“Aşıq sənətinin Ələsgər zirvəsi”

 

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr edilən “Aşıq sənətinin Ələsgər zirvəsi” adlı elmi konfrans keçirilib.

Tədbiri açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli Aşıq Ələsgərin yaradıcılığı ilə bağlı aparılan tədqiqatlardan danışıb.

Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının rəhbərliyi və filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilova və filologiya elmləri doktoru, professor Mahmud Allahmanlının iştirakı ilə hazırlanan “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” kitabının məziyyətlərinə toxunub.

Professor Məhərrəm Qasımlı bildirib ki, Aşıq Ələsgər yaradıcılığına həm folklor, həm də ədəbiyyat hadisəsi kimi baxmaq olar: “Ustad aşığın yaradıcılığı birbaşa ədəbiyyat nümunələridir. Onun şeirlərini təhlil etdikdə də bunu görmək olar”.

“Aşıq Ələsgər: şifahi ifaçılıq ənənəsi və ustad sənətkar fərdiyyəti” mövzusunda çıxış edən akademik Muxtar İmanov bəzi mübahisəli məqamlara aydınlıq gətirib. Onun sözlərinə görə, xalq rəvayətlərində Aşıq Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım və eləcə də Aşıq Ələsgər yazıb-oxuya bilməyən kimi təqdim olunur: “Bunun səbəbi isə xalqın onları sinədəftər sənətkar kimi görməsidir. Lakin Aşıq Ələsgər bir çox şeirlərində özü də ifadə edir ki, bir əlimdə qələmdir, bir əlimdə kağız. Buna bənzər bir çox nümunələr onun yazıb-oxuya bilməsinin sübutudur”.

Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovanın “Aşıq Ələsgərin həyatı və sənəti çağdaş mədəni-tarixi kontekstdə” mövzusunda məruzəsi dinlənilib.

Azərbaycan Aşıqlar Birliyinin nəzdində fəaliyyət göstərən “Çeşmə” folklor qrupubirliyin sədr müavini Altay Məmmədli Aşıq Ələsgər yaradıcılığından nümunələr səsləndiriblər.

Konfrans bölmə iclası ilə davam etdirilib.

 

Mədəniyyət.- 2021.- 1 dekabr.- S.2.