Bakıdakı katolik kilsəsində təmir işləri aparılıb

 

Bakı şəhərindəki Müqəddəs Məryəm katolik kilsəsində Heydər Əliyev Fondu tərəfindən aparılan cari təmir-bərpa işləri başa çatdırılıb.

Fondun yaydığı məlumatda bildirilir ki, kilsədəki bərpa işləri zamanı hidroizolyasiya təmin olunmaqla damörtüyü əsaslı təmir olunub.

Bakıda katolik kilsəsi 1912-ci ildə inşa edilib. Bolşeviklər hakimiyyətə gəldikdən sonra,  1934-cü ildə, bir çox dini abidələr kimi, bu kilsə də dağıdılmışdı. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin göstərişi ilə dini məbədə ehtiyac duyan katoliklər üçün yeni kilsənin inşa edilməsi məqsədilə ərazi ayrılmışdı. Müqəddəs Məryəm katolik kilsəsi 2008-ci ilin mart ayında istifadəyə verilib.

Heydər Əliyev Fondu və Azərbaycandakı katolik dini icması (“Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası” dini qurumu) arasında əməkdaşlıqdan irəli gələrək Fond tərəfindən 2008-ci ildə katolik kilsənin asma tavan şüşələri dini mövzudaklassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilib, eyni zamanda məbədin fasadında keramik panno yerləşdirilib.

 

Mədəniyyət.- 2021.- 8 dekabr.- S.6.