Heykəltəraş soydaşımız Xarkovun “Fəxri vətəndaşı” adına layiq görülüb

 

 

Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş, soydaşımız Katib Məmmədov Xarkov şəhərinin “Fəxri vətəndaşı” adına layiq görülüb. Bu barədə Xarkov Şəhər Şurası qərar çıxarıb.

 

Katib Məmmədov Xarkov şəhərinin mədəniyyət sahəsində inkişafına görə bu ada layiq görülüb. Bununla bağlı keçirilən rəsmi tədbirdə çıxış edən Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov bildirib ki, Katib Məmmədov şəhərimizin fəxridir. Onun heykəlləri Xarkovun vizit kartına çevrilib.

 

Katib Məmmədov bildirib ki, bu ada layiq görülməsi onun sənətinə, eyni zamanda azərbaycanlılara, Azərbaycan xalqına verilən qiymətdir.

 

“Azərbaycan və Ukrayna arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlıq inkişaf etməkdədir. Bu gün bu əməkdaşlığın inkişafına, azacıq da olsa, verdiyim töhfəyə görə özümü xoşbəxt sayıram”, – deyə o əlavə edib.

 

Qeyd edək ki, 1987-ci ildən Xarkovda yaşayan soydaşımız şəhərdə 10-dan artıq heykəl kompozisiyasının müəllifidir.

 

Xatırladaq ki, digər soydaşımız, Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanova da bir neçə il öncə Xarkov vilayətinin “Fəxri vətəndaşı” adı verilib.

 

Mədəniyyət.- 2021.- 27 avqust.- S.8.