Tunc görkəmdə dostlarının yanına qayıtdı...

“Sədərək” firması şəhid əməkdaşının xatirəsini əbədiləşdirib

 

Nəcməddin Sarkayev 1999-cu ildə Balakən rayonunun Şərif kəndində anadan olmuşdu. 2017-ci ildə doğma kənddə şəhid N.Davudov adına 1 saylı tam orta məktəbi bitirmişdi. Həqiqi hərbi xidməti Tərtər rayonunda keçmişdi. 2019-cu ildə əsgərlikdən qayıtdıqdan sonra Bakıdakı “Sədərək” Ticarət Mərkəzində “Sabit Mühafizə Xidməti” MMC-də işə qəbul olunmuşdu. Qısa müddətdə səmimiyyəti, mehribanlığı və işgüzarlığına görə kollektivin hörmətini qazanmışdı.

2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayanda o da vətənpərvər gənc kimi  könüllü olaraq cəbhəyə yola düşdü. Müharibənin od-alovundan keçdi. Döyüşlərin birində yaralandı. Müalicəsi bitər-bitməz yenidən cəbhəyə, döyüş yoldaşlarının yanına yollandı. Noyabrın 6-da Suqovuşan istiqamətində döyüşdə qəhrəmancasına həlak oldu. Doğulduğu Balakən rayonuna şəhid kimi qayıtdı...

İndi isə o, vaxtilə bir yerdə çalışdığı kollektivdəki dostlarının yanına qayıdıb. Məğrur görkəmdə, tunc geyimdə...

Dekabrın 8-də “Sədərək” Ticarət Mərkəzində Vətən müharibəsi şəhidi Nəcməddin Əli oğlu Sarkayevin büstünün açılış mərasimi keçirilib. Tədbirdə “Sədərək” firmasının rəhbərliyi, rəsmilər, millət vəkilləri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri, sahibkarlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Büst “Sədərək” firmasının inzibati işçiləri, ticarət mərkəzində çalışan sahibkarlar, sahibkarları özündə birləşdirən “Sədərək” Xeyriyyə Cəmiyyətinin üzvləri və Nəcməddin Sarkayevin vaxtilə əməkdaşı olduğuSabit Mühafizə Xidməti” MMC-nin rəhbər heyəti tərəfindən ianə olunan vəsait hesabına hazırlanaraq ucaldılıb.

Mərasimdə əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi “Sədərək” firmasının direktor müavini Ənvər Qədimov açaraq Vətən müharibəsində qazandığımız Zəfərin Azərbaycan tarixinin şanlı səhifəsi olduğunu vurğulayıb. Bildirib ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə, Azərbaycan Ordusunun şücaəti sayəsində əldə olunan bu Qələbə eyni zamanda ölkəmizdəki birlik və həmrəyliyin təcəssümüdür. Qeyd olunub ki, “Sədərək” firması Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimizə yardım, müharibədən sonra şəhid ailələri və qazilərə maddi-mənəvi dəstək göstərib və bu diqqət və qayğı gələcəkdə də davam edəcək.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Nəcməddin Sarkayev kimi igidlərin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Vurğulayıb ki, şəhidimizin vaxtilə çalışdığı yerdə büstünün ucaldılması, xatirəsinin əbədiləşdirilməsi, həmçinin gənclərimiz üçün örnək bir ömür yolunun,  vətənpərvərlik nümunəsinin təbliğidir.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev qeyd edib ki, bu gün biz şəhid Nəcməddin Sarkayev kimi igidlərin sayəsində Vətən müharibəsi haqqında qürurla danışırıq. Dünyaya sübut etdik ki, Azərbaycan xalqı qəhrəmanlar yetirən xalqdır.

Millət vəkili Fazil Mustafa bildirib ki, minlərlə Azərbaycan övladı Vətən uğrunda canından keçib: “Şəhidlərimiz hansı bölgədən, hansı rayondan və kənddən olmağından asılı olmayaraq hamımızın əzizi, dəyərlisi oldular. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm”.

Mərasimdə daha sonra ticarət mərkəzində çalışan sahibkarlardan Murad Əliyev, Rahib Məmmədov və başqaları çıxış ediblər.

Şəhid Nəcməddin Sarkayevin anası Tinay Sarkayeva çıxış edərək göstərilən diqqət və qayğıya görə firmanın rəhbərliyinə minnətdarlığını bildirib.

Sonra büstün üzərindən örtük götürülüb. Abidə önünə əklillər qoyulub, tər gül-çiçək dəstələri düzülüb.

Ticarət mərkəzinin yaxınlığında salınan “Şəhidlər bağı”nın girişində Vətən müharibəsi şəhidlərinin portretləri vurulmuşBiz sizlərlə qürur duyuruq!” fotostendinin təqdimatı olub. “Şəhidlər bağı”nda ağaclar əkilib. SondaŞah” hoteldə ehsan süfrəsi açılıb.

Qeyd edək ki, şəhid Nəcməddin Sarkayev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Mədəniyyət.- 2021.- 10 dekabr.- S.6.