Madriddə yeni çapdan çıxmış “Yeddi gözəl” kitabının təqdimatı

 

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü ilə Madriddə çap olunmuş Nizami Gəncəvinin “Yeddi gözəl” kitabının təqdimat mərasimi keçirilib. Tədbir “Espacio Ronda” Mədəniyyət Mərkəzində təşkil olunub.

İspaniyanın Mühyiddin ibn əl-Ərəbi Cəmiyyətinin sədri, filologiya elmləri doktoru, professor Pablo Beneito tədbiri giriş sözü ilə açaraq böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının dünya poeziyasına təsirindən, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İspaniya-Azərbaycan ədəbi əlaqələrinin inkişafına, iki ölkə arasında ədəbiyyatlararası mübadilələrə verdiyi əlamətdar töhfələrdən danışıb.

Daha sonraMandala Ediciones” nəşriyyatının direktoru Fernando Kabal Riera, yazıçı-rəssam Ana Krespo, Azərbaycanın İspaniyadakı Səfirliyinin nümayəndəsi Məqsəd Hüseynov və digər qonaqlar çıxış edərək Nizami Gəncəvi poeziyasının dərin hikmətlərindən, ədaləti, humanizmi, bərabərliyi, insanlığa sevgi və mərhəməti tərənnüm edən bəşəriliyindən söz açıblar.

Tədbirin sonunda yazıçı-rəssam Ana Krespo sufizm mövzusunda çəkdiyi rəsmlərin slaydlarını nümayiş etdirib, mövzuya dair sualları cavablandırıb.

Qeyd edək ki, “Yeddi gözəl” poeması ilk dəfə Madriddə 2000-ci ildə işıq üzü görüb və həmin kitabın ön sözündə Nizami Gəncəvi oxucularafars şairikimi təqdim edilib.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ərəfəsində Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü və səyləri nəticəsində əsər yenidən, bu dəfə Nizaminin dahi Azərbaycan şairi olduğunu elmi dəlillər və faktlarla sübuta yetirən yeni ön sözlə (müəllif – görkəmli nizamişünas-alim Rüstəm Əliyev) nəşr olunub.

Mandala Ediciones” nəşriyyatında çap olunmuş kitabın ispan dilinə tərcümə müəllifi tanınmış mütərcim Karmen Linares, redaktoru ispan filoloqu Fransisko Kapilla Martindir.

 

Mədəniyyət.- 2021.- 1 dekabr.- S.2.