Dillimizin saflığı
uğrunda yorulmadan çalışan alim
Professor Qara Məşədiyev vəfat edib
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Toponimika sektorunun müdiri, Milli Məclis yanında Toponimiya Komissiyasının üzvü,
filologiya elmləri doktoru, professor Qara Məşədiyev dekabrın
7-də, 82 yaşında vəfat
edib.
Qara İbrahim oğlu Məşədiyev 15 may 1939-cu ildə
Gədəbəy rayonunun
Göyəmli kəndində
dünyaya gəlib. 1956-cı ildə Çayrəsullu kənd orta məktəbini bitirib, 1961–1966-cı illərdə
Azərbaycan Pedaqoji Dillər İnstitutunda (indiki ADU) təhsil alıb. 1966-cı ildən 1968-ci ilədək
Gədəbəy rayonunun
Maarif kənd səkkizillik məktəbində
müəllim işləyib.
Qara Məşədiyev 1968-ci ildən
Azərbaycan Elmlər
Akademiyası Nəsimi
adına Dilçilik İnstitutunda
çalışmağa başlayıb,
kiçik elmi işçidən şöbə
müdiri vəzifəsinədək
yol keçib. Dilçiliyin müxtəlif sahələrində,
xüsusilə onomastika
üzrə araşdırmalar
aparıb, uzun illər institutun Onomastika şöbəsinə
rəhbərlik edib.
Alim 1974-cü ildə
“Müasir Azərbaycan
ədəbi dilində
adlıq cümlə”
mövzusunda namizədlik
(fəlsəfə doktoru)
dissertasiyası, 1991-ci ildə
“Qafqazın ərazi və tayfalarının təsviri materialları məcmuəsi”ndə (SMOMPK) qeydə
alınmış onomastik
vahidlərin tarixi-etimoloji
təhlili” mövzusunda
doktorluq dissertasiyası
müdafiə edib. 1998-ci ildə professor elmi adı alıb.
Tanınmış alim “Müasir Azərbaycan dili” (1981), “Azərbaycan dilinin semasiologiyası” (1985), “Azərbaycan
dilinin onomastikası”
(1987), “Azərbaycan toponimlərinin
ensiklopedik lüğəti”
(iki cilddə, 2007) kitablarının müəlliflərindəndir. “Zaqafqaziyanın Azərbaycan
toponimləri” (1990) və
“Nitq hissələrinin
semantikası (oçerklər)”
(1998) və “Azərbaycan
dilində ayamaların
izahlı lüğəti”
(2018) professor Qara Məşədiyevin
diqqətəlayiq elmi
əsərlərindəndir. O, eyni zamanda ölkəmizdə
və xaricdə çap olunmuş 100-dən
artıq elmi məqalənin müəllifidir.
Qara Məşədiyev
Azərbaycan dilçilik
elmini zənginləşdirən,
öz dəst-xətti
ilə seçilən
elm xadimlərindən biridir. O, Azərbaycan
dilçiliyinin istiqamətlərinin
müəyyənləşdirilməsində,
dilçiliyin aktual problemlərinin tədqiqində
və tədrisində
böyük xidmətlər
göstərib. Alimin rəhbərliyi
ilə 30-dan çox elmlər namizədi (fəlsəfə doktoru) və 6 elmlər doktoru yetişdirilib.
Xarici ölkələrdə keçirilən
simpozium və elmi konfranslarda Azərbaycan elmini layiqincə təmsil edib.
Qara Məşədiyev illər
öncə qəzetimizə
müsahibəsində demişdi:
“Dünya dilləri arasında Azərbaycan dili qədər saf, gözəl, oynaq, musiqili, başqa dillərə daha asan tərcümə
olunan dil yoxdur. Çox incə, musiqili
dilimiz var. Müstəqil
ölkəyik, qapılarımız
dünya ölkələrinin
üzünə açıqdır.
Ölkəmizdə xarici şirkətlər
fəaliyyət göstərir.
Təəssüf ki, şəhərimizdə
çox adları ingilis dilində yazırlar ki, bu da dilin
qanunlarını pozur.
Düzdür, dünya dilləri
ilə əlaqədə,
münasibətdə olmalıyıq,
beynəlxalq sözlər
istər-istəməz dilimizə
daxil olur. Onları qəbul etməliyik.
Ancaq çalışıb dilimizə
daxil olan sözlərin qarşılığını
tapmalıyıq. Biz dilimizin qayğısına
qalmalıyıq və
onları kənar təsirlərdən qorumalıyıq”.
Azərbaycan dillin zənginliyinin qorunması, saflığı
uğrunda yorulmadan çalışan fədakar
elm xadimlərindən biri
də professor Qara Məşədiyev idi. Dilçilik
elmimizdə böyük
irs qoymuş
alim haqqında bundan sonra keçmiş
zamanda danışacağıq.
Qara Məşədiyev
dekabrın 8-də Gədəbəy
rayonunda, doğma yurdunda torpağa tapşırılıb.
Qəbri nurla dolsun.
Mədəniyyət.- 2021.- 10
dekabr.- S.6.