Mədəni əlaqələrin
perspektivləri müzakirə olunub
Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev dekabrın 6-da Qətər Dövlətinin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd Al Tani ilə görüşüb.
Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişaf istiqamətləri və perspektivləri müzakirə edilib.
Elnur Əliyev Azərbaycanın tarixi, incəsənəti, zəngin ədəbiyyatı, musiqi mədəniyyəti, xalq sənətləri, xalçaçılıq məktəbləri və digər mövzular barədə həmsöhbətini ətraflı məlumatlandırıb, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunduğunu qeyd edərək, dahi şair və mütəfəkkirin yaradıcılığından söhbət açıb.
Elnur Əliyev həmçinin 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbədən danışaraq, ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini izah edib, Azərbaycanın təkcə döyüş meydanında deyil, diplomatik cəbhədə də qələbə qazandığını qeyd edib. O, mədəniyyətin ölkələr və xalqlar arasında münasibətlər üçün körpü rolu oynadığını bildirərək, bu xüsusda mövcud potensialdan geniş istifadə edilməsinin əhəmiyyətini vurğulayıb.
Şeyx Əbdülrəhman bin Həməd Al Tani ölkələrimiz arasında ikitərəfli münasibətlərin və mədəni əlaqələrin mövcud səviyyəsindən məmnunluğunu ifadə edib, müştərək səylər vasitəsilə bu əməkdaşlığın daha da gücləndiriləcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə Azərbaycanın Qətər
Dövlətindəki səfiri Rəşad İsmayılov da iştirak edib.
Mədəniyyət.- 2021.- 8
dekabr.- S.3.