Azərbaycan-Qətər dostluq abidəsi
Dekabrın 5-də Doha şəhərində Azərbaycan-Qətər dostluq əlaqələrini təcəssüm etdirən “Qardaşlıq” abidəsinin açılış mərasimi keçirilib.
Qətərin ən böyük mədəniyyət layihəsi hesab olunan “Katara” mədəniyyət şəhərciyinin çoxsaylı ziyarətçi qəbul edən guşəsində yerləşən abidə Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin təşəbbüsü ilə heykəltəraş Novruz Musayev tərəfindən hazırlanıb.
Mərasimdən öncə Elnur Əliyev “Katara” Mədəniyyət Şəhərciyi Fondunun baş direktoru Xalid əl-Suleyti ilə görüşüb. Görüşdə mədəniyyət sahəsində ikitərəfli münasibətlərin inkişaf istiqamətləri müzakirə olunub. Elnur Əliyev baş direktora “Leyli və Məcnun” rəsm əsərini hədiyyə edib.
Açılış mərasiminə Azərbaycan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, “Katara” Mədəniyyət Şəhərciyi Fondunun baş direktoru Xalid əl-Suleyti, Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov, bu ölkədə akkreditə olunmuş diplomatlar, yerli ictimaiyyət nümayəndələri, Azərbaycan icmasının üzvləri qatılıblar. Rəşad İsmayılov və Elnur Əliyev tədbirdə çıxış ediblər.
Bürüncdən hazırlanmış abidə bir tərəfində müasir Bakının gözoxşayan memarlıq incilərindən biri olan Heydər Əliyev Mərkəzi, digər tərəfində isə “Katara” mədəniyyət şəhərçiyində yerləşən amfiteatrın təsvir olunduğu ağac formasındadır. Sənət əsərinin gövdəsinə həkk olunmuş aypara ornamenti Azərbaycan və Qətərin eyni İslam mədəniyyətinə mənsub olduğuna işarə edir. Heykəlin üzərindəki sferik obyekt iki ölkənin əsas təbii ehtiyatları olan neft və qazı simvollaşdırır.
Qeyd edək ki, “Katara”
mədəniyyət şəhərciyi teatr
və konsert zalları, sərgi mərkəzləri,
musiqi akademiyası, incəsənət mərkəzləri,
ticarət və ictimai iaşə obyektləri,
eləcə də istirahət yerlərini əhatə edən
məşhur turizm məkanıdır.
Bu ilin sentyabrında
“İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi və
“Katara” Mədəniyyət Şəhərciyi
Fondu arasında anlaşma
memorandumu imzalanıb.
Mədəniyyət.- 2021.- 8
dekabr.- S.1;3.