Muğam ifaçılığında məktəb yaradan sənətkar
Azərbaycan xanəndəlik sənətinin inkişafında müstəsna xidmətləri olan sənətkarlardan biri Cabbar Qaryağdıoğludur. Mədəniyyət paytaxtımız Şuşanın musiqi, sənət mühitində yetişən görkəmli xanəndənin sənətinin sorağı ölkəmizdən uzaqda da eşidilib. Ustad xanəndəni anadan olmasının 160 illiyi münasibətilə yada saldıq.
Cabbar Qaryağdıoğlu (1861-1944) 13 yaşında muğam oxumağa başlayıb. Daha çox “Şüştər”, “Kürd-Şahnaz” muğamlarının mahir ifaçısı kimi tanınıb.
Onu dünya şöhrətli vokal ifaçısı Fyodor Şalyapin də dinləyib, rus şairi Sergey Yesenin xanəndənin avazının sehrinə düşüb.
Xanəndə 1906-cı ildə Latviyanın Riqa şəhərinə dəvət olunur. İlk azərbaycanlı muğam ustası kimi səsi qrammofon valına yazılır. Daha sonra Kiyev, Moskva və Varşavanın səsyazma studiyalarından da dəvətlər alır. Muğam və xalq mahnılarımız onun məlahətli səsində lentə yazılır. Bununla da görkəmli sənətkar Rusiya Türkiyə, İran, eləcə də bir sıra Avropa ölkələrində tanınmağa başlayır.
C.Qaryağdıoğlu Azərbaycan muğam ifaçılığında yeni cığır açan sənətkarlardandır. O, bənzərsiz ifalarında M.P.Vaqif, Ş.İ.Xətai, X.Natəvan və digər şairlərimizin qəzəllərinə müraciət edib. Xanəndə, ümumiyyətlə, Şərqin musiqi mədəniyyətindən xəbərdar olub. Təsadüfi deyil ki, onu “Şərq musiqisinin parlaq ulduzu” adlandırırlar. Dəfələrlə İran şahlarının, Osmanlı sultanlarının məclislərində çıxış edib, Azərbaycan musiqisini yüksək səviyyədə təbliğ edib. Onun sənətkarlığı dövrün görkəmli sənətkarları Qəmər Mülük xanım, Əbülhəsən xan İqbal, Əsədulla xan və başqaları tərəfindən yüksək qiymətləndirilib. Böyük bəstəkar Fikrət Əmirov isə C.Qaryağdıoğlunu “xalq musiqisinin düşünən beyni” adlandırıb.
Görkəmli müğənni Bülbül xanəndənin səsini italiyalı Enriko Karuzonun səsi ilə müqayisə edib. Onun səsinin daha böyük imkanlara malik olduğunu deyib. Musiqişünas, Əməkdar incəsənət xadimi Firidun Şuşinski araşdırmasında yazır ki, C.Qaryağdıoğlunun xalq mahnısı kimi oxuduğu bir çox əsər sonralar bəstəkarlarımız tərəfindən nota salınıb. Bu əsərlər arasında sözü və bəstəsi C.Qaryağdıoğluna aid olan mahnılar çoxdur. Həmin əsərlərdən “İrəvanda xal qalmadı”, “Nə baxırsan yanı-yanı”, “Bu gələn yara bənzər”, “Qarabağda bir dənəsən”, “Qalada yatmış idim”, “Tiflisin yolları”, “Bülbüllər oxur”, “Yeri, dam üstə yeri”, “Naxçıvanın gədiyindən aşaydım” və s. nümunələri göstərmək olar.
C.Qaryağdıoğlu “Mənsuriyyə”ni, “Hisar”ı, “Müxalif”i fərqli və maraqlı şəkildə ifa edib. “Heyratı”nı marş adlandıran xanəndə onu böyük bir coşqu ilə dinləyiciyə çatdırıb. “Kürdü-Şahnaz”ı, “Dəşti”ni, “Segah”ı isə lirik səpkidə oxuyub...
Sonrada ifaçılıq məktəbi formalaşan ustad sənətkarın davamçıları və özü səviyyəsinə yüksələn tələbələri – Seyid Şuşinski, Bülbül, Zülfi Adıgözəlov, Xan Şuşinski, Cahan Talışinskaya, Yavər Kələntərli, Mütəllim Mütəllimov və başqaları onun ənənəsini davam etdirib, bu ecazkar sənəti yaşadıblar.
Savalan
FƏRƏCOV
Mədəniyyət.- 2021.- 8
dekabr.- S.6.