Xarakterik obrazlar ustası
Azərbaycan kino və teatrının inkişafında böyük xidmətləri olan sənətkarlarımızdan biri SSRİ Xalq artisti Mərziyyə Davudova olub. Görkəmli aktrisanı anadan olmasının 120 illiyi ilə əlaqədar yada saldıq.
Mərziyyə Yusif qızı Davudova 8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo kəndində dünyaya göz açıb. İbtidai təhsilini Sarevo kənd dördillik “Darültəhsil” məktəbində alıb. Sonra “Qaliyə” və “İqbal” rus-tatar məktəblərində oxuyub. Mərziyyə hələ məktəbli ikən teatra maraq göstərir, özfəaliyyət dərnəklərində həvəskar aktyorların hazırladıqları tamaşalarda çıxışlar edirdi. Onun “İqbal” məktəbində “Birinci teatr” adlı ikipərdəli tamaşasında canlandırdığı Əfifə rolu xüsusilə uğurlu alınır.
Həvəskar aktrisanı ilk dəfə görüb istedadını kəşf edən isə unudulmaz aktyorumuz Hüseyn Ərəblinski olur. O, 1918-ci ildə Həştərxanda qastrolda olarkən gənc qızın səhnə oyununu bəyənir və Bakıya dəvət edir. 1919-cu ildə Mərziyyənin anası qəflətən vəfat edir. O, 1920-ci ildə Bakıya gəlir. Birləşmiş Dövlət Teatrı nəzdindəki Türk Dram Teatrına (indiki Akademik Milli Dram Teatrı) işə qəbul edilir. Beləliklə, taleyini əbədi olaraq Azərbaycan səhnəsinə bağlayır. Aktrisa ilk olaraq Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasında Gülçöhrə, sonra isə Cahan xala rollarında səhnəyə çıxır. Hüseyn Cavidin “İblis” əsərinin tamaşasında böyük səhnə xadimi, sonradan həyatları birləşən Abbas Mirzə Şərifzadə ilə tərəf-müqabil olur. Bu tamaşadakı çıxışı onun səhnə yaradıcılığında yeni səhifə açır. Çox keçmir, Mərziyyə Davudova bir-birinə bənzəməyən müxtəlif qadın rollarında səhnəyə çıxır. Xarakterik qadın obrazlarının bənzərsiz ifaçısı kimi diqqət çəkir. Cəfər Cabbarlının “Sevil” tamaşasında yaratdığı Sevil obrazı isə gözlənildiyindən də təsirli alınır. Tamaşa başa çatdıqdan sonra qadınlar çadralarını elə oradaca atırlar. Həmin vaxt C.Cabbarlı gənc aktrisanın sənət kəhkəşanı haqqında yazırdı: “Mərziyyə yetkin bir sənətkardır, ustadır. Aktrisa səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir”.
Araşdırmalarda qeyd edilir ki, Mərziyyə Davudovanın obraza girmək bacarığı çox güclü olub. Bu istedadına görə o, A.M.Şərifzadə və digər görkəmli sənətkarlarla bir sırada dayanmaq haqqı qazanıb. Aktrisa C.Cabbarlı, H.Cavid, S.Vurğun, M.İbrahimov, M.Hüseyn, Ə.Məmmədxanlı kimi Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, rus və Qərbi Avropa ədiblərinin pyesləri əsasında hazırlanan tamaşalarda da fərqli və mürəkkəb qadın obrazları yaradıb.
SSRİ Xalq artisti Hökümə Qurbanova xatirələrində yazır: “Bu da taleyin qismətidir. Mərziyyə xanımın ilk dəfə yaratdığı obrazları sonralar mən oynadım. Həmişə həyəcan keçirirdim ki, o bu məsələyə necə baxacaq. Böyük ürək və istedad sahibi idi. Həmişə tamaşadan sonra məni ilk təbrik edib oyunumu bəyəndiyini söyləyən Mərziyyə xanım olardı. Bu aktrisa əsl sənət fədaisi kimi gənclərə xüsusi qayğı göstərərdi”.
Geniş yaradıcılıq diapazonu olan görkəmli sənətkar öz istedadını Azərbaycan kinosunda da sınayıb. O, 30-cu illərdən başlayaraq irili-xırdalı filmlərdə, o cümlədən “Hacı Qara”, “Bir ailə”, “Bakının işıqları”, “Bəxtiyar”, “Həqiqi dost”, “Bir məhəlləli iki nəfər”, “Koroğlu” və digər ekran əsərlərində yaddaqalan obrazlar yaradıb. Xüsusən onun “Bir ailə”, “Bakının işıqları” və “Koroğlu” filmlərində yaratdığı müxtəlif xarakterli ana obrazları öz bədii dəyəri ilə seçilən sənət nümunələri hesab edilir.
M.Davudovanın ifasındakı zəngin naxışlar onun sənətini fərqləndirən əsas əlamətlər olub. Görkəmli teatr rejissoru, pedaqoq, SSRİ Xalq artisti Mehdi Məmmədov “Teatrlar, aktyorlar, tamaşalar” kitabında M.Davudovanın sənətini yüksək qiymətləndirir: “O, müxtəlif cəhətlərin, başqa-başqa üsulların, bəzən təzadların uyuşmasından, vəhdətindən istifadə edir. Romantik ünsürlər onun oyununda məişət boyaları, faciə ünsürləri isə yumor boyaları ilə uzlaşır, o, qəhrəmanlığı göstərmək üçün adilikdən, monumentallığı sezdirmək üçün təfərrüatdan istifadə edir. İlham dəqiqələrində biz səhnəmizin sönməz ulduzu Mərziyyə xanımın oyununda böyüklüyün sadəliyini və sadəliyin böyüklüyünü az görməmişik”.
Zəngin xarakterlər ustası olan görkəmli aktrisa 40 illik yaradıcılıq fəaliyyətində yüzlərcə rəngarəng, unudulmaz səhnə qəhrəmanları yaradıb. Bütün bunları beş-on günün içində deyil, sənətkarlığın yüksək pilləsinə addım-addım, əziyyətlə yüksəlib. Yaradıcılıq nailiyyətləri yüksək qiymətləndirilən M.Davudova 1933-cü ildə “Əməkdar artist”, 1936-cı ildə “Azərbaycan Respublikasının Xalq artisti”, 1949-cu ildə isə “SSRİ-nin Xalq artisti” fəxri adlarına layiq görülüb. Aktrisa 1956–1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (indiki Teatr Xadimləri İttifaqı) sədri vəzifəsində işləyib. Bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
Teatr səhnəsində, kino ekranlarında bir sıra möhtəşəm, yaddaşlardan silinməyən obrazlar qalereyası yaradan Mərziyyə Davudova 6 yanvar 1962-ci ildə Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2021.- 15
dekabr.- S.6.