İçərişəhərdə
Nizaminin 880 illiyinə həsr olunmuş konfrans keçirilib
Dekabrın 7-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş yekun ümumrespublika konfransı keçirilib. Tədbirdə Xarici İşlər Nazirliyinin təşkilati, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının maliyyə dəstəyi ilə nəşr edilən “Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə” adlı kitabın təqdimatı olub. Kitabda respublikamızın tanınmış nizamişünas alimləri, eləcə də rus tədqiqatçılarının araşdırmaları toplanıb.
Tədbiri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Read Qasımov açaraq diqqətə çatdırıb ki, 2019-cu ildə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə qurum tərəfindən bir sıra layihələr reallaşdırılmış və nəticədə “Bir əsrlik Nəsimi araşdırmaları” adlı elmi məqalələr toplusu nəşr olunmuşdu: “İnanırıq ki, “Nizami Gəncəvi İli”nin sonunda ərsəyə gələn “Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə” adlı araşdırmalar toplusu da elm və sənət tariximiz üçün çox faydalı olacaq”.
Kitabın elmi redaktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov bildirib ki, Nizami Gəncəvi lap çoxdan yalnız Azərbaycanın övladı olmaq çərçivəsindən çıxıb: “Onun ədəbi yadigarları bəşəriyyətin ən qiymətli sərvətləri xəzinəsinə daxil olub, özü isə bütün xalqların, insanlığın övladı olmaq mərtəbəsinə ucalıb. Nizamidən sonra onun əsərlərinə yüzlərlə nəzirələr yazılıb, Hindistanda Əmir Xosrov Dəhləvi Nizami poemalarına cavab olaraq ilk beşliyi yaratmaqla, əslində, həm də Nizami məktəbinin bünövrəsini qoydu. Əmir Xosrov həm də Nizamiyə cavab yazmağın düsturunu müəyyənləşdirdi: süjet, obrazlar qalmalı, təməl prinsiplər qorunmalıdır”.
Nizaminin dünya dillərinə ən çox tərcümə edilmiş klassiklərdən olduğunu söyləyən R.Hüseynov deyib ki, bu dillərin sırasına zaman ötdükcə yeniləri əlavə olunacaq. “Nizami əsərləri ilə yalnız əsrlər boyu təkrarlanacaq ədəbi model deyil, həm də düşüncə, millət quruculuğu, mənəviyyat quruculuğu, dövlət quruculuğu modeli yaratdı. O ideyaları ki, onları Nizami səkkiz əsr əvvəl təbliğ edirdi, bu gün də arzulanandır. O keyfiyyətlər ki, Nizami səkkiz əsr əvvəl onları insanlarda, cəmiyyətdə görmək istəyirdi, bu gün də insanlıq həmin dəyərlərin daha artıq bərqərar olması yolunda mübarizə aparır. Nizami daim bizdən bir addım irəlidədir, həmişə də bizdən bir addım qabaqda olacaq və hər zaman da bizi daha aydın gələcəyə yönəldəcək”, - deyə akademik qeyd edib.
Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən biri olduğunu deyən Xalq yazıçısı Anar vurğulayıb ki, böyük mütəfəkkirə həsr olunan hər bir tədbir Nizami bayramıdır: “Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami də Homer və Firdovsi, Yunis Əmrə və Nəvai, Rustaveli və Puşkin kimi bütün dünyanın fəxridir, amma ilk növbədə, əlbəttə, öz xalqının övladıdır”.
Konfransda Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, professorlar Vilayət Quliyev, Şəfəq Əlibəyli, Zümrüd Dadaşzadə, filologiya üzrə fəlsəfə doktoru Əsmətxanım Məmmədova və başqaları Nizami yaradıcılığı haqqında danışaraq kitab barədə fikirlərini bölüşüblər. Vurğulanıb ki, “Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə” adlı kitab “Nizami Gəncəvi İli”nə gözəl töhfədir.
Qeyd edək ki, “Nizami
Gəncəvi klassik araşdırmalarda” və
“Nizami Gəncəvi müasir
tədqiqlərdə” fəsillərindən ibarət
kitabın ön söz
müəllifi “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi
İdarə Heyətinin sədri Əsgər Ələkbərov,
işçi qrupun
rəhbəri filologiya üzrə fəlsəfə
doktoru İradə Musayevadır.
Mədəniyyət.- 2021.- 10
dekabr.- S.4.