Nizaminin əsərləri türkmən dilində

73 ildən sonra yeni nəşr

 

Nizami Gəncəvi İli” çərçivəsində daha bir nəşr layihəsi Azərbaycanın Türkmənistandakı Səfirliyi tərəfindən həyata keçirilib. Dahi Azərbaycan şairi və mütəfəkkirinin əsərlərindən ibarət kitab 73 ildən sonra yenidən türkmən dilində çap edilib. Səfirlikdə kitabın təqdimatı keçirilib.

Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov diqqətə çatdırıb ki, səfirliyin apardığı araşdırmalar nəticəsində 1948-ci ildə Nizami Gəncəvinin türkmən dilinə çevrilmiş seçilmiş əsərlərindən ibarət kitabın nəşr olunduğu müəyyən edilib. Həmin kitabdaLeyli və Məcnun” poeması, “Yeddi gözəl” poemasının “Bəhramın Fitnə ilə ova gedişi” və “Şahzadə rus qızı haqqında nağıl” hissələri, “Sirlər xəzinəsi” poemasının “Zülmkar padşah ilə həqiqətsevər adam haqqında hekayə” hissəsi, on beş qəzəl və üç şeir (“Oğluma nəsihət”, “Az danışmağın gözəlliyi”, “Gələcək nəslə xitab”) toplanıb. Kitab Türkmənistanın Xalq yazıçısı Qara Seyitliyev tərəfindən hazırlanıb, həmvətənimiz Ruhi Əkbər Alıyevin redaktəsi və ön sözü ilə nəşr olunub.

Kitabın yeni nəşri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin ön sözü ilə başlayır, eyni zamanda keçmişə ehtiram əlaməti olaraq Ruhi Alıyevin 1948-ci ildə yazdığı ön söz də nəşrdə saxlanılıb.

500 tirajla yenidən çap olunmuş kitab səfirlik tərəfindən Türkmənistanda fəaliyyət göstərən təhsil müəssisələrinə paylanılması üçün bu ölkənin  Təhsil Nazirliyinə, eləcə də Türkmənistanın Mərkəzi Kitabxanasına və digər kitabxanalara təqdim edilib. Kitabın nüsxələri bu günlərdə Aşqabadda səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibi Düsen KaseinovaTürk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevə də təqdim olunub, bir neçə nüsxəsi isə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna və Azərbaycan Milli Kitabxanasına göndərilib.

Qeyd edək ki, Azərbaycanın Türkmənistandakı Səfirliyi 2019-cu ildə TÜRKSOY-la birlikdə “İmadəddin Nəsimi dünya dillərində” kitabının nəşri zamanı şairin əsərlərinin türkmən dilinə tərcüməsində də iştirak edib. Səfirlik həmçinin XX əsrin 60-cı illərində türkmən dilində nəşr olunmuşaz sayda nüsxəsi qalmış “SeyitImadutdin Nesimi”, “SeyitImadutdin Nesimi şıqırlar” və “Nesimi” kitablarını taparaq Azərbaycan Milli Kitabxanasına hədiyyə edib.

 

Mədəniyyət.- 2021.- 15 dekabr.- S.8.