“Xatirələr” musiqi kompozisiyası təqdim olunub
Dekabrın 12-də Beynəlxalq Muğam Mərkəzində (BMM) ulu öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümü münasibətilə xatirə gecəsi təşkil olunub.
Gecədə BMM-in direktoru, pianoçu, Xalq artisti Murad Hüseynovun “Xatirələr” kompozisiyası təqdim edilib. Lirik kompozisiyada böyük dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyev ömrünün ölkəmizin tərəqqisinə həsr olunmuş tarixi anları həzin notlarla ifadə olunur. İnstrumental əsərin “Xatirələr” adlanması təsadüfi deyil. Ümummilli lider Heydər Əliyev siyasi və dövlətçilik fəaliyyətinin bütün dövrlərində mədəniyyət xadimlərinə, o cümlədən musiqiçilərə xüsusi diqqət və qayğı ilə yanaşıb, musiqi sənətinin inkişafına xidmət edən mühüm qərarlara imza atıb. İncəsənət xadimləri Heydər Əliyevi sənətin qüdrətli himayədarı, böyük dostu kimi görüblər. Bu, musiqiçilərimizi yaradıcı kimi də, vətəndaş kimi də qürurlandırıb, onlara ilham verib.
Klip şəklində təqdim olunan “Xatirələr” kompozisiyasında ulu öndərin həyat və fəaliyyətini əks etdirən filmlərdən kadrlar da yer alır. Pianoçunun ifasında lentə alınan “Xatirələr” kompozisiyasının rejissoru İlqar Əkbər, operatoru Elvin Muradxanlıdır.
Lalə AZƏRİ
Mədəniyyət.- 2021.- 15
dekabr.- S.5.