“Varlığın fraqmentləri”
Milli Xalça Muzeyində gürcü rəssamın sərgisi
Noyabrın 30-da Azərbaycan Milli Xalça Muzeyində gürcü rəssam, sənətşünas Nino Kipşidzenin “Varlığın fraqmentləri” adlı sərgisinin açılışı keçirildi. Sərgi Azərbaycan Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi və Gürcüstanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşır.
Açılışdan əvvəl media nümayəndələri üçün muzeydə presstur təşkil edildi. Nümayiş olunan xalça və xalça məmulatları haqqında jurnalistlərə məlumat verildi.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova qonaqları salamlayaraq sərgi barədə söz açdı. Qeyd etdi ki, ekspozisiyada Nino Kipşidzenin oturtma tikmə texnikasında yaratdığı 45 panno nümayiş olunur. Təqdim olunan əsərlərdə müxtəlif rəngli və fakturalı parça fraqmentlərinin yaratdığı təkrarolunmaz səth vizual olaraq ikiölçülü müstəvini “yarıb keçərək” tamaşaçıya yeni, ecazkar, çoxölçülü bir dünya açır: “Bu əsərlər sanki tekstildə rəngkarlıqdır. İlk dəfə 2017-ci ildə Nino xanımın emalatxanasında olanda bu əsərlərə heyran olmuşdum. Rəssam əsərlərində Şərq və Qərb estetikasının sintezini yaradır”.
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze diqqətə çatdırdı ki, sərginin təşkili ölkələrimiz arasında dostluğu gücləndirən amildir: “Mədəni əlaqələrin inkişafı xalqları bir-birinə daha yaxın edir. Əminəm ki, sərgidən böyük zövq alacaqsınız. Fürsətdən istifadə edib Azərbaycanın Mədəniyyət Nazirliyinə və Xalça Muzeyinə təşəkkürümü bildirirəm. Bu sərgi ölkələrimiz arasında mədəni əlaqələrə bir töhfədir”.
Gürcüstan Milli Muzeyinin baş kuratoru (həm də sərginin), Tbilisi Dövlət Universitetinin professoru İrina Koşoridze çıxışı zamanı Milli Xalça Muzeyindən aldığı təəssüratdan heyranlığını ifadə etdi. O, Azərbaycanla birlikdə bir neçə layihənin reallaşmasında iştirak etdiyini dedi: “Nino Kipşidzenin yaradıcılığı dünyanın bir neçə ölkəsində sərgilənib və Bakıda bu işlərin nümayişindən məmnunluğumuzu bildirirəm”.
Nino Kipşidze çıxış edərək təşkilatçılara minnətdarlığını bildirdi. Bir neçə dəfə Bakıda olduğunu vurğulayan rəssam sərgiyə və səmimi münasibətə görə təşəkkür etdi.
Qeyd edək ki, rəssam əsasən mənzərə və natürmort janrlarında işləyir. O, həmçinin fiqurlu kompozisiyalar da yaradır.
Xalça Muzeyində “Varlığın fraqmentləri” sərgisi 22 yanvar 2022-ci il tarixinədək davam edəcək.
Lalə
AZƏRİ
Mədəniyyət.- 2021.- 1
dekabr.- S.1;2.