Paytaxtın Şağan qəsəbəsində yeni muzey

 

“22 illik kolleksiya toplamağım muzeyin yaranması ilə nəticələndi”

 

Paytaxtın Xəzər rayonunda mədəniyyət ocaqlarının sırasına daha biri əlavə olundu. Dekabrın 7-də Şağan qəsəbəsində “Xəzər” Muzey Mərkəzinin açılışı keçirildi.

Həmin gün şağanlılar üçün ikiqat sevincli idi. Çünki mərkəzin açılışı ilə bərabər Məhəmməd Əmin Rəsulzadə nəslinin layiqli davamçılarından Əməkdar rəssam Rais Rəsulzadənin 75 illik yubileyinə həsr olunmuş sərgi də keçirilirdi.

Tədbirdə yubilyarın özü, Xalq rəssamları Xanlar Əhmədov, Qəyyur Yunus, Xalq artistləri Vamiq Məmmədəliyev, Teyyub Aslanov, Əməkdar artist Mirnazim Əsədullayev, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü Səmədağa Cəfərov, rayon rəsmiləri, ziyalılar, ictimaiyyət nümayəndələri  iştirak edirdilər.

Mərasimə videobağlantı ilə qoşulan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov əlamətdar hadisə ilə əlaqədar təbriklərini çatdırdı, mərkəzə fəaliyyətində uğurlar arzuladı.

Tarix elmləri doktoru, professor Təvəkkül Səlimov şəxsi təşəbbüs olaraq Azərbaycanda belə bir muzeyin istifadəyə verilməsini yüksək qiymətləndirdi. Diqqətə çatdırdı ki, muzeylər cəmiyyətin inkişafında, maddi-mənəvi irsin, mədəni dəyərlərin və eləcə də xalqın tarixi yaddaşının qorunub saxlanmasında mühüm rol oynayır.

Əməkdar rəssam Rais Rəsulzadənin Azərbaycanın gözəlliklərini əks etdirən əsərləri tədbir iştirakçılarının marağına səbəb oldu. Fırça ustasının yağlı boya ilə çəkdiyi “Çinarlar”, “Abşeronda”, “Şuşada”, “Dəniz kənarında qəsəbə” və s. əsərlər aydın rəngləri, fərqli çalarları ilə göz oxşayırdı. Müəllif qısa çıxışı zamanı sərgiyə və muzeyin açılışına gələn qonaqlara təşəkkürünü bildirdi, mədəniyyətimizi, tariximizi yaşadan bütün gənclərə dəstək olmağın vacibliyini vurğuladı.

Tədbirdə məlumat verildi ki, gənc kolleksiyaçı, yazar Səyavuş Əlizadə tərəfindən yaradılan “Xəzər” Muzey Mərkəzində 12 mindən çox eksponat mövcuddur. Burada görkəmli Azərbaycan rəssamlarının şəxsi kolleksiyasından nümunələr, Orta əsrlərə aid məişət əşyaları, əlyazma kitablar, tətbiqi sənət örnəkləri, tanınmış klarnet ifaçısı, basbalabanın yaradıcısı, Əməkdar artist Bəhruz Zeynalova (1926-1998) aid musiqi alətləri, XIX əsrə məxsus 20-dən çox daşbasma kitabs. eksponatlara rast gəlmək mümkündür.

Səyavuş Əlizadə muzeyin açılışı ilə əlaqədar fikirlərini bizimlə bölüşdü. O, tədbirin 7 dekabrda keçirilməsinin təsadüfi olmadığını dedi: “Səbəb odur ki, 1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin keçmiş Qızlar məktəbinin binasında (indiki Əlyazmalar İnstitutunun binası) Cümhuriyyət Parlamentinin təntənəli açılışı olub. Bu, bütün müsəlman Şərqində demokratik prinsiplər əsasında formalaşan ilk parlament idi. 1919-cu ildə isə Parlamentin fəaliyyətə başlamasının birilliyi münasibətilə onun binasında İstiqlal Muzeyi təsis edilib. Mənim üçün ən əsas məqamlardan biriodur ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti zamanı iki həmyerlimiz – şağanlı Məmməd Yusif Cəfərov və Heybətqulu Məmmədbəyli aktiv ictimai-siyasi fəaliyyət göstəriblər. 22 illik kolleksiya toplamağım bu muzeyin yaradılması ilə nəticələndi. Muzeyin ərazisini mənə hədiyyə edən orta məktəb müəllimim Sevda Abdullayevaya təşəkkür edirəm. Onu da qeyd edim ki, gələcəkdə muzeySevda Abdullayeva adına “Xəzər” Muzey Mərkəzi” adlandırılacaq. Eyni zamanda tezliklə muzeyin ərazisində Cümhuriyyət Parlamentinin üzvü və dövlət nəzarəti naziri vəzifəsində çalışmış Heybətqulu Məmmədbəyli, həmçinin əslən şağanlı olan SSRİ Ali Sovetinin VII çağırış deputatı olmuş Hacı Murad Pənahov və akademik Hacıbəy Sultanovun barelyefləri qoyulacaq. Barelyeflər gənc heykəltəraş Tamerlan Mirzəliyev tərəfindən hazırlanacaq”.

Yeri gəlmişkən, qeyd edək ki, hələ 2014-cü ildə qəzetimizə müsahibə verən Səyavuş Əlizadə muzey yaratmaq istədiyini bildirmişdi. Gənc kolleksiyaçının 2013-cü ildə “Baku Creative Center”də “İlkson” adlı sərgisi açılmışdı. Hazırda YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində davam edən Xalq rəssamı Mirnadir ZeynalovunMistik ruhun ömrü” adlı retrospektiv sərgisində Səyavuş Əlizadənin  kolleksiyasından da əsərlər nümayiş olunur.

 

Lalə AZƏRİ

Mədəniyyət.- 2021.- 15 dekabr.- S.4.