Azərbaycan və Qətər
mədəni əməkdaşlığı inkişaf
etdirməkdə maraqlıdır
Mədəniyyət nazirinin birinci müavini Dohada
görüşlər keçirib
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Qətər Dövlətində səfərdə olub. Səfər çərçivəsində bir sıra tədbir və görüşlər keçirilib.
Dekabrın 7-də Elnur Əliyev Qətər Muzeylərinin baş icraçı direktoru Əhməd Musa əl-Nəmlə ilə görüşüb. Görüşdə iki ölkə arasında mədəni əməkdaşlıq, o cümlədən muzey işi sahəsində əlaqələr müzakirə edilib.
Mədəniyyət nazirinin birinci müavini qloballaşan dünyada mədəni unikallığın qorunmasının əhəmiyyətindən danışaraq ortaq mədəni dəyərlərin xalqları bir-birinə yaxınlaşdırdığını, bu xüsusda mədəniyyətin körpü rolu oynadığını deyib. 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edildiyini diqqətə çatdıran Elnur Əliyev dahi mütəfəkkirin yaradıcılığında ümumbəşəri dəyərlərin tərənnüm olunduğunu vurğulayıb. Elnur Əliyev Azərbaycanın mədəniyyəti, incəsənəti və tarixi, eləcə də Vətən müharibəsində əldə olunmuş şanlı Qələbə və Qarabağ həqiqətləri barədə həmsöhbətinə məlumat verib.
Qətər Muzeylərinin baş icraçı direktoru Azərbaycan Mədəniyyət Nazirliyi nümayəndə heyətinin səfəri və keçirilmiş görüşlərin əhəmiyyətini vurğulayıb. Bu cür qarşılıqlı səfərlərin əməkdaşlığa və xalqların bir-birini yaxından tanımasına zəmin yaratdığını bildirən əl-Nəmlə mövcud əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu deyib.
Görüşdə Azərbaycanın Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov, Azərbaycan Mədəniyyət Nazirliyi və səfirliyin nümayəndələri iştirak ediblər.
Sonra Elnur Əliyev Qətər Milli Muzeyi ilə tanış olub.
***
Səfər çərçivəsində daha bir görüş Doha şəhərində Qətər Milli Kitabxanasının rəhbəri, dövlət naziri Həməd bin Əbdüləziz əl-Kavarinin şəxsi kitabxanasında keçirilib.
Görüşdə dövlət naziri Həməd bin Əbdüləziz əl-Kavari, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, səfir Rəşad İsmayılov, Qətərin mədəniyyət nümayəndələri, iş adamları və jurnalistlər iştirak edib.
Dövlət naziri Azərbaycan və Qətər arasında mövcud mədəni əməkdaşlığın genişləndirilməsinin digər sahələrdə də əlaqələrin inkişafında rolunu vurğulayıb.
E.Əliyev Azərbaycan mədəniyyətinin müxtəlif sahələri üzrə, xüsusən Azərbaycan xalçaçılıq sənətinin nümunələri ilə bağlı ətraflı məlumat verib.
Sonda Azərbaycan
xalçaçılıq sənətinin Təbriz məktəbi
nümunələrindən bəhs edən kitab
Həməd əl-Kavariyə hədiyyə olunub.
Mədəniyyət.- 2021.- 10
dekabr.- S.4.