Dünyanı fəth edən ecazkar sənət
26 avqust “Azərbaycan
muğamı və İpək Yolu üzərində
yerləşən ölkələrin musiqisi
günü”dür
Ana laylası ilə canımıza hopmuş, yaddaşımızda əbədiləşmiş Azərbaycan muğamı həm də dünya musiqi xəzinəsinin incisidir. Görkəmli xanəndələrimizin ifasında bu musiqi dilindən, milliyyətindən asılı olmayaraq dinləyicini ilahi başlanğıc, əbədi olum-ölüm həqiqətləri barədə düşünməyə sövq edir, ona məhəbbət, sevinc, kədər hisslərini yaşadır.
Azərbaycan xalqının qədim irsi olan muğam tarixən enişli-yoxuşlu yollardan keçsə də, xalqımız onu qoruyaraq, inkişaf etdirərək nəsildən-nəslə ötürüb. Müstəqil Azərbaycanda isə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoyaraq dünyanı fəth edir.
Azərbaycan muğamının müasir tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İCESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı, sözün əsl mənasında, intibah dövrünü yaşayır.
Muğam Azərbaycanın zəngin qeyri-maddi mədəni irsinin UNESCO tərəfindən bəşəriyyətin sənət inciləri xəzinəsinə daxil edilmiş ilk nümunəsidir. Üstəlik, muğamla bağlı UNESCO səviyyəsində iki dəfə (2003, 2008) belə mötəbər qərar qəbul edilib.
Ölkəmizdən min kilometrlərlə uzaqda – Kanadada isə 2010-cu ildə 26 avqust – “Azərbaycan muğamı və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü” təsis edilib. Niaqara Şəhər Meriyası və Niaqara Musiqisi Festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir.
2020-ci ildə əldə etdiyimiz tarixi Zəfər, 44 günlük Vətən müharibəsində şanlı qalibiyyət bizi otuz il həsrətində olduğumuz muğam yurdumuz Qarabağa, mədəniyyətimizin paytaxtı Şuşaya qaytardı. Bu qayıdış çoxəsrlik tarixi olan Azərbaycan muğamının da yeni bir intibahıdır, milli musiqimizin əbədi baharıdır. 2021-ci ilin 12-13 may tarixlərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşanın əsrarəngiz düzündə keçirilən “Xarıbülbül” Musiqi Festivalı mədəniyyətimizin paytaxtına qayıdışımızın möhtəşəm nümayişini bütün dünyaya göstərdi.
Ölkəmizdə ənənəvi “Muğam aləmi” Beynəlxalq muğam festivallarının, müsabiqələrin, muğam simpoziumlarının təşkili, “Qarabağ xanəndələri” albomunun buraxılması, “Muğam” jurnalının, “Muğam ensiklopediyası”nın nəşri, müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusunun hazırlanması Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Fondunun bu sahəyə göstərdiyi diqqətə bariz nümunələrdəndir.
Azərbaycan muğamına yeni bir həyat bəxş edən Mehriban Əliyeva bu bənzərsiz sənət inciləri ilə bağlı fikirlərini belə dilə gətirir: “Biz azərbaycanlılar hamımız, haqlı olaraq, öz doğma muğamlarımızla fəxr edirik. Hər bir azərbaycanlı üçün muğam xüsusi əhəmiyyət daşıyır. Qərblə Şərq arasında, Böyük İpək Yolu üstündə yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda əsrlərboyu öz mədəniyyətini formalaşdırmışdır. Bəzi dövrlərdə biz müxtəlif imperiyaların daxilində yaşasaq da, dinimiz, milli dəyərlərimiz, dilimiz, mədəniyyətimiz bizi bir xalq kimi, millət kimi qoruyub saxlamışdır. Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm muğam gözəlliyin və məhəbbətin rəmzidir - səhv etmərəm”.
Bəstəkarlarımız üçün ilham mənbəyi olan muğam, həm də milli musiqi mədəniyyətimizin uğurlarının əsasında durur. Dahi Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasını muğam üzərində yazıb, Fikrət Əmirov “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları ilə dünya musiqisində simfonik muğam janrının əsasını qoyub. Niyazi, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Aqşin Əlizadə, Arif Məlikov, Firəngiz Əlizadə və digər görkəmli bəstəkarlarımızın yaradıcılığında muğamdan irəli gələn bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə qovuşur. Vaqif Mustafazadə bu janrı caz sənətinə gətirib.
Tarixən Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Şamaxıda Mahmud Ağanın, Bakıda Məşədi Məlik Mənsurovun məclisləri, bu məkanlardan çıxan böyük sənətkarlar muğamın milli musiqimizin ana dili olduğunu bir daha təsdiqləyir. Hələ 1922-ci ildə Bakıda açılmış ilk Avropa tipli musiqi tədris müəssisəsinin dərs proqramına muğamın tədrisi daxil edilib. Bu sənət rəssamlarımız, heykəltəraşlarımız, şairlərimiz, rejissorlarımız üçün bu gün də ilham mənbəyidir.
Dövlətimizin muğam sənətinə, onu yaşadanlara böyük diqqət və qayğısı onları yeni-yeni yaradıcılıq axtarışına həvəsləndirir. Ustad və novator sənətkar, hələ 1999-cu ildə UNESCO-nun Beynəlxalq Musiqi Şurasının birinci mükafatına layiq görülmüş Alim Qasımovun muğamı özünəməxsus ifası bu sənətin geniş imkanları ilə dünya auditoriyasını heyran qoyur.
Xalqımızın tarixini səslərdə əbədiləşdirən muğamlarımız ən ağrılı-acılı günlərimizdə, o cümlədən Qarabağsız keçirdiyimiz illərdə həm də mənəvi təskinlik mənbəyimiz olub. 2020-ci ilin Qarabağ Zəfərindən sonra isə heyrətamiz hisslər, düşüncələr, müdriklik mənbəyi olan muğam bizə azad Vətən torpaqlarına qovuşmağın fərəhini yaşadır...
Mədəniyyət.- 2021.- 25
avqust.- S.1;3.