“Söz
dünyasının günəşi”
Qəzetimizin “Nizami
Gəncəvi İli”nə həsr olunmuş
xüsusi buraxılışı çapdan çıxıb
Nizaminin 880 yaşı və Zəfərimizin ilk ildönümü. İllərin bir-birini belə tapması, təsadüf də olsa, yaşadığımız şanlı tarixin naxışı məhz belə olmalı idi. Çünki hər Zəfərdən sonra bir İntibah var. Qarabağ qalibiyyətli 2020-ci il də Nizami dühalı mədəniyyət ili ilə davam etməli idi.
Bu sözlər “Mədəniyyət” qəzetinin “Nizami Gəncəvi İli”nə həsr olunmuş xüsusi buraxılışında qeyd olunub.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gələn 48 səhifəlik xüsusi buraxılış, dahi şairin yubileyinə töhfə olaraq, respublikamızda, eləcə də xarici ölkələrdə “Nizami Gəncəvi İli”nin mədəni mənzərəsini yığcam, məcmu halda diqqətə çatdırır.
Nəşr 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə açılır. Qeyd edilir ki, ədəbi-mədəni irs xalqı yaşadan dəyərdir. Dövlət başçısının mədəni irsə diqqət və qayğısı Azərbaycan ədəbiyyatının korifey simalarına münasibətdə də özünü ifadə edir. 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” kimi qeyd olunması və 2021-ci ilin “Nizami ili” elan edilməsi, mütəfəkkir şairlərimizin zəngin irsinin yaşadılması və təbliğinə əlavə zəmin yaratmaqla yanaşı, Azərbaycan xalqının çoxəsrlik tarixə malik mədəniyyətinin təntənəsidir.
Oxuculara ünvanlanan redaktor yazısında vurğulanır ki, Qarabağa Böyük Qayıdış təkcə insanlarımızın doğma yurdlarına dönüşü deyil, eyni zamanda bu torpaqlarda geniş anlamda mədəniyyətin yenidən bərqərar olması deməkdir. Mədəniyyət yalnız bu sahədə fəaliyyət, yaradılan əsərlər deyil. Mədəniyyət mədəni təfəkkür, insaniyyət, bəşəri dəyərlər və bu dəyərlərə sadiqlikdir. Azərbaycan xalqı bu dəyərləri hələ XII əsrdə Nizaminin misraları ilə dünyaya bəyan edib. Nizami irsinin çağdaş dünyaya layiqincə tanıdılması da ümumilikdə Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təqdimatının mühüm tərkib hissəsidir. Bu işdə hələ ötən əsrin 70-80-ci illərində mədəniyyətimizin böyük hamisi Heydər Əliyev müstəsna xidmətlər göstərib. Onun təşəbbüsü ilə 1979-cu ildə Nizami Gəncəvi irsinin öyrənilməsi, nəşri və təbliği ilə bağlı tarixi əhəmiyyətli qərarın qəbul edilməsi nizamişünaslığın inkişafına təkan verdi. 1981-ci ildə Nizaminin 840 illiyinin – dövrün konyunkturası ilə yuvarlaq sayılmayan yubileyin SSRİ miqyasında qeyd olunması Heydər Əliyevin vətənpərvərliyinin göstəricisi idi.
Ulu öndər artıq müstəqil Azərbaycanın rəhbəri olarkən həmin dövrü xatırlayaraq demişdi: “Nizami Gəncəvi elə bir şəxsiyyətdir, tarixdə, dünya mədəniyyətində elə bir iz qoyub getmişdir ki, onun yubileyi hər il keçirilə bilər... Bu, Azərbaycanı, onun tarixini bir daha dünyaya tanıtmaq üçün imkandır”.
Həqiqətən də, Nizami Azərbaycanı dünyada tanıdan ən böyük mədəni dəyərdir. Bu, dünən də belə idi, sabah da belə olacaq. Nizaminin dühası adı ilə şərəflənən 2021-ci il də bunun təsdiqidir.
Dahi şairin 880 illiyi çərçivəsində Mədəniyyət Nazirliyinin bilavasitə təşkilatçılığı, eləcə də yaxından iştirakı və dəstəyi ilə ölkəmizdə və onun hüdudlarından kənarda gerçəkləşən silsilə tədbirlər, təqdimat və layihələr xüsusi buraxılışda geniş şəkildə əhatə olunub.
Bu silsilədən ilk böyük tədbir 2021-ci ilin martında qardaş Türkiyədə TÜRKSOY-un dəstəyi ilə keçirilib. Nəşrdə TÜRKSOY-un Ankaradakı qərargahında, eləcə də İstanbulda Azərbaycan Mədəniyyət Nazirliyi və Milli Kitabxananın ilə birlikdə təşkil etdiyi Nizami ünvanlı rəsm və kitablardan ibarət sərgilər diqqətə çatdırılır. Həmçinin noyabr ayında təşkilat tərəfindən Türkiyənin müxtəlif şəhərlərində keçirilən konsert proqramları, eləcə də TÜRKSOY-un ingilis dilində nəşr etdiyi “Nizamini oxuyaq” (“Reading Nizami Ganjavi”) kitabı haqqında məlumat verilir.
“Dünyada “Nizami Gəncəvi İli” başlığı altında materialda Özbəkistan, Rusiya, Polşa, Misir, Ukrayna, Gürcüstan, Çin, İtaliya və digər ölkələrdə, UNESCO-da Mədəniyyət Nazirliyinin, digər qurumların dəstəyi, xaricdəki səfirliklərimizin, mədəniyyət mərkəzlərimizin təşkilatçılığı, yerli qurumların iştirakı ilə keçirilən çeşidli tədbirlərdən bəhs edilir.
1941-ci il
oktyabrın 19-da, İkinci Dünya
müharibəsinin qızğın çağında blokadaya alınmış Leninqrad
(indiki Sankt-Peterburq)
şəhərində, Dövlət Ermitajında Nizaminin 800 illik yubileyinə
həsr olunmuş toplantı keçirilmişdi. 80 il sonra eyni gündə
və məkanda Nizaminin 880 illiyi qeyd olundu. “Ermitajda tarixi yubileyin ildönümü”
adlı yazıda bu barədə söhbət açılır.
Əlamətdar ilin yaddaqalan layihələrindən biri
15-26 noyabr tarixində
Mədəniyyət Nazirliyi
və digər qurumların təşkilatçılığı
ilə Bakıda və böyük şairin yurdu Gəncədə reallaşan
Nizami Gəncəvi Beynəlxalq Festivalı idi. Xüsusi buraxılışda
festivalın rəngarəng
tədbirləri, həmçinin
festivalın və ümumilikdə “Nizami ili”nin ən
böyük tədbiri
– 15 ölkədən nümayəndələrin
qatıldığı Nizami
Gəncəvi Beynəlxalq
Forumunun əhəmiyyəti
bir daha diqqətə çatdırılır.
2009-cu ildə əsası
qoyulan və ənənəvi olaraq (iki ildən bir) Mədəniyyət Nazirliyi tərəfindən
təşkil olunan Bakı Beynəlxalq Kitab Sərgisi bu dəfə böyük söz ustadının 880 illiyinə
həsr edilmişdi. “Kitabla görüş yeri” başlıqlı
material 6–10 oktyabr tarixində
Nizami irsinin işığında keçən
sərginin çoxsaylı
tədbirlərini yada
salır.
Ölkəmizin kitabxanalarında Nizaminin zəngin irsinə həsr olunmuş yüzlərlə adda kitab toplanıb. Xüsusi
buraxılışda “Nizami
ili”nin nəşr layihələri, Dövlət
Tərcümə Mərkəzinin,
Özbəkistandakı Azərbaycan
Mədəniyyət Mərkəzinin,
AMEA-nın institutları
və digər qurumların çap etdirdiyi kitablar, şairin əsərlərinin
müxtəlif ölkələrdən
elektron nüsxələri
gətirilmiş əlyazmalarının
və miniatürlərin
Milli Kitabxanada sərgiləri, Milli Kitabxananın özünün
ərsəyə gətirdiyi
nəşrlər haqqında
da məlumat verilir.
Xüsusi
buraxılşın geniş
bir bölümü “Nizami Gəncəvi İli” münasibətilə
Bakı Şəhər
Mədəniyyət Baş
İdarəsinin, eləcə
də sairin yaşayıb-yaratdığı Gəncədən başlayaraq
Mədəniyyət Nazirliyinin
15 regional mədəniyyət idarəsinin tabe müəssisələrində, həmçinin Naxçıvanda
gerçəkləşən tədbir və layihələrə həsr
olunub. “Bölgələrimiz
“Nizami ili”nin
işığında” rubrikası
altında materiallar bu ilin, sözün
geniş anlamında, Azərbaycan mədəniyyətinin
bayramı olduğunu nümayiş etdirir.
İl ərzində
yaradıcılıq təşkilatlarının
Nizami Gəncəvi mövzusunda reallaşdırdığı
layihələr də
nəşrdə əhatə
olunub. Bəstəkarlar İttifaqının təşkil etdiyi qəzəl-romans müsabiqəsi,
“Nizami və musiqi” mövzusunda elmi konfrans və
konsertlər, Teatr Xadimləri İttifaqının
“Sənsiz” adlı bədii qiraət müsabiqəsi bu qəbildəndir.
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi
və Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq xalça eskizi müsabiqəsi, nazirliyin “Muzey eksponatının hekayəsini
sən danış. Nizami Gəncəvi”
müsabiqəsi, muzeylərin
konfrans, sərgi, kitab nəşri kimi “Nizami ili”nə
töhfə olan bir çox layihələri də xüsusi buraxılışın
səhifələrində yer
alıb.
Nizaminin həyatı, şair və mütəfəkkir
obrazı, Nizami sözü və irsi incəsənətdə
dərin iz qoyaraq təsviri sənətdən teatr, kino və musiqiyədək
müxtəlif sahələrdə
əksini tapıb, yaradıcı insanlara ilham verib. “Nizami Gəncəvi poeziyası miniatürlərdə”, “Müasir
təsviri sənətdə
Nizami mövzusu”, “Səhnədən keçən
irs”, “Azərbaycan bəstəkarlarının yaradıcılığında
Nizami mövzuları”,
“Nizami və kino” başlıqlı materiallarda bu barədə ətraflı
bəhs olunur.
Sözünün qüdrəti ilə poeziya zirvələrini fəth edən Nizami dünya ədəbi fikrinə adını “Xəmsə”
(beşlik) ilə əbədi həkk etdirib. “Sirlər xəzinəsi”,
“Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İskəndərnamə”
poema-məsnəviləri bəşəriyyəti
düşündürən, insanları ədalətə,
sülhə, xeyirxahlığa
səsləyən ideyalar
məcmusudur. “Əbədiyaşar
beş söz
– hikmət gövhəri”
adlı yazıda poemaların hər birinin yazılma tarixi, mövzusu, obrazları və s. haqqında yığcam məlumatlar diqqətə
çatdırılır. Bundan əlavə,
nəşrin hər səhifəsində Nizami
sözündən incilər
– “Xəmsə”dən beytlər
verilib. “Nizami Gəncəvi: özü və irsi illərdə” başlıqlı yazıda
isə şairin doğumundan 880 illik yubileyinədək tarixin salnaməsində qalmış
əlamətdar hadisələr
qeyd olunub.
Bu gün Azərbaycanda Nizami adına onlarla mədəniyyət,
elm-təhsil ocağı,
küçə və
parklar, eləcə də dünyanın bir sıra ölkələrində
mütəfəkkir şairin
abidələri, adını
yaşadan təhsil müəssisəsi və
mərkəzlər var. “Nizami
adına...” və “Dünyanı bəzəyən
Nizami abidələri” başlıqlı
materiallarda bu barədə söz açılır.
XIII əsrin əvvəllərində
Gəncədə, Nizaminin
qəbri üzərində
ilk məqbərə inşa
olunan vaxtdan bura elm və irfan əhlinin ziyarətgahına çevrilib,
təkcə yerli əhali üçün deyil, müxtəlif ölkələrdən nizamisevərlər
üçün müqəddəs
məkan hesab edilib. “Böyük dühanın əbədi
məkanı” adlı
yazı Nizami məqbərəsinin tarixi
haqqındadır.
Nəfis bədii dizaynda hazırlanmış “Nizami Gəncəvi 880” xüsusi buraxılışının səhifələri şairin əsərlərinə çəkilmiş məşhur miniatürlərdən siluetlərlə süslənib. Nəşrin üz qabığında şairin Bakıdakı möhtəşəm abidəsinin (heykəltəraş Fuad Əbdürəhmanov) doğan günəşin al şəfəqləri fonunda təsviri, arxa hissəsində isə qüdrətli söz ustadının 880 illiyi münasibətilə 14-16 oktyabr tarixində keçirilən “İşıq festivalı”nın – Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında əks olunan “Xəmsə” miniatürlərinin 3D proyeksiya təsvirləri verilib. Bununla da nəşrin ümumi tərtibat ideyası Nizami dühasının bəşəri düşüncəni hər zaman aydınladan tükənməz ziya olduğunu simvolizə edir.
Bu il 30 yaşını qeyd edən “Mədəniyyət” qəzeti, dövri nəşri ilə yanaşı, ölkəmizin ictimai-mədəni həyatında müstəsna əhəmiyyət kəsb edən hadisələrlə bağlı xüsusi buraxılışları, tematik əlavələri ilə də oxucuların görüşünə gəlir. “Azərbaycan Xalq Cümhuriyyəti İli” (2018) və “İmadəddin Nəsimi İli”nə (2019) həsr olunan xüsusi buraxılışlar da bu qəbildəndir. “Nizami Gəncəvi İli”nə töhfə olan buraxılışın da oxucular ərəfindən maraqla qarşılanacağına ümid edirik.
Qeyd edək ki, xüsusi buraxılış respublikanın mədəniyyət müəssisələri, yaradıcılıq təşkilatları, bir sıra dövlət qurumları, eləcə də aparıcı elm və təhsil müəssisələri, kütləvi informasiya vasitələri, kitabxanalar üzrə paylanılıb. Nəşr elektron (pdf) formatda “Mədəniyyət” qəzetinin saytında da (https://medeniyyet.az/files/medeniyyet_42_1639408019.pdf) yerləşdirilib və istifadə üçün açıqdır.
Mədəniyyət
Mədəniyyət.-
2021.- 15 dekabr.- S.7.