Qərbi Asiyada
ibtidai incəsənətin yaranması,
inkişafı və yayılması
Qobustanda
müştərək layihə üzrə tədqiqatlar davam
edir
Qobustan Milli Tarix-Bədii Qoruğunun beynəlxalq əlaqələrinin inkişafı və bu ecazkar tarix yadigarının dünyada tanıdılması diqqətdə saxlanılır. Bununla bağlı xarici tərəfdaşlarla birgə layihələr həyata keçirilir. “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan” layihəsi də bu istiqamətdə reallaşdırılan diqqətəlayiq işlərdəndir.
İspaniyanın “PALARQ” fondu və İtaliya Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən layihənin bu günlərdə 2-ci mərhələsinə yekun vurulub. Layihə çərçivəsində arxeoloqlar Qobustan Milli Tarix-Bədii Qoruğunda mühafizə olunan arxeoloji artefaktlarla tanış olub, qayaüstü təsvir sahələrinə baxış keçiriblər.
Layihə çərçivəsində mütəxəssislər və qoruq əməkdaşları arasında Qobustan qayaüstü təsvirləri ilə Avropa qayaüstü incəsənətinin oxşar və fərqli cəhətləri, Paleolit dövrü incəsənəti, Qobustanda təbii mühit və ilkin məskunlaşma, burada aparılmış arxeoloji qazıntılar, qeydə alınmış arxeoloji materiallar, onların xronologiyası və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda gələcəkdə bu istiqamətdə qarşılıqlı tədqiqat işlərinin davam etdirilməsi planlaşdırılıb.
İcra müddəti 3 il olan layihə qoruq ərazisindəki Böyükdaş dağının yuxarı səki sahəsində yerləşən “Ana zağa” və “Ovçular” mağaralarının, o cümlədən dağın aşağı səki sahəsində yerləşən 8 nömrəli qaya üzərindəki təsvirlərin, həmçinin Qobustan Milli Tarix-Bədii Qoruğunda qorunub saxlanılan arxeoloji materialların müasir elmi metodlarla öyrənilməsini nəzərdə tutur. Layihənin icrası Qobustanda ilkin məskunlaşma prosesinin, Paleolit dövrü qayaüstü təsvirləri və onların insanların həyatında tutduğu rolu müəyyənləşdirməyə imkan verməklə həm də qayaüstü təsvirlərin öyrənilməsində ən mühüm məsələlərdən olan xronologiya probleminə aydınlıq gətirilməsinə köməklik edəcək.
Qeyd edək ki, layihədə Marcos García Diez (Madrid Compultensa Universiteti, İspaniya), Manuel Vaquero Rodríguez (Rovira və Virgili Universiteti, İspaniya), Blanca Ochoa Fraile (Pais Vasco Universiteti, İspaniya), Dario Sigari (İtaliyanın Ferrara Universiteti, Portuqaliyanın Coimbra Universiteti) və Qobustan qoruğunun əməkdaşı Sevinc Şirinli iştirak edir.
Layihə üzrə tədqiqat işləri növbəti il davam etdiriləcək.
Vəfa HÜSEYNOVA
Qobustan Milli Tarix-Bədii Qoruğunun elmi işçisi
Mədəniyyət.- 2021.- 10 dekabr.- S.6.