Yeni aşkar olunmuş 1400-dən çox abidə qeydə alınıb

 

Tarix və mədəniyyət abidələrinin qorunması, onların tədqiqi, bərpası, təbliği və gələcək nəsillərə çatdırılması günümüzün ən aktual məsələsi kimi diqqət mərkəzində saxlanılır.

Ölkəmizdə tarix və mədəniyyət abidələrinin dövlət mühafizəsinə götürülməsi, onların qorunması işinin təşkilinin başlanması işi ötən əsrin 50-ci illərində mütəşəkkil şəkil alıb. Tarix-mədəniyyət abidələrinin dövlət mühafizəsinə götürülməsi və müvafiq siyahıya salınması ilk dəfə 1957-ci ildə həyata keçirilib. 1968, 1981-ci illərdə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısı yenidən təsdiq edilib və əvvəlki siyahıya daxil edilməyən tarixi abidələr də dövlət qeydiyyatına alınıb. Sovet dövründə sonuncu dəfə respublika ərazisində yerləşən tarix-mədəniyyət abidələrinin yenidən təftiş edilərək Azərbaycan SSR Nazirlər Sovetinin 27 aprel 1988-ci il tarixli 145 nömrəli qərarı ilə siyahıya alınması nəticəsində 2178-memarlıq, 756-sı arxeoloji olmaqla ümumilikdə 2934 abidə dövlət mühafizəsinə götürülmüşdü.

Müstəqillik illərində isə Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix-mədəniyyət abidələrinin yeni siyahısı təsdiq edilib. Bu reyestrdə abidələr əhəmiyyət dərəcəsinə görə üç qrupadünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinə bölünərək təsnif olunub. Hazırda ölkəmizdə 82-si dünya, 2059-u ölkə və 4167-si yerli əhəmiyyətli olmaqla ümumilikdə 6308 daşınmaz tarix-mədəniyyət abidəsi dövlət mühafizəsindədir.

Tarix və mədəniyyət abidələrinin dövlət qeydiyyatına alınması davamlı bir prosesdir. Bu proses daimi olaraq həyata keçirilir. Tarix, memarlıq və arxeoloji abidələr müəyyən edilərək müvafiq prosedurlar həyata keçirildikdən sonra onlar da dövlət qeydiyyatına alınır.

Son illər ərzində ölkə ərazisində aparılmış monitorinqlər nəticəsində əvvəlki siyahılara daxil edilməyən 1400-dən çox tarix, memarlıq və arxeoloji əlamət daşıyan obyekt müəyyən edilərək yeni aşkar olunmuş tarix-mədəniyyət abidələri kimi qeydə alınıb. Aparılan monitorinqlər zamanı abidələrin fiziki vəziyyətləri vizual olaraq qeyd edilib, onların coğrafi koordinatları GPS vasitəsilə təyin edilib. Yeni aşkar olunmuş abidələrə də mühafizənin ilkin dərəcəsi tətbiq edilərək qorunması işi təşkil edilib.  Bu abidələrin də dövlət qeydiyyatına alınması üçün müvafiq prosedurlar həyata keçirilir.

Aparılan işlər yalnız yeni siyahının hazırlanmasına xidmət etmir, həm də müasir tələblərə cavab verən məlumat bazasının yaradılması üçün əsas rol oynayır. Hazırda dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin yeni siyahısının tərtibi ilə bağlı tamamlama işləri həyata keçirilir.

 

Fariz HÜSEYNLİ

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı

Mədəniyyət.- 2021.- 15 dekabr.- S.4.