaqlar Kukla Teatrına getmirlər, orta məktəb şagirdləri Gənc Tamaşaçılar Teatrına gedə bilmirlər. Biz teatr nümayəndələri, aktyorlar böyük bir nəslin mədəni tərbiyəsində yanında olmaqdan uzaqlaşdırılmışıq. Bunun nəticələri gələcəkdə yaxşı olmayacaq. İstənilən vəziyyətdən çıxış yolu var. Bu gün restoranlar, barlar, kafelər tam şəkildə işləyə bilirsə, insanlar rahat gedib-gələ bilirlərsə, nədən teatrlarda müvafiq şəraiti yaratmayaq”.

 

Xalq artisti hesab edir ki, ilk növbədə, teatrların rəhbərləri bunda maraqlı olmalıdır. Əgər teatrın tamaşaçı zalında 500 nəfərlik yer varsa, ara məsafəsi saxlamaqla, maskalardan istifadə etməklə, gigiyena qaydalarını gözləməklə niyə 100 nəfər üçün tamaşa göstərilməsin: “Əgər biz teatrımızı bu vəziyyətdən çıxara bilməsək, geri dönməz vəziyyətlərə aparacaq. Azərbaycanda vaksin vurduran, vaksin pasportu alan kifayət qədər insan var. Onlar bu şəkildə teatrlara gələ bilərlər”.

 

 

Mədəniyyət.- 2021.- 25 avqust.- S.2.