“Bu əsərlərlə
Azərbaycan və Yaxın Şərq miniatür
sənətinin baharı başlanır”
“Vərqa və Gülşa” miniatürlər toplusunun
təqdimatı keçirilib
Xəbər verdiyimiz kimi, Azərbaycan miniatür sənətinin nadir və nəfis nümunələri – “Vərqa və Gülşa” əlyazma kitabında yer alan illüstrasiyalar ilk dəfə ölkəmizdə toplu halında nəşr edilib. 71 illüstrasiyanın yer aldığı kitab-albomun tərtibçi müəllifi Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyevdir. Kitab Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədə yüksək poliqrafik səviyyədə çap olunub. Nəşr ilk dəfə 6–10 oktyabrda keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində oxuculara təqdim edilmişdi.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dekabrın 1-də Milli İncəsənət Muzeyində elm və sənət adamlarının iştirakı ilə kitab-albomun geniş təqdimatı keçirildi.
Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev çıxış edərək muzeyin yeni istifadəyə verilən milli üslubda dizayn edilmiş hücrəsində ilk tədbirin məhz miniatür sənətinə həsr olunmasından məmnunluğunu ifadə etdi. Bildirdi ki, dünyanın ən mötəbər kitabxana və muzeylərində qorunan mədəni dəyərlərimizlə tanış olmaq imkanı, təəssüf ki, hər kəsə nəsib olmur. Bu zaman nəşr olunan kitab və albomlar köməyimizə gəlir.
Qeyd olundu ki, Azərbaycan miniatür məktəbinin nümayəndəsi Əbdülmömin Məhəmməd əl-Xoyinin “Vərqa və Gülşa” əsərinə çəkdiyi 71 miniatür İstanbulun Topqapı Sarayı Muzeyində qorunur. Bu miniatürlərin ilk dəfə toplu şəkildə nəşr edildiyi yeni kitab mədəniyyətimiz üçün töhfədir. Yaxın və Orta Şərq incəsənətinin ən qədim miniatürlərinə həsr olunan bu nəşr sayəsində XIII əsr Azərbaycan təsviri sənəti və onun sonrakı inkişafı haqqında dolğun təsəvvür əldə etmək imkanı yaranır.
Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov dedi ki, Azərbaycan təsviri sənətinin maraqlı sahələrindən biri də miniatürdür. Miniatürlər sanki o dövrün kino mədəniyyətidir. Bu sənətin Orta əsrlərdə belə yüksək səviyyədə inkişaf etməsi fəxarət hissi doğurur. Gələcəkdə bu kitabın daha geniş təbliği diqqətdə saxlanılmalıdır.
Nazir diqqətə çatdırdı ki, 2020-ci il dekabrın 16-da Türkiyə, Azərbaycan, İran və Özbəkistanın birgə hazırladığı “Miniatür sənəti” nominasiya sənədi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən belə bir qərarın qəbul edilməsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi, Mədəniyyət və Xarici İşlər nazirlikləri, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olub. Anar Kərimov bildirdi ki, Mədəniyyət Nazirliyi “Nizami ili” çərçivəsində dahi şairin “Xəmsə”si əsasında hazırlanan miniatürlərdən ibarət kitabın nəşrini də həyata keçirəcək.
Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili, akademik Rafael Hüseynov vurğuladı ki, XIII yüzillikdə Orta Şərqdə miniatür sənətinin inkişafı başlayıb və bu inkişafın önündə gedənlərdən biri Azərbaycan olub. Əbdülmömin Məhəmməd əl-Xoyinin XIII əsrdə çəkdiyi miniatürlər “Vərqa və Gülşa” əsərini bəzəyir və bununla da yalnız Azərbaycanın deyil, Yaxın və Orta Şərq miniatür sənətinin baharı başlanır.
Kitabın əhəmiyyətini qeyd edən akademik dedi: “Azərbaycan miniatür sənətinin dünyaya bəxş etdiyi bir çox incilərin toplandığı bu kitab hər bir azərbaycanlının, o cümlədən sənətşünasların sevimli nəşrləri sırasında olacaq. Kitab özü sənət əsəri kimi, poliqrafiyası, nəşr xüsusiyyətləri ilə diqqəti cəlb edir”.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Ərtegin Salamzadə bildirdi ki, miniatür sənəti Azərbaycan mədəniyyətinin incisidir: “Bu kitabın təqdimat mərasimi Azərbaycanın həm mədəni həyatında, həm də sənətşünaslıq elmində böyük hadisədir”.
Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev belə kitabların nəşr olunmasını mədəniyyətimizin səviyyəsinin göstəricisi olduğunu bildirdi.
Memarlar İttifaqının sədri Elbay Qasımzadə kitabın əhəmiyyətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, Çingiz Fərzəliyevin çoxsaylı layihə və təşəbbüsləri mədəniyyətimizin gələcək nəsillərə ötürülməsi və təbliği baxımından diqqətəlayiqdir.
Tbilisi Dövlət Muzeyinin direktoru İrina Koşoridze müəllifi təbrik edərək miniatür sənəti və Şərq ədəbiyyatı ilə bağlı düşüncələrini bölüşdü.
Sonda Çingiz Fərzəliyev təqdimata qatılan qonaqlara minnətdarlığını ifadə etdi.
LALƏ
Mədəniyyət.- 2021.- 8
dekabr.- S.1;5