Nizami əsərlərinə çəkilmiş miniatürlərdən
ibarət daha bir sərgi
Sərgilənən əsərlərin
hamısı tədbirdə iştirak edənlər
tərəfindən alınıb
Bakıdakı Xətai Sənət Mərkəzində Nizami Gəncəvi əsərlərinin motivləri əsasında “Beynəlxalq Mahmud Kaşğarlı” mükafatı laureatı, rəssam-heykəltəraş Natiq Camal Afşarın çəkdiyi miniatürlərdən ibarət sərgi açılıb.
Açılış mərasimində çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı bildirib ki, Azərbaycan miniatür sənəti XIII yüzildən inkişaf etməyə başlayıb, sonrakı dönəmlərdə Təbriz miniatür məktəbinə çevrilərək dünyada şöhrət qazanıb. Çağdaş dönəmdə bu sənəti yaşadan rəssamlarımızdan biri Natiq Camal Afşardır.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva 8 dekabr – Beynəlxalq Rəssamlar Günü münasibətilə müəllif və sərgidə iştirak edən rəssamların timsalında bütün fırça ustalarını təbrik edib. Bildirib ki, Nizami Gəncəvi irsi Azərbaycan, eləcə də bütün dünyanın mədəniyyət tarixi üçün önəmlidir. Dahi şairin irsinin qorunması, təbliğ edilməsi dövlət mədəniyyət siyasətimizin bir hissəsidir: “Rəssam Natiq Camal Afşarla biz vaxtaşırı görüşür, məsləhətləşirik. Keçən ay onun emalatxanasına baş çəkdik, əsərləri ilə bir daha yaxından tanış olduq. Görəndə ki, Natiq müəllim Nizami yaradıcılığına davamlı şəkildə müraciət edib və artıq bir sərgiyə yetəcək qədər əsəri var, biz təşəbbüs irəli sürərək bu sərginin təşkil edilməsinə qərar verdik”.
Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli Azərbaycan miniatür sənəti tarixi, ənənələri, o cümlədən Natiq Camal Afşarın miniatür yaradıcılığı mövzusunda məruzə edib.
Digər çıxış edənlər Natiq Camal Afşara ürək sözlərini çatdırıblar.
“Vektor” Beynəlxalq Elmlər Akademiyasının prezidenti, professor Elçin İsgəndərzadə, “Hədəf” təhsil brendinin yaradıcısı Şəmil Sadiq və Dünya Gənc Türk Yazarlar Birliyi başqanı İntiqam Yaşar təmsil etdikləri qurumlar adından Natiq Camal Afşara plaket, fəxri fərman və diplom təqdim ediblər.
Sonda Natiq Camal Afşar tədbirin təşkilatçılarına, əsərlərini alan sənətsevərlərə, sərgini işıqlandıran media nümayəndələrinə təşəkkürünü bildirib.
Qeyd edək ki, sərgidə 20-dən artıq əsər nümayiş olunub. Əsərlərin hamısı tədbirdə iştirak edənlər tərəfindən satın alınıb.
Bildirilib ki,
alınan əsərlər Özbəkistan, Türkiyə, eləcə
də digər ölkələrdə Nizami
Gəncəvi irsinə maraq göstərən
ünvanlara göndəriləcək, nizamişünaslara, Azərbaycanın
dostlarına hədiyyə olunacaq.
Mədəniyyət.- 2021.- 10
dekabr.- S.2.