Tbilisidə ulu öndərin vəfatının ildönümünə həsr olunmuş sərgi

 

Dekabrın 8-də Tbilisidəki Zurab Sereteli adına Müasir İncəsənət Muzeyində “Heydər Əliyev irsiGürcüstanla münasibətlər” adlı sərgi açılıb. Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkil etdiyi tədbir ulu öndərin vəfatının 18-ci ildönümünə həsr olunub.

Sərgidə Heydər Əliyevin həyat və fəaliyyətini, Gürcüstana səfərlərini əks etdirən 100-dən çox fotoşəkil nümayiş olunur.

Açılış mərasimində Azərbaycanın sabiq xarici işlər naziri, diplomat Həsən Həsənov, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqan, Gürcüstan Parlamentinin sədr müavini Arçil Talakvadze, bu ölkənin xarici işlər nazirinin müavini Vladimir Konstantinidi, deputatlar, ictimai-siyasi xadimlər, Gürcüstandakı azərbaycanlı adamları, ziyalılar iştirak ediblər.

Səfir Faiq Quliyev çıxış edərək Azərbaycan-Gürcüstan əlaqələrindən danışıb. Bildirib ki, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafında ümummilli lider Heydər Əliyevin və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin müstəsna xidmətləri olub.

Bildirib ki, Heydər Əliyevin 1996-cı ildə Gürcüstana səfəri iki ölkə arasında strateji əlaqələrə zəmin olmaqla yanaşı, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatının yaradılması istiqamətində imkanlar açıb. Növbəti illərdə Heydər Əliyev, Eduard ŞevarnadzeSüleyman Dəmirəl tərəfindən əsası qoyulmuş üçtərəfli əməkdaşlıq bu gün fundamental ənənədir və uğurla inkişaf edir.

Gürcüstan xarici işlər nazirinin müavini Vladimir Konstantinidi çıxışında Heydər Əliyevi gürcü xalqının böyük dostu adlandırıb. Bildirilib ki, ölkələrimiz arasında əlaqələrin inkişafında bu böyük insanın xidmətləri olub. “Mənim üçün böyük bir fəxrdir ki, bu mühüm tədbirdə iştirak edirəm. Bu gün burada böyük şəxsiyyətin şəkillərinin sərgisi keçirilir. Bu sərgi mərhum Heydər Əliyevin dövründə ölkələrimiz arasında olan müsbət əlaqələri özündə çox yaxşı əks etdirir”, – deyə o vurğulayıb.

Ulu öndərlə uzun illər çiyin-çiyinə müxtəlif yüksək dövlət vəzifələrində çalışmış Həsən Həsənov Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında Heydər Əliyevin rolundan bəhs edib: “Azərbaycan və gürcü xalqları təkcə dostqonşu deyil, qardaş xalqlardır. Sovetlər dönəmində ölkələr arasında əlaqələr Moskvanın icazəsi ilə qurulurdu. Amma Heydər Əliyev deyirdi ki, bunun Azərbaycan ilə Gürcüstan arasında əlaqələrə heç bir aidiyyəti yoxdur. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Gürcüstan ilə əlaqələrə böyük önəm verib. Bunun nəticəsidir ki, bu gün ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.

Daha sonra Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev, Gürcüstan parlamentinin keçmiş sədri Nino Burcanadze, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri, sabiq deputat İsak Novruzov və başqaları çıxış ediblər.

 

Tədbirdə Azərbaycanın klassik musiqiləri və ulu öndər Heydər Əliyevin sevdiyi mahnılar səslənib.

 

Mədəniyyət.- 2021.- 10 dekabr.- S.8.