Səmada qalan
gənclik
Ötən həftə Azərbaycan Kinematoqrafçılar İttifaqının “Kino evi”ndə maraqlı bir filmin təqdimatı oldu. Sənədli film mülki aviasiyada azərbaycanca ilk elan verən təyyarə bələdçisinin ömür yolundan bəhs edir.
“Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsalı olan “Səmada qalan gənclik” adlı film təkcə ekran işinin qəhrəmanı Zemfira Əliyevanın yox, onun timsalında “dəmir qanadlı mələklər”in həyatına ümumi nəzər kimi də maraqlı idi.
Təyyarə bələdçisinin ömür yolunu, səmada keçən gözəl illərini, iş prosesinin incəciklərini, eləcə də bu sahədə azərbaycanlı kadrların yetişdirilmə prosesini mərhələli şəkildə, həm də bir qəhrəmanın timsalında təqdim edən film tamaşaçılara köhnə Bakının nostalgiyasını da yaşatmış oldu. Ağ-qara kadrların fonunda ötən illərə boylanan qəhrəmanımız köhnə Bakı məhəllələrindən, 60-70-ci illərin paytaxt həyatından maraqlı, tamaşaçı üçün yaddaş xəzinəsi hesab olunacaq təəssüratını da bölüşürdü. Beləcə, biz bir cəsarətli, ilklikdən qorxmayan azərbaycanlı qızla birlikdə addımlayan insanları da xatırlamış olduq. Həm də film vasitəsilə tamaşaçılarda mülki aviasiya tariximiz, bu sahədə çalışan mütəxəssislərimiz haqqında da müəyyən təsəvvür yarandı.
Zemfira xanımla çiyin-çiyinə çalışmış xanımlar – əksəriyyəti qonşu ölkələrə köçsələr də – o illərin xatirələri ilə bu filmdə yenidən bir araya gəlmək imkanı tapdılar.
Filmdə qəhrəmanın qızı, Akademik Musiqili Teatrın aktrisası Ülviyyə Əliyeva da iştirak edir. O, tamaşaçılara anası haqqında maraqlı məlumatlar verir, uşaqlıq xatirələrini bölüşür.
Filmin ssenari müəllifi və rejissoru Babək Abbaszadə, operatoru Rafiq Əliyev, direktoru Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.
Onu da qeyd edək ki, 1966-cı ildə peşə fəaliyyətinə başlayan Zemfira Əliyeva, ilk azərbaycanlı təyyarə bələdçisi olmaqla yanaşı, eyni zamanda Azərbaycan dilində elan mətni tərcümə edib səsləndirən şəxs kimi də tarixə düşüb. Ömrünün gənc illərini bələdçi kimi çalışan Zemfira Əliyeva sonralar hava limanında müxtəlif vəzifələrdə çalışıb.
HƏMİDƏ
Mədəniyyət.- 2021.- 10
dekabr.- S.5.