“Qızıl Azərbaycan
aşığı”
Şirvan aşıq mühitinin yetirdiyi tanınmış sənətkarlardan biri də Aşıq Mirzə Bilal olub. O, 40 ilə yaxın el məclislərində çıxış edib, bu sənəti təbliğ edib. Eyni zamanda aşıq şeirinin bir çox janrlarında əsərlər yaradıb, onlarca şəyird yetişdirib.
Aşıq Mirzə Bilal Mustafa oğlu 1872-ci ildə Şamaxı qəzasında, indiki Ağsu rayonunun Qəşəd kəndində dünyaya göz açıb. Erkən çağlardan poeziyaya maraq göstərir. Ancaq ailə qəflətən bədbəxtliklə üzləşir. Mustafa kişi 1880-ci ildə vəfat edir. Ailənin dolanışığı balaca Bilalın üzərinə düşür. İmkansızlıq üzündən məktəbə gedə bilmir. Ancaq tay-tuşları arasında iti yaddaşı, istiqanlılığı, mehribanlığı və məlahətli səsi ilə diqqət çəkir. Bilalın bu keyfiyyətlərini görən Molla Xası onu öz məktəbinə götürür. O, burada ərəb, fars dillərini öyrənir. Məktəbi bitirdikdən sonra Molla Xası ona Seyid Əzim Şirvaninin məktəbində oxumağı məsləhət görür. Bilalın gələcəyinə ümidlə baxan Seyid Əzim isə ona ilk gündən xeyir-dua verir. Bilal təhsilini başa vurduqdan sonra bir müddət Şamaxıda Mahmud ağanın şeir-musiqi, S.Ə.Şirvaninin “Beytüs-Səfa” və digər məclislərdə iştirak edir. Beləliklə, Şamaxı ədəbi mühiti onu sənət dünyasına bağlayır. Mahmud ağanın məclisində Əngəxaranlı Aşıq İbrahimlə tanışlığı gənc Bilalda aşıq sənətinə dərin maraq yaradır. O, muğam sənətinin sirlərini isə “Şirvan bülbülü” adlandırılan Mirzə Məhəmmədhəsəndən öyrənir.
Araşdırmalarda qeyd edilir ki, görkəmli sənətkar aşıqlıq fəaliyyəti dövründə Şamaxının ünlü ziyalılarından M.Ə.Sabir, A.Səhhət, M.Hadi, S.Qənizadə, Aşıq İbrahim, Aşıq Nurəddin, Əbdülxaliq Əfəndi və s. ilə ünsiyyətdə olub. Bu mühit Aşıq Mirzə Bilalın dünyagörüşünün formalaşmasına və yaradıcılığının zənginləşməsinə müsbət təsir göstərib.
Getdikcə sənət şöhrəti Şirvanın hüdudlarını aşsa da, öz ustadlarını unutmur, ziyalılarla ünsiyyətini kəsmir. Ağsuda yaşayıb-yaradan məşhur “Aşıq Cəlal və Kəklik” dastanının müəllifi Aşıq Cəlal və tanınmış xanəndə Mirzə Məmmədhəsənlə yaxın dostluğunu davam etdirir.
Günlərin birində Şamaxıda M.Məmmədhəsənin yanına gedərkən Sarıtorpaq məhəlləsindən keçir. Talıb kişinin qızı Soltanxanımı görür və ona aşiq olur. Aşıq Bilal bu münasibətlə “Sarıtorpaq” şeirində yazır:
Çəmənlər qoynunda, güllər içində,
Mən səni çiçəklər əlində gördüm.
Şəkəri, badamı, noğulu, qəndi,
Ağzında, ləbində, dilində gördüm.
Aşıq Mirzə Bilal yaradıcı sənətkar kimi “Havar-koxa”, “Güdayı”, “Bilal gözəlləməsi” və digər aşıq havalarının müəllifi kimi də tanınıb.
El sənətkarı Bakı şəhərində də toy şənliklərində iştirak edib. Ü.Hacıbəyli, C.Qaryağdıoğlu, S.Şuşinski, Q.Pirimov, Aşıq Sənəm, Aşıq Mirzə, Aşıq Əsəd, Aşıq İslam, Aşıq Məhəmməd və digər sənət adamları ilə dostluq əlaqələri saxlayıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra Şamaxıda yerli hakimiyyət orqanında çalışır.
Aşıq Mirzə Bilal 5 may 1928-ci ildə Bakıda keçirilən Azərbaycan Aşıqlarının birinci qurultayında iştirak edib. Qurultayda “Qızıl Azərbaycan aşığı” fəxri adına layiq görülüb. Sovetlərin şəninə şeirlər qələmə alıb.
Ancaq onun vaxtilə Cümhuriyyətə də rəğbət bəsləməsi yeni quruluşda diqqətdən yayınmır, təqib və təhdidə məruz qalır. 1933-cü ildə adı qolçomaq siyahısına salınır və həbs edilir. Aşıq bu haqsızlığa qarşı dərdli-məlallı şeirlər yazır:
Dəli könlüm, heç ahu-zar eyləmə,
Hər iş qaydasında keçib gedəcək.
Dünyanı dördəlli qamarlayanlar,
Əcəl şərbətini içib gedəcək.
Bir müddət sonra onun həbsi üçün heç bir əsas olmadığına görə azad edilir.
Repressiya dalğasının tüğyan etdiyi bir dövrdə – 15 iyul 1937-ci ildə sənətkar bir daha nəzarətə götürülür. Şamaxıda əksinqilabi təşkilatın üzvü olmaqda təqsirli bilinərək həbs edilir. Evi, əmlakı müsadirə olunur, arxivi və cürə sazı da götürülür. Həmin ilin qışında saxta ittihamlarla 65 yaşında güllələnir.
Aşıq Mirzə Bilalın sənət yolu oğlu, tanınmış saz-söz adamı Ağalar Mikayılov (1913–1988) tərəfindən davam etdirilib. Aşıq Ağalar yüzlərlə şeiri, 4 dastan-rəvayəti və qəlb titrədən avazı ilə yaddaşlara köçüb.
S.FƏRƏCOV
Mədəniyyət.- 2021.- 1 dekabr.- S.6.