“Beşmanatlıq gəlin”, nəhayət, səhnəyə qayıdır

 

Dekabrın 16-17-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) retro komediyasının premyerası olacaq. 1940-cı ildən 1994-cü ilədək müxtəlif rejissorların quruluşunda teatrın repertuarında olmuş səhnə əsərinə yeni quruluşu Əməkdar incəsənət xadimi Əsgər Əsgərov verib.

Musiqili komediyada Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Nadir Xasıyev, İqrar Salamov, aktyorlar Möylə Mirzəliyev, Elxan İsmayılov, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Mehriban Zaliyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasiyev, Gülnarə Əzizova, Elnarə Nağdəliyeva, İbrahim Əlizadə, Ruslan Mürsəlov, Nigar Qarayeva iştirak edəcəklər.

Orkestr, xorbalet artistlərinin də iştirak edəcəyi tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər ZakirLeyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Tamilla Aslanovadır.

Qeyd edək ki, premyerası hələ ötən il Milli Teatr Gününə planlaşdırılan tamaşanın nümayişi pandemiya səbəbindən təxirə salınmışdı.

 

Mədəniyyət.- 2021.- 10 dekabr.- S.7.